“İŞİD-in İslamla heç bir əlaqələri yoxdur” Hadisə

“İŞİD-in İslamla heç bir əlaqələri yoxdur”

Hacı Şahin Həsənli: "Onları hansısa məzhəbə aid etmək həmin məzhəbi təhqir etməkdir"
Vüqar Zifəroğlu: "Hazırda ərəb dünyası sünni-şiə qarşıdurması adı ilə ortaya çıxa biləcək qanlı iç savaşla üz-üzədir"

İraqı qan gölünə çevirən "İraq Şam İslam Dövləti"nin (İŞİD) lideri Əbubəkr əl Bağdadi yeni yayılan müraciətində dünya müsəlmanlarına cihad çağırışı edib. Adını İslam dövləti olaraq dəyişdirən və Əl Bağdadini də xəlifə elan edən təşkilatdan yeni bir açıqlama gəlib. İnternetdə yayılan müraciətdə dünyadakı bütün müsəlmanları "İslam dövləti"nə köç etməyə çağıran Əl Bağdadi deyib ki, İslamın evinə gəlmək şərəfdir. Bundan başqa ispanca danışan 2 terrorçu "Allahın icazəsi ilə babalarımızın torpaqlarını təkrar geri götürəcəyik" iddiası da yer alıb. Videoda müqəddəs torpaqlarda olduqlarını bəyan edən 2 terrorçu İspaniyanı təhdid edərək, Cakartadan İspaniyaya qədər İslam bayrağını dalğalandıracaqlarına and içirlər. Suriyada çəkildiyi iddia edilən video İspaniyada böyük əks-səda yaradıb. Ölkə televiziyaları bu görüntüləri yayaraq İspaniyanın radikal İslam təhdidi altında olduğuna diqqət çəkiblər. Yerli qəzetlər isə İŞİD-in xəbərdarlığının ciddiyə alınmasını tövsiyə ediblər. İspaniya Daxili İşlər Nazirliyinin ötən ay verdiyi açıqlamaya görə, ölkə daxilində hər ay təxminən 50 adam Türkiyə üzərindən Suriyaya keçir.
BMT-nin açıqlamasında isə bildirirlir ki, İŞİD terror qruplaşmasının yaraqlıları öz sıralarına azyaşlı uşaqları qəbul edərək onlara 200 dollar maaş da verirlər: "Məlumata görə İŞİD qüvvələri döyüşlər zamanı hələ heç 8 yaşı belə olmayan uşaqlardan istifadə ediblər. Bu uşaqlar da onlarla vuruşan böyüklər kimi 35,000 Suriya funtu (200 dollar) müavinat alır, eləcədə cihad döyüşçüləri kimi hərbi və ideoloji hazırlıqdan keçirlər".
Bütün bu vəhşiliklərə rəğmən dünya dövlətəri və bir sıra güc mərkəzləri İŞİD-in sadəcə seyr etməklə məşğuldurlar.
İlahiyyatçı, Məşədi Dadaş Məscidinin imam-cüməsi Hacı Şahin Həsənli deyib ki, çox yalnış və məqsədli şəkildə İŞİD-i sünni təşkilatı kimi qələmə verirlər. Onun sözlərinə görə, bununla müsəlman dünyasında məzhəblərarası qarşıdurma görüntüsü yaradırlar. Hacı Şahin bildirib ki, istər İraq, istərsə də digər müsəlman ölkələrindəki şiə və sünni alimləri Kərbəlanın qorunmasını müsəlmanların başlıca vəzifəsi hesab edirlər. İlahhiyyatçı qeyd edib ki, Türkiyənin sünni məzhəbinə aid olan tanınmış alimləri də Nəcəf və Kərbəlanın dağıdılmasının yolverilməz olduğunu bildirirlər. Şiə alimlərinin də eyni fikirdən çıxış etdiyini deyən ilahiyyatçının sözlərinə görə, məzhəbindən asılı olmayaraq bütün müsəlman alimlərinin İŞİD-ə qarşı münasibətləri birmənalıdır: "Lakin hansısa qüvvələr İŞİD-i dünya ictimaiyyətinə sünni təşkilatı kimi təqdim etməyə çalışırlar. Məsələn, başa düşmürəm, məgər Həzrəti Əli, İmam Hüseyn əleyhissalam təkcə şiələrə aiddir? Hansı sünni Həzrəti Əli, yaxud İmam Hüseynin məzarının dağıdılmasına razı olar? İmam Hüseyn peyğəmbərimizin doğma nəvəsidir. Sünni mərhəbi heç vaxt İŞİD-in bu cür hərəkətinə bəraət qazandırmaz. Çünki istər şiə, istər sünni və bütün müsəlmanlar peyğəmbər və onun "Əhli-Beyt"inə hörmətlə yanaşırlar. İŞİD-in heç bir məzhəbi yoxdur. Təşkilat məqsədli şəkildə özünü sünni adlandıraraq müsəlman dünyasında məzhəblərası qarşıdurma yaratmaq niyyəti güdür. Birmənalı şəkildə bu belədir. İŞİD və bu tip qruplaşmaların İslamla heç bir əlaqələri yoxdur. İslam dinində insanın diri-diri başını kəsmək, diri-diri yandırmaq, körpəyə, qocaya rəhm etməmək kimi hökmlər yoxdur. Bu necə din ola bilər ki, etiqadına görə insanı "öldür" desin? Yaxud hansısa fərqli düşündüyünə görə, başını kəsməyə icazə versin? Bunlar nəinki dinə, heç elementar insani hisslərə, humanist prinsiplərə zidd addımlardır. Ona görə də İŞİD kimi qruplaşmaların İslama heç bir aidiyyatı yoxdur. Onları hansısa məzhəbə aid etmək həmin məzhəbi təhqir etməkdir".
