“...Konpensasiya verilməlidir” Hadisə

“...Konpensasiya verilməlidir”

Razi Abbasbəyli: "İnsanların yaşadığı yerləri söküb onları taleyin ümidinə buraxmaq olmaz"

Bakıda qeydiyyatsız evlərin sənədləşdirilməsinə başlanacağı ilə bağlı məlumat yayılıb. Bildirilir ki, bu problemin həll olunması və paytaxtda qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) belə tikililərin siyahıya alınması prosesini başa çatdırıb. Artıq 4 kateqoriya üzrə siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. BŞİH müvafiq qurumlarla birgə 1900-1950, 1950-1975, 1975-2000, 2000-2012-ci illərdə tikilən sənədsiz tikililərin siyahısını tərtib edib. Xəbərin BŞİH-də də təsdiqləndiyi bildirilir. Qurumdan o da bildirilib ki, sözügedən kateqoriyalar üzrə icazəsiz tikilən evlərin sənədləşdirilməsinə bu ilin sentyabrından başlanacaq.
Qeyd edək ki, Azərbaycanda 600-ə yaxın sənədsiz bina, 600 minə yaxın sənədsiz həyət evləri, o cümlədən, 30 mindən çox sənədsiz mənzillər var. Bunların böyük əksəriyyəti paytaxtdadır. Ekspertlərin açıqlamalarına görə, təkcə ötən il Azərbaycanda icazəsiz təxminən 4 min ev inşa edilib. Proqnozlara görə, bu il də bu cür evlərin sayında təxminən 4-5 min artım ola bilər. Təqribi hesablamalara görə, hazırda paytaxt Bakıda qeydiyyatsız evlərin ümumi sayı 510 mindən çoxdur. Həmin evlərdə 2 milyondan çox sakin yaşayır. Qeydiyyatsız evlərin sənədləşdirilməsi istiqamətində prezident İlham Əliyev 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə aidiyyəti qurumlara tapşırıqlar verdi. Həmin tapşırığa əsasən, aidiyyəti dövlət orqanları paytaxtda olan qeydiyyatsız tikililərin siyahısını dəqiqləşdirməli və onların sənədləşdirilməsi ilə bağlı proqram hazırlamalı idi.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib ki, bu prosesi BŞİH reallaşdırır: "Bu, bizlik deyil, Bakı Şəhər İcra Hakimiyyətinin işidir".
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətindən isə bildirilib ki, bununla bağlı quruma hər hansı rəsmi tapşırıq verilməyib.
Xatırladaq ki, 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini bəyan etmişdi. Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu: "Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər".
Onu da əlavə edək ki, bu istiqamətdə qanun layihəsi hazırlanıb. İlkin layihə "Mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələri üzərində hüquqların leqallaşdırılması haqqında" adlanır. Layihədə göstərilib ki, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik xətlərinin, metropolitenin, dəmir yolu qurğularının üzərində tikilmiş evlərə sənəd verilməyəcək. Eyni qadağa müdafiə obyektləri, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğuları, neft buruqları, avtomobil yollarının və suların mühafizə zolaqlarında yerləşən torpaq sahələrinə də aiddir. Həmçinin, sürüşmə zonası və onların üzərindəki evlər də sənəd ala bilməyəcək. Bura meşə və su fondu torpaqlarında, müdafiə təyinatlı torpaqlarda tikilən evlər də daxildir: "Neft və qaz yataqlarının işlənməsi, neftin, qazın hasilatı, nəqli üçün müvafiq təsərrüfat subyektinin qanuni istifadəsində olan torpaqlarda tikilən evlərin də sənədləşdirilməsi mümkün olmayacaq. Əgər həmin ərazilər neft hasilatına yararlıdırsa".
