“Bakıda ancaq neft nuru deyil, maarif nuru da saçacaq” Hadisə

“Bakıda ancaq neft nuru deyil, maarif nuru da saçacaq”

Repressiya qurbanı Mədinə xanım Vəkilovanın hər addımı ciddi müşahidə altında idi...

II yazı

... Qəfildən çevriliş baş verdi. Milli Hökumət devrildi. Sovet hakimiyyəti elan edildi. Həmin vahiməli günlərdə qolu qırmızılı matroslar onların Qorçakovski küçəsindəki (indiki H.Z.Tağıyev küçəsi) mənzilinə də gəldilər və "Burjuysunuz, əmlakınız müsadirə olunmalııdır!"- hökmü ilə gözlərinə dəyən bahalı əşyaları yığışdırıb apardılar. Ev sahibəsinin: "Mən burjuy deyil, sadə bir xalq müəllimiyəm"- etirazına məhəl belə qoymadılar və Mədinə xanım bolşevizmin gerçək mahiyyətini ilk dəfə bilavasitə hiss etdi. Düz İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun qəbuluna getdi, bir müəlliməyə edilən bu qaba rəftarı danışdı. Doktor öz keçmiş tələbə yoldaşının dul qadınını yaxşı qarşıladı. Qoridəki seminariya illərini, Şəhriyar bəyin musiqi istedadını, şairlik qabiliyyətini, türk tələbələrinin sevimlisi olduğunu xatırladı, hökumət adından üzr istədi, əşyalarının hamısının qaytarılmasına sərəncam verdi. Ümidvar olduğunu bildirdi ki, Mədinə xanım türk qadınlarının savadlandırılması yolunda fəaliyyətini yeni bir qüvvə ilə davam etdirəcək.
Yeni hökumət mədəniyyətin və maarifin inkişaf etdiriləcəyini vəd edirdi. Mədinə xanım çoxdankı arzusunu - Tiflisdə Müqəddəs Nina məktəbi formasında bir Darülmüəllimat təsis edilməsi təklifi ilə xalq maarif komissarına müraciət edir. Bu təklif yaxşı qarşılanır. Böyük təcrübəsi olduğundan həmin işin təşkili məhz ona tapşırılır.
1920-ci il dekabrın 20-də Mədinə xanım Qiyasbəyli Darülmüəllimatın müdirəsi və müəlliməsi, əri yeni hökumət tərəfindən Nargində güllələndikdən sonra dul qalmış Gövhər xanım Usubova isə onun müavini təyin edilirlər. Bu təhsil ocağında Azərbaycanın hər yerində açılmalı olan qız məktəbləri üçün müəllimələr hazırlanacaqdı. Zarafat deyildi, bütün Şərqdə ilk dəfə məhz Bakıda, Azərbaycanda qızların öz dilində ali təhsil almaq imkanlarının təməli qoyulurdu. Bu iş Mədinə xanımın taleyinə yazılmışdı... Mədinə xanım buraya tanınmış qadın pedaqoqlardan Şəfiqə xanım Əfəndizadə, Xədicə xanım Ağayeva, Sara xanım Talışinskaya, Badusəba xanım Köçərli, Fatma xanım Topçubaşovanı cəlb etdi.
Darülmüəlliamatda eyni zamanda digər türk və müsəlman cümhuriyyətlərindən qızlar gəlib təhsil alırdılar. Bu məktəbin şöhrəti Azərbaycanın hüdudlarınadan uzaqlara yayılmışdı. Türkmənistanda, Özbəkistanda, Dağıstanda qız məktəbləri açılanda Mədinə xanımın təcrübəsindən istifadə edilmişdi. Tiflis şəhərində Türk Pedaqoji Texnikumu açılanda və onun müdriyyəti Bakıdan bir təcrübəli pedaqoq istəyəndə Az.SSR Baş Tərbiyə İdarəsi Mədinə xanımı məsləhət bilmişdi. Ancaq ailə vəziyyətinə görə getməmişdi. Onu Özbəkistanın Kokand şəhərində açılan darülmüəllimatın təşkilinə dəvət etmişdilər. Özbəkistan Xalq Maarif Komissarlığı Fərqanə vilayət maarif şöbəsi tərəfindən 1925-ci ildə göndərilən özbəkcə məktubda yazılmışdı: "Möhtərəm Mədinə xanım Qiyasbəyliyə! Azərbaycanın mərkəzi olan Bakı şəhərində oxuyan tələbələrdən alınan məlumata baxanda bizim Özbəkistan ölkəsinin mühüm vilayəti olan Fərqanəyə gəlməyiniz üçün imkan olduğu xəbərini aldıq. Məlumdur ki, Fərqanədə xalq maarifi təbii olaraq aşağı vəziyyətdədir. Xatınqızlar maarifi isə daha acınacaqlı haldadır. Vilayət maarif şöbəsi var qüvvəsini və səyini xatın-qızların təhsili yolunda sərf etməyi qərara alıb. Xatın-qız maarifinə başçılıq edəcək orta məktəb müdirləri təyin etmək üçün oxumuş qızların yoxluğu hamıya aydındır. Sizin Fərqanəyə gəlmək imkanınız varsa, bu haqda vilayət maarif şöbəsinə razılığınızı bildirmənizi xahiş edirik. Məsləhət bildiyiniz müəllimləri özünüzlə birlikdə gətirsəniz, şad olarıq".
