Ankarada diplomatımız döyüldü Hadisə

Ankarada diplomatımız döyüldü

Azərbaycan Türkiyədəki səfirliyi: "Polislər diplomatımızı təhqir edib, ona fiziki güc tətbiq olunub"

"Türkiyənin Ankara şəhərində bu il martın 29-da Azərbaycanın Türkiyədəki səfirliyinin diplomatı, səfirliyə məxsus diplomatik dövlət nişanlı rəsmi avtomobillə ailə üzvləri ilə birlikdə yolda gedərkən hər hansı bir qayda pozuntusu olmamasına baxmayaraq, polislər tərəfindən kobud sürətdə dayandırılıb". Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, polislər diplomatı təhqir ediblər: "Polislər səviyyəsiz sözlərlə diplomatımızı təhqir edib, ona qarşı Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına tamamilə zidd bir şəkildə davranılıb, polislər tərəfindən güclü fiziki güc tətbiq olunub. Məsələ ilə bağlı həmin gün Türkiyə XİN-ə nota ünvanlanıb, DİN-də polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı, Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılıb. Proses hazırda davam etməkdədir. Azərbaycanın Türkiyədəki səfirliyi məsələni yaxından izləməkdədir".
Qeyd edək ki, bu gün Türkiyənin "Milliyet" və "Vatan" qəzetlərində Ankarada polislə Azərbaycanın Türkiyədək səfirliyinin əməkdaşı arasında insident olması barədə xəbər dərc olunub.
Məlumatda qeyd olunub ki, Ankarada polis yol hərəkəti qaydalarını pozan azərbaycanlı diplomata aid avtomobili saxlayıb. Polisin sənəd tələb etməsindən sonra tərəflər arasında problem yaşanıb. Sənədləri təqdim edən azərbaycanlı diplomat maşının və onun özünün diplomatik qaydalara əsasən saxlanıla bilməyəcəyini bəyan edib. Ancaq polislər diplomata nəqliyyat vasitəsini müvafiq prosedurları həyata keçirmədən buraxmayacaqlarını bildiriblər.
Bundan sonra Azərbaycanın Türkiyədəki səfirliyi Xarici İşlər Nazirliyi ilə əlaqə yaradaraq hadisə barədə məlumat verib və diplomatın maşınının saxlanılması barədə şikayətçi olduğunu söyləyib. Türkiyə XİN isə hadisə barədə Daxili İşlər Nazirliyini məlumatlandırıb. Nazirlik yetkililəri isə öz növbəsində səfirliklə əlaqə yaradaraq məsələnin araşdırılacağını söyləyib, diplomatdan üzr istəyiblər. Qəzetlərin yazdığına görə, Azərbaycan səfirliyi şikayətini geri götürüb.