Azərbaycan XX yüzilin əvvəllərində Hadisə

Azərbaycan XX yüzilin əvvəllərində

Hüseyn Baykara

2-ci yazı

Dünənə kimi uşaqları üçün ana dilində məktəb açmaq imkanı olmayan, qəzet nəşr etdirə bilməyən, seçki hüququ məhdudlaşdırılan və daha bir sıra haqları əlindən alınan bir xalqın birdən-birə nailiyyətlər əldə etməsi çar höküməti üçün gözlənilməz bir sürpriz oldu. İnqilaba qədər bütün hüquqlardan məhrum olan türklər artıq nümayəndələrini imperatorluğun daxili işlər nazirliyinin qəbuluna göndərir, öz haqlarının, hüquqlarının tanınmasını israrla tələb edirdilər. Bu nə deməkdir?..
Buna II Nikolay, saray əyanları, nazirlər, generallar necə dözürdülər? Necə səbr edirdilər?
Bu hadisələr Qafqaz müsəlmanlarının apardıqları açıq bir milli azadlıq mübarizəsi idi... Rus imperiyasının zəiflədiyi bir vaxtda Qafqaz xalqlarını inqilabdan uzaqlaşdırmaq üçün tezliklə tədbir düşünmək lazım idi. Beləliklə, onlar belə bir tədbirə nail oldular. Çar Qafqazda olan yüksək məmurlarına gizli şəkildə göstəriş verir. 1905-ci ildə erməniləri müsəlmanlara qarşı qırğına sövq etdirir.
Ə.Topçubaşov çalışırdı ki, xalqın istəklərini həyata keçirə bilsin. O, xalqın siyasi azadlıq əldə etməsi üçün çalışdığı kimi, Rusiyada yaşayan başqa müsəlmanlarla da yaxından əlaqə saxlayırdı. Bununla Ə.Topçubaşov "panislamist" siyasətini həyata keçirmək fikrində deyildi, bu bir taktiki ehtiyac idi. Ə.Topçubaşov Kazan, Krım, Türküstan, Dağıstan və Şimali Qafqaz vilayətlərində yaşayan müsəlmanların azadlığını, az da olsa siyasi hüquqlara nail olmasını, müsəlmanların birləşərək öz azadlıqları uğrunda mübarizə aparmalarını istəyirdi və bunun üçün də yorulmadan çalışırdı. Ə.Topçubaşovda Ə.Ağayevin geniş və dərin teoretik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və anlamışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi. Bu məqsədlə yazılan və Bakıda tanınmış ziyalıların, tacirlərin, kənddən gələn (torpağı olmayanlar da gəlirdi) nümayəndələrin məclisində yekdilliklə qəbul edilən rus hökumətinə veriləcək "Haqq istəyi" layihəsini göstərə bilərik.

