İcbari Tibbi Sığorta - Azərbaycanda onun tətbiqi niyə ləngiyir? Hadisə

İcbari Tibbi Sığorta - Azərbaycanda onun tətbiqi niyə ləngiyir?

Gələn il üçün nəzərdə tutulsa da, icrası ertələnən icbari tibbi sığortanın (İTS) ölkə üzrə tətbiqi ilə bağlı Yol Xəritəsi hazırlanıb. Amma Yol Xəritəsinin üzərində iş yekunlaşmayıb, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "BBC News Azərbaycanca"ya deyib. İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi 2020-ci ilə saxlanıb.
Qurumdan bildirilib ki, növbəti ildə Yol Xəritəsində dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə uyğun hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam keçidi nəzərdə tutulub. "Maliyyə mənbələri sırasına dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə fondları aiddir. Sözügedən vəsaitlərin İTS Fondunda toplanması nəzərdə tutulub. Hazırda aidiyyəti qurumlarla müzakirələr aparılır",- Dövlət Agentliyindən deyilib.
Gələn ildən dövlət tibb müəssisələri icbari tibbi sığorta sisteminə hazırlanacaq. Qurum hazırlıq prosesindən bəhs edərkən deyir ki, bunun üçün dövlət tibb müəssisələri publik hüquqi şəxslərə çevrilməlidir, ilkin səhiyyə xidməti qurulmalıdır. Ancaq iş bununla bitmir, xidmət əsaslı ödənişə keçid üçün qeydiyyat sistemi və informasiya texnologiyaları infrastrukturu da yaradılmalıdır.
İcbari tibbi sığortanın tətbiqi gələn il üçün nəzərdə tutulmuşdu. Agentlik 2007-ci ildə yaradılsa da, 9 il sonra Mingəçevir, Yevlax və Ağdaşda pilot layihə kimi fəaliyyətə başlayıb. Hökumət icbari tibbi sığortanın 2019-cu ildə bütün ölkə üzrə tətbiq edilməməsini "buna vaxt lazım olması ilə" əsaslandırıb. Maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ilin büdcəsində icbari sığorta üçün 224 milyon manat ayrılıb, amma o, bu vəsaitin hazırlıq, yoxsa həm də sistemin tətbiqi üçün nəzərdə tutulduğuna aydınlıq gətirməyib. Maliyyə Nazirliyindən İTS-nin büdcəsinin niyə 14 dəfə artırılması barədə BBC News Azərbaycancanın sualını cavablandırmayıblar. İcbari Tibbi Sığorta Dövlət Agentliyinə dövlət büdcəsindən ötən il 24.5 milyon, 2018-ci ildə isə təxminən 37 milyon manat vəsait ayrılıb.