Taledənmiş kimi, Mədinə xanım bu təklifdən də boyun qaçırmışdı.
...Darülmüəllimatın məzunu olan şairə Mirvarid Dilbazi "Bənövşələr üstə göz yaşları" kitabında Mədinə xanımı "ucaboylu, müdrik, sözü şax deyən, çox mütaliəli, ziyalı bir qadın", - deyə xatırlayır. Çox zövqlə geyindiyini, qısa vurulmuş saçlarını son moda ilə daradığını qeyd edir.
Mirvarid xanımın xatirələrindən: "1920-ci il aprel-may aylarını Mədinə xanım bir ay babam Mustafa ağanın evində qonaq qaldı. Biz bacım Yaqutla kənd məktəbində oxuyurduq. Qori Seminariyasında oxuyan dayımın (Yasin bəy Miralayev nəzərdə tutulur-İ.U.) zəngin kitabxanası vardı. Mədinə xanım rus klassiklərini mütaliə edirdi. Hərdən bizə nağıl danışar, bizi oxudar, yazdırar, hesabdan məsələlər verərdi...
Mədinə xanım kənddə çox sadə geyinərdi: ayağında sandal, əynində qara paltar, başında qara kəlağayı... Çox zaman bizi yanına alıb Damcılı bulağa çıxardı. Evimizin dalındakı çiçəkli, güllü , bənövşəli, yaşıl təpənin daşları üstündə otuurub fikrə dalardı..."
Sonralar Azərbaycanın tanınmış ziyalı qadınlarından olan Mirvarid xanımın, onun bacısı Yaqutun, Kazım ağa Paşayevin qızı Pərin xanımın Bakıya oxumağa getməsinin səbəbkarı Mədinə xanım olmuşdu. Yaqut, Mirvarid, Mədinə xanımın qohumu Ziba burada onun evində qalırdılar. Mədinə xanım Darülmüəllimatın ilk tələbə kontingentini çox çətinliklə yığmışdı. Təkbaşına qəzalara yollanmışdı. Belə nüfuzlu ailədən olduğundan, nüfuzlu familiyanı daşıdığından valideynlər qızlarını bu gəlinə etibar etməyə bilmirdilər. Bu minvalla Bakıya rayonlardan 30-a yaxın yeniyetmə qız gətirə bilmişdi. Darülmüəllimatda Mədinə xanıma beş otaq verilmişdi. Otaqlar sadə, ancaq zövqlə bəzədilmişdi. Yaraşıqlı salona hər axşam ziyalılar toplaşardı.
Darülmüəllimatın ilk buraxılışı 1924-cü ildə oldu. Milli tariximizdə qızlardan ibarət bu ilk müəllimə dəstəsinə- ilk qaranquşlara uğurlu yolu Mədinə xanım arzuladı. Həmin buraxılış gecəsində çoxlu qonaqlar gəlmişdi. Darülmüəllimatın qızları öz qüvvələri ilə Mirzə Cəlilin "Ölülər"ini tamaşaya qoymuşdular. Qızların səhnə məharəti dəfələrlə alqışlarla qarşılandı....
1926-cı ilin sentyabrında Mədinə xanımı köhnə ziyalı nəslinə mənsub olduğuna görə müdirəlikdən götürürlər. Onun yerinə partiyaçı Mina xanım Mirzəyeva təyin edilir. Lakin Mədinə xanım rus dili müəlliməsi kimi seminariyada qalır. Məktəbin adı dəyişdirilib "Pedaqoji Texnikum" qoyulur.
1926-sı ildə şəhərdəki oğlan və qız pedtexnikumları birləşdirildikdə, o, burada bir sıravi müəllimə kimi fəaliyyətini davam etdirməyə razılaşmışdı.
1928-ci ildə onu Pedtexnikumun binasındakı otaqlarınadan çıxarıb Proletar küçəsindəki ikiotaqlı mənzilə köçürürlər. Mədinə xanım küçəyə pəncərəsi olmayan bu yarıqaranlıq otaqda da özünə səliqə-səhman düzəltməyi bacarmışdı...