***
Həmin dövrdə qraf Vorontsov Qafqaza canişin təyin edildi. Əlimərdan bəy Topçubaşov qrafın hüzuruna gedib "Həyat" qəzetinin nəşri üçün icazə aldı. Beləliklə, qəzetlə əlaqədar olaraq Əlimərdan bəy Rəşid əfəndi cənablarını ziyarət etdi. Rəşid əfəndi məmnuniyyətlə "Həyat" qəzeti ilə əməkdaşlıq etməyə razılıq verdi.
Bir müddət sonra Krım vəkilləri də gəldilər. Vəkillər iki-iki, üç-üç toplaşaraq onları maraqlandıran mövzular ətrafında müzakirələr edirdilər. Beləliklə, ümumi bir konqres çağırmaq fikri o zaman qəbul edildi. Bütün bu hadisələr 1905-ci il mart-aprel aylarında cərəyan edirdi.
Çistaydan gəlmiş vəkillər arasında Zakir Həzrət oğlu İbrahim əfəndi Şövkət də var idi. İbrahim əfəndi Şövkət bacısı Aliyə xanımın mayın 20-də olacaq nigah məclisinə Peterburqa gəlmiş vəkillərin hamısını dəvət edir. Onun əsas məqsədi məclisdə Ümumrusiya müsəlmanlarının vəziyyətinə dair məsələləri müzakirə etmək idi.
Əlimərdan bəy "Həyat" qəzetinin nəşrinə başlamaq və qafqazlıları bu məclisə dəvət etmək üçün Peterburqdan geri dönür. Bu səbəbdən məclisin mərkəzi yarmarkada keçirilməsi qərara alınır. Əlimərdan bəy geri dönərkən bu məclisə gələcəyinə söz verir" (M.C.Biqi. İslahat əsasları, səh. 8-11).
"Həyat" qəzeti nəşrə 1905-ci ilin iyulundan başlamışdı. 1905-ci il inqilabının Azərbaycan türklərinə gətirdiyi mətbuat "Həyat"la başlamış, bunu 1906-cı ilin aprelində "Molla Nəsrəddin" jurnalı davam etdirmişdi. İnqilabdan istifadə edən türklər hər şeydən öncə ruslaşdırma siyasətinə, türk torpaqlarına rus kəndlilərinin köçürülməsinə qarşı öz etirazlarını bildirirdilər. Həmçinin tələb edirdilər ki, məktəblərdə dərslər ana dilində - türkcə aparılsın.
1870-1884-cü illərdə çar fərmanı ilə türklər üçün tərtib olunan dərsliklərdə açıq-aşkar ruslaşdırma siyasəti öz əksini tapırdı. M.C.Biqi bu barədə belə deyirdi: "Sular axdı, vaxt keçdi, əsrlər ötdü, nəhayət, tarixin hökmü ilə Rusiya 1905-ci il oktyabr günlərinə yetişdi. Oktyabrın 17-də azadlıq fərmanı elan edildi. Heç bir millətin dininə, məktəbinə, mədrəsəsinə, məscidinə, ərazisinə toxunmamaq prinsipi çarın fərmanında öz əksini tapdı. Dövlət qaydaları yeni və sağlam əsaslar üzərində yaradıldı... Nəhayət, 1906-cı il yanvarın 14-də maarif naziri qraf İvan Tolstoyun raportu ilə "yabançı" millətlərin ibtidai məktəbləri haqqında 37 maddədən ibarət nizamnamə imperator həzrətlərinin fərmanı ilə təsdiq olundu. 1906-cı il martın 31-də isə çarın fərmanı Maarif Nazirliyi tərəfindən elan edildi. Nizamnamədə olan maddələrdən bəzilərini aşağıda qeyd edirik:
Maddə 2 – Yabançı millətlərin ibtidai məktəbləri, fikir, əxlaq, məişət cəhətindən o xalqın tərəqqisinə, həm dil, həm də adət baxımından ruslarla yaxınlaşmalarına xidmət etmək məqsədilə təsir olunmalıdır.
Maddə 13 – Yabançı millətlərin dərs kitabları həmin xalqın dilində rus hərfləri ilə nəşr olunmalıdır. Hər hansı bir xalqın milli əlifbası varsa, dərs kitabları həm milli, həm də rus əlifbası ilə nəşr olunmalıdır.
Maddə 21 – Xristianlığı təbliğ edən kilsə mahnılarının digər millətlərin qəlbinə yol tapması üçün bütün məktəblərdə kilsə mahnıları oxunmalıdır. Kilsə mahnıları həm rus dilində, həm də milli dildə oxuna bilər. Başqa mahnılar isə rus dilində oxunmalıdır.
Maddə 27 – Yabançı millətlərin məktəblərində, mədrəsələrində kilsə mahnıları lazım olmasa da, digər millətlərin uşaqlarına əxlaq tərbiyəsi vermək məqsədilə mahnılar həm rus, həm də ana dilində öyrədilməlidir.
Əgər yabançı millətlər övladlarına öz dini mahnılarını öyrətmək arzusunda olsalar, məktəb müdiri müavinindən icazə almalıdırlar" (M.C.Biqi. Eyni adlı kitabı, səh. 244-245).
Beləliklə, Birinci Rus inqilabının əsarətdə yaşayan türklərə bəxş etdiyi təhsil azadlığı (?) bunlardan ibarət idi.
İkinci Dumada Azərbaycan millət vəkili seçilən müəllim Mustafa Mahmudov Duma kürsüsündən yuxarıda qeyd etdiyimiz bəzi maddələrin türklərin təhsil azadlığını məhdudlaşdırdığını, ana dilində təhsilə izn verilmədiyini göstərdikdən sonra maarif büdcəsini tənqid edərək belə demişdi: "Biz, müsəlman müəllimlər maarif sahəsində hər hansı bir yeri almaqdan məhrum edilmişik. Bu vəziyyətdən maarif naziri heç utanırmı?.. Rus olmayan millətlər, xüsusilə türklər üçün maarif nazirliyi tərəfindən açılan məktəblər bomboşdur. Çünki Maarif Nazirliyi bu məktəblərdə müqəddəs olan bir şey qoymayıb. İnsanlıq adına nə varsa hamısı silinmiş, sökülüb atılmışdır". Mustafa Mahmudov sözünə davam edərək demişdi ki, "Rus dövləti Zaqafqaziyada yerləşən polis idarəsi üçün ildə 2.361.460 məbləğində pul ayırdığı halda, rus olmayan millətlərin təhsilinə cəmi-cümlətanı 114.000 manat pul ayırıb" (Duma protokolundan yazılanlar. 1907-ci il, səh. 165-166).
Ufa vilayətinin millət vəkili Həsənoğlu "Başqırd uşaqlarının və ümumiyyətlə 25 milyon türk xalqının məktəblərində tətbiq olunan yalançı dərs sisteminin aradan qaldırılması" təklifini irəli sürdükdə, Dumada olan rus millət vəkilləri hamısı bir ağızdan: "Rədd ol, get Türkiyəyə" – deyə qışqırırlar. Beləliklə, rus çarının fərmanından, Dumadan gələn səslərdən belə qənaətə gəldim: RUS ƏSARƏTİ VƏ RUS MÜSTƏMLƏKƏÇİLİYİ...
Dumada başqa türdilli millət vəkillərinin də istəkləri bir nəticə vermir, buna görə də bu barədə uzun-uzadı yazmaq istəmirəm.
Azərbaycan-türk və başqa türk xalqlarının Dumada irəli sürdükləri, üzərində durduqları, uğrunda mübarizə apardıqları türk məktəbləri və ana dilində təhsil məsələləri bu əsir xalqların gündəlik həyatlarında da aktual bir məsələ olmuşdu. 1906-cı ilin avqustunda Həsən bəy Zərdabinin, Nəriman Nərimanovun və başqa tanınmış türk pedaqoqlarının təşəbbüsü ilə Bakıda azərtürk müəllimlərinin ilk qurultayı toplanmışdı. Bu qurultayda ibtidai və orta rus-tatar məktəblərində azəri dilinin başqa fənn dərsləri kimi məcburi keçirilməsi, rus proqramının buna görə hazırlanması, kənd müəllimlərinin həyat şəraitinin yaxşılaşdırılması, Azərbaycanda xüsusi müəllim seminariyası təşkil edilməsi, qadınların təhsilinə əhəmiyyət verilməsi müzakirə edilmiş və bu istiqamətdə bəzi qərarlar həyata keçirilmişdi.
Gördüyümüz kimi Azərbaycan türkləri öz mədəni, sosial problemlərini həll etməyə çalışmış və siyasi hüquqları üçün mübarizəyə başlamışdı. Bu yolun xalqın azadlığa apardığını tarix sübut etdi... Əsarətdə yaşayan türklərin Birinci Dumada 46 millət vəkili vardı, İkinci Dumada bu sayı mühafizə etmişdilər. Üçüncü Dumada seçki qanununun türklər və sol partiyalar əleyhinə azaldılması üzündən türklərin millət vəkilinin sayı 10, Dördüncü Dumada isə 7 nəfər olmuşdu.
Birinci Dumada Azərbaycan millət vəkilləri Ə.Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov və başqaları idi. İkinci Dumada Fətəli xan Xoyski, Xəlil Xasməmmədov, İsmayıl Tağıyev, Mustafa Mahmudov, Zeynal Zeynalov idi. Onlar Bakı və Gəncə vilayətlərindən seçilmişdilər.
Xalqın bu dövrdə yazı dili, ədəbi dil məsələsi də çox düşündürürdü. Əli bəy Hüseynzadə "Tərəqqi" qəzetində dərc etdirdiyi "Yazımız, dilimiz və ikinci elimiz" başlıqlı yazısında Osmanlı ədəbi dilini qəbul edilməsini təklif edir və bu fikri müdafiə edirdi. Başda Cəlil Məmmədquluzadə və Sabir olmaqla onların ətrafına toplanan Abbas Səhhət, Firudin bəy Köçərli, Əbdürrəhman bəy Haqverdiyev Azərbaycan-türk ləhcəsinin ədəbi və yazı dilinə tətbiq edilməsi fikrini irəli sürür, bu istiqamətdə yazılar dərc etdirirdilər. Ziyalıların çoxu bu fikirlə razılaşırdılar. "Molla Nəsrəddin" jurnalı bu sahədə daha çox işlər və nailiyyətlər əldə edirdi. Osmanlı ədəbi dili nəinki təkcə Azərbaycan türkcəsinə, hətta Anadolu türk dialektinə belə yabançı idi.
Bu zaman ideologiya baxımından "Avropalılaşmaq, islamlaşmaq və türkləşmək" fikirləri ətrafında mübahisələr gedirdi. Bütün bu mübahisələrin ətrafında xalqın milli azadlıq hərəkatı dururdu. Azərbaycan azadlıq hərəkatını Azərbaycan türklərinin tərəqqipərvər və vətənsevər ruhundan gələn demokratik adət-ənənələrə bağlamaq istəyən ziyalılar çoxluq təşkil edirdilər. Zamanın yazıçıları, pedaqoqları, jurnalistləri və başqa sənət sahibləri bu yolu davam etdirirdilər. Əsasən bu sahədə Abdulla Şaiq, Süleyman Sani, N.Nərimanov və başqaları daha fəal çalışırdılar.

ŞİŞLİ–İSTANBUL
1975