Politoloq Vüqar Zifəroğlu isə bildirdi ki, Qərbin də baş verənləri sadəcə qınamasının kökündə məhz Türkiyənin yanacaq məsələsi ilə bağlı son dövrlərdə ciddi aktivlik göstərməsi hesab olunmalıdır: "Qərb eyni zamanda, Maliki iqtidarına da göz dağı verir. İranla yaxınlaşma və hətta az qala siyasi ittifaqa girməyi okeanın o tayında bağışlaya bilməzdilər. Türkiyənin İranla yaxınlaşması, ard-arda düzənlənən səfərlər və İraqın Şimalında yanacaqla bağlı Türkiyənin əldə etdiyi dividendlər, Qərbin hesabları ilə üst-üstə düşmür. Qərb eyni zamanda Ankaranın Əsəd rejimi ilə mübarizədə bəzi İslami silahlı qruplaşmaların fəaliyyətinə göz yumduğunu və hətta onları bəzən altdan dəstəklədiyini də bağışlamaq istəmir.
Məsələn, bu günlərdə məşhur "Esonomist" dərgisinin İŞİD-in İraqdakı irəliləməsini "Zamanında Türkiyənin Bəşər Əsədə qarşı olduğu üçün keçən ilə qədər qruplaşmanın aktiv fəaliyyətinə göz yumması" ilə əlaqələndirməsinə diqqət çəkmək kifayətdir. Rasmussenin yuxarıda təqdim etdiyimiz mövqeyi də, faktiki olaraq Türkiyəni yeni bir Yaxın Şərq macərası ilə üz-üzə qoymaq mənasını daşıyır. Lakin Türkiyənin hazırda Şimali İraqa girməsi, bir tərəfdən həmin ərazilərdə və tarixi türk torpaqlarında öz gücünü ortaya qoyması kimi qiymətləndirmək mümkünsə, digər tərəfdən ağır və istər iqtisadi, istərsə də siyasi nöqteyi nəzərdən potensialının böyük hissəsini sovuracaq bataqlığa saplana bilər. Nəticədə sürətlə "Əfqanıstanlaşan" Suriya-İraq bölgəsi Türkiyənin "Pakistanlaşması" ilə nəticələnə bilər".
Onun fikrincə, əslində baş verənlərə yanaşma fərqliliklərini nəzərdən keçirtdiyimiz və maraqların kəsişmə nöqtələrinə diqqət etdiyimiz zaman çox gülünc bir mənzərə ilə qarşılaşmış oluruq: "Bölgədə iştirakçı olan və marağı olan bütün qüvvələr İŞİD faktoru ilə biri-birilərini fakt qarşısında qoyduqlarını, bir növ göz dağı verdiklərini düşünürlər".
O, həmçinin əlavə etdi ki, ərəblərdə məzhəb fərqliliyi istər sosial, istərsə də siyasi sferada önəmli və prinsipial əhəmiyyət daşımaqdadır, baxmayaraq ki, XXI əsrdir və İslam dünyası Yaxın Şərqin timsalında hələ bu qədər zəif və acınacaqlı duruma düşməyib: "Hazırda ərəb dünyası sünni-şiə qarşıdurması adı ilə ortaya çıxa biləcək qanlı iç savaşla üz-üzədir.
Belə ki, İŞİD-in radikal təkfirçi qüvvə və terror fəaliyətində olmasına rəğmən özünü məhz bu gün sünni ərəblərin hərbi və siyasi gücü kimi təqdim edir, bununla da nə zamansa "Baas"ı dəstəkləmiş olan aktiv İraq və Suriya sünni ərəblərin dəstəyini qazanır. Bu isə öz növbəsində məzhəb savaşını qaçılmaz edir. Ələlxüss İran və Suriya faktoru səbəbi ilə. Sünni ərəblərin Bağdad-Şam-Tehran ittifaqına qarşı olduqları bilinən həqiqətdir. Hazırda sünni ərəblər özlərini təcrid olunmuş hiss edirlər. Onlar İraqda siyasi sistemin içində yer almırlar, Suriyada isə kütləvi şəkildə şiddətə məriz qalır, qırılırlar. Bu faktorlar narazılığı artırır və İŞİD-dən bir xilaskar obrazı yaradır, bu yanaşma nə qədər yanləş olsa belə. İŞİD isə, onların təmsilçisi kimi çıxış etmək səlahiyyətini həvəslə öz üzərinə götürmüş olur".
O, həmçinin əlavə etdi ki, Yaxın Şərqdə baş verən proseslər aparıcı ərəb ölkələrinin də biri-biriləri ilə rəqabəti və bölgədə dəstəkləri qruplaşmaların qarşıdurmaları baxımından özünəməxsus rəng alır: "Bu əsasən məlum "ərəb baharı" hadisələrindən sonra açıq müstəviyə keçdi və ilk dəfə Səudiyyə Ərərbistanı-Qatar timsalında özünü Misirdə göstərdi: "Burda bir vacib məqamı vurğuamaq istərdik. Aparıcı ərəb ölkələri oyunu quran qüvvə olaraq Qərbi (yəni, ABŞ-ı) birmənalı şəkildə bölgəyə nüfuz edən güc olaraq qəbul etsələr də, digər aktyorların məsələn, Türkiyə (Osmanlıya ümumərəb antipatiyası səbəbi ilə) və İranın (şiə məzhəbi faktoru səbəbi ilə) aktivliyini həzm edə bilmirlər. Bu səbəbdən lazım olan anda qurduqları oyunu koordinasiya etdikləri kimi (məsələn, Suriyada Əsədə qarşı olduğu kimi) öz aralarındakı rəqabəti də unutmurlar.
İŞİD "Əl-Qaidə"nin şinelindən çıxan bir qüvvə olsa da, ikincilərin Suriya cəbhəsində aktiv quplaşması olan ən-Nusra ilə rəqibdirlər. Səudiyyə Ərəbistanı isə, əsas müttəfiqi olan ABŞ-ın bu qruplaşmaları heç birini həzm etmədiyi halda, digər ərəb ölkələrinə, o cümlədən öz varlığına təhdid təşkil edən qruplaşmalar və islami siyasi birliklərə qarşı bu qüvvələri dəstəkləməkdədir. Məsələn, Misirdə Qatarın arxasında durduğu və bütün ərəb dünyası üçün ciddi siyasi güc olaraq ortaya çıxa biləcək "İxvanül Müslimin"ə qarşı Səudiyyə Ərəbistanının sələfi gücləri irəli çəkdiyini yadımıza salaq. Xatırladırıq ki, məhz sələfi qüvvələrlə ixvançıların münasibətləri pozulduqdan sonra Sisinin Misir iqtidarına yolu açıldı və bu gün o, artıq həmin ölkənin prezidentidir.
Maraqlar tələb edir ki, Səudiyyə Ərəbistanı İran və Livana qarşı qeyri-rəsmi olsa da Suriyada Ən-Nusra qruplaşmasını dəstəkləsin. Görünür eyni maraqlar İraqda da "nusra"ya rəqib İŞİD-a dəstək verməyi tələb edir. Hazırda İraqda baş verən dramatik hadisələrdən düz 5 ay əvvəl orada saxlanılan bir İŞİD döyüşçüsünün dindirmələr zamanı söylədikləri maraq doğurmaya bilmir. O, hələ o zaman ifadəsində göstərirdi ki, Səudiyyə Ərəbistanı İŞİD-a İraqa hücumlar təşkil etməsi üçün 150 milyon dollar və silah dəstəyi verib".
Politoloq Natiq Miri isə hesab edir ki, heç bir terror təşkilatı özbaşına fəaliyyət göstərmir. İdeologiyası nə olursa-olsun, bütün qruplaşmaların arxasında maraqlı qüvvələr və güclü maliyyə resursları dayanır: "İŞİD çox güclü maliyyə ilə dəstəklənir. Çünki əks təqdirdə, İraqın 20 faizdən çoxunu ələ keçirə bilməzdi". Hadisənin təxribat olduğunu deyən politoloqun sözlərinə görə, sözügedən terror təşkilatı İraq ordusu ilə müəyyən razılığa gəlib. Yoxsa, böyük şəhərlər çox asanlıqla ələ keçirilə bilməz: "Burada xarici və daxili qaranlıq güclərin konkret hədəfləri var. Hansısa ərəb dövləti ilə yanaşı, İŞİD-in arxasında İsrailin ola biləcəyi də istisna deyil. Çünki bu kimi təşkilatlar böyük maliyyənin müqabilində istənilən ölkənin geo-strateji maraqlarını müdafiə edə bilər. Təşkilata dini don geyindirmək məsələnin görünən və aldadıcı tərəfidir. Çeçenistan və Dağıstanda fəaliyyət göstərən radikal dini qruplarda da vəziyyət bu cürdür. Onlar da xarici güclərin sifarişini yerinə yetirirlər". Natiq Mirinin sözlərinə görə, indiki şəraitdə İŞİD-in arxasında konkret hansı dövlətin durduğunu demək bir qədər çətindir: "Məsələn, versiyalardan biri ABŞ-dır. Guya ABŞ Türkiyə-İran yaxınlaşmasına mane olmaq niyyətindədir. Ancaq mən buna ehtimal vermirəm. Çünki artıq ABŞ-la İran arasında ikitərəfli əlaqələr normallaşır. ABŞ regionda Türkiyə ilə yanaşı, İran faktorunu da qabardaraq güc balansı yaratmaq istəyir".

Əli