Mədinə xanım 1920-ci ildən sonrakı pedaqoji fəaliyyəti ilə yanaşı, həm də "Şərq qadını" jurnalının heyət üzvü, əslində isə jurnalın və mədəniyyətə dair məqalələr, hekayələrlə çıxış edərdi. Ərəb əlifbası ilə pis yazdığından yazılarını yaxşı xətti olan seminarist Mirvarid xanımı yazı otağına çağırıb ona diktə edərdi...
Mədinə xanımın "Şərq qadını" jurnalında (1924, n-4) yazdığı kiçik həcmli bir məqaləsi onun bu çağlardakı düşüncələrinə işıq salmaq baxımından çox maraqlıdır: "Acaranın məktəblərini gəzərək Bakı Darülfünun, Bakı Darülmüəllimini, Bakı Darülmüəllimatına qarşı olan maraqlar öhdəmizə Bakını ümumi Şərq millətləri üçün bir maarif, mədəniyyət mənbəyi etmək məsuliyyətini buraxmırmı? Bakıya tək Acarada deyil, Şimali Qafqasiyanın dağları arasında yaşayan və Şuralar İttifaqının şərqi-cənubunu tutan ümumi türk millətləri tərəfindən də maraq göstərilməsi təbiidir. Odur ki, məsuliyyətiimizdə tək öz Vətənimiz Azərbaycan deyil, ümumən Şərq durur. Bakı kimi qüvvətli iqtisadi mənbəyə sahib olan bir məmləkət ətrafına ancaq neft nuru deyil, maarif nuru da saçacaq".
Xarakterinə görə, Gövhər onu Dolores İbarruriyə bənzədirdi. Mədinə xanımı şəxsən tanıyanların söylədiklərinə görə o, çox xeyirxah, süfrəsi açıq, ürəyitəmiz, rəhmdil bir qadın idi. Mənzili Darülmüəllimatın binasında olan vaxtlarda N.Nərimanov, D.Bünyadzadə, Əhməd Cavad, M.Quliyev, H.Cavid, C.Cabbarlı, H.Q.Sarabski, B.Çobanzadə öz xanımları ilə tez-tez onun qapısını açar, əziz qonağı olardılar.
Qızı Güləndam xanımın xatirələrinə görə, C.Cabbarlı 1928-ci ildə "Sevil" pyesinin ilk tamaşası axşamı arvadı Sona xanımla gəlib Mədinə xanımı da özləri ilə götürərək fayton tutub teatra yollanmışdılar. Rus ədəbiyyatının, xüsusən də M.Qorki yaradıcılığının aludəsi idi. Özü hind yazıçısı Rabindranat Taqor üslubunda mənsur şeirlər yazardı. (Həbs edilərkən yığışdırılıb aparılan kağızları arasında həmin mənsur şeirləri də vardı və həmin dəftər XDİK zirzəmilərində həmişəlik it-bata düşdü). Səməd Vurğun Mədinə xanımı bir qardaş sevgisi ilə sevərdi. Tez-tez onun yanına gələr, yazdığı şeirləri ilk dəfə əmisi qızına oxuyardı. Məşhur "Azərbaycan" şeirinin ilk dinləyicisi də Mədinə xanım olmuşdu. Şeir ona o dərəcə təsir eləmişdi ki, gözlərində yaş gilələnmişdi....
...1932-ci il noyabrın 27-də işə gedərkən axşam saat 5-də Azneft meydanında tramvaydan düşərkən yıxılır. Onurğa sütunundan ağır zədə alır. Onu ölümün pəncəsindən cərrah M.Topçubaşov xilas edir. Tramavay qəzasından sonra məktəblərə gedib-gəlməyi çətinləşmişdi. Ağrılara dözə bilmək üçün korset taxmalı olmuşdu. Ömrünü sərf etdiyi müəllimlik peşəsindən demək olar ayrılaraq tərcüməçiliklə məşğul idi.
Səməd Vurğunun vasitəsi ilə o çağın tanınmış rus şairlərindən N.Aseyev, V.Luqovskoy ilə yaxından tanış olmuşdu. Azərbaycan yazıçılarının ən yaxşı əsərlərinin rus dilinə tərcümə olunmasında onlara böyük köməyi dəyərdi. Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Nigar Rəfibəylinin bir çox şeirləri, M.S.Ordubadinin "Dumanlı Təbriz", Əbülhəsənin "Yoxuşlar" romanları rus oxucusuna Mədinə xanımın qələmi ilə çatdırılmışdı. "Yevgeni Onegin"in bizim dilə çevrilməsində rus dilinin incəliklərinə vararkən çətinliklərlə rastlaşan Səməd Vurğunun ən yaxın məsləhət yeri Mədinə xanım idi....
Ziyalılar mühitində onun böyük hörməti və nüfuzu olmasını gözləri götürməyənlər də yox deyildi. Mədinə