Ümumilikdə 10 maddədən ibarət layihədə qanuniləşdirilməsi mümkün olan və olmayan evlərin, torpaq sahələrinin dəqiq siyahısı göstərilib. Bir sıra mütəxəssislərin fikrincə, layihəyə dəyişikliklər və əlavələr olunmasa, sənədsiz evlərin böyük hissəsi yenə də sənədləşdirilməmiş qalacaq. Layihəyə əsasən, yaşayış evləri və ya torpaq sahələri üzərində mülkiyyət hüquqlarının leqallaşdırılmasını yeni yaradılacaq komissiyalar həyata keçirəcək. Bu komissiya leqallaşdırılmalı olan yaşayış evləri və torpaq sahələrinin inventarlaşdırılması nəticəsində müəyyənləşdirilməsini, zəruri sənədlərin toplanması və hazırlanmasını, habelə leqallaşdırma ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ilə məşğul olacaq. Yerli leqallaşdırma komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi, onların qərarlarından, habelə hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxılması məqsədilə mərkəzi leqallaşdırma komissiyası yaradılır. Yerli və mərkəzi leqallaşdırma komissiyalarının tərkibi və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu məsələ ilə bağlı baş nazirin müavini Abid Şərifov da danışıb. O, bildirib ki, böyük layihələrlə əlaqədar söküntü zonasına düşən evlər, istər sənədi olsun, yaxud olmasın, həmin evlər prezidentin tapşırığına əsasən söküləcək. O bildirib ki, həmin ərazilərdə yaşayan sakinlərdən heç bir sənəd istənilmədən konpensasiya ödənilir: "Evlər sənədləşmədiyinə görə, orda yaşayan insanları incitmək olmaz. Biz bir neçə ay müddətdə qanunsuz tikililərlə bağlı daha ciddi tədbirlər görməyi düşünürük. Eyni zamanda, sürüşmə zonasında da vətəndaşlara torpaq satırlar. Həmin vətəndaş buranın təhlükəli ərazi olduğunu bilmir. Bir müddətdən sonra vətəndaşın çəkdiyi xərc batır. İnsanların təhlükəsizliyini qorumaq üçün bu məsələni gündəmdə saxlayacayıq. Digər yandan bizim ayrı-ayrı qurumlarımız qanunları lazımı qədər bilmir. Bələdiyyələrin əksəriyyəti torpağın paylanması ilə bağlı çoxlu sayda səhvlərə yol verirlər. Biz bunun qarşısını almalıyıq, çünki bu cür qanunsuzluqların sonu görünmür. İlk növbədə, həm vətəndaşları, həm də qurumlarımızı maarifləndirmək lazımdır. Qanunlar ciddiləşməli, bununla da insanlar maliyyələşməlidir. Mən düşünürəm ki, insanlar qanunu bilə-bilə qanunsuzluğa yol verməzlər".
Məsələyə münasibətini açıqlayan iqtisadçı ekspert Razi Abbasbəyli isə diqqətə çatdırdı ki, elektrik xətlərinin, qaz borularının, dəmiryolunun və sair bu kimi strateji obyektlərin mühafizə zolağında inşa edilmiş mənzillər sökülməlidir: "Bununla belə hesab edirəm ki, Azərbaycan hökuməti söküntü işlərinə başlamazdan öncə infrastrukturun yenilənməsi variantlarını düşünməlidir. Məsələn Bakı və Abşeron yarımdasında yerləşən yüksək gərginliklə elektrik xətləri artıq istismar müddətini başa vurub. Belə elektrik xətlərinin mühafizə zolağında yerləşən mənzilləri sökmək yox, həmin xətlərin yerini dəyişərək təzələmək lazımdır. Hökumət təhlükəli ərazilərdə inşa edilmiş mənzillərə görə konpensasiya verməlidir. Əgər həmin mənzillərdə yaşayış varsa, nəzərə alınmalıdır ki, insanların yaşadığı yerləri söküb onları taleyin ümidinə buraxmaq olmaz. Bu çox ağır bir prossesdir. Bəzən bu mövzu müzakirəyə çıxarılanda hamı düşünür ki, təhlükəli ərazilərdə yalnız kasıbların gecəqonduları inşa edilib. Lakin kifayət qədər faktlar var ki, bu zonalarda minlərlə iri ticarət və iaşə obyektləri, həmçinin də bahalı villalar inşa olunub. Onların sahibləri isə heç də sıravi azərbaycanlılar deyil. Düşünürəm ki, hökumət bir qayda olaraq hamıya konpensasiya ödməli deyil. Yalnış yaşayış evləri üçün konpensasiya mütləq verilmələdir".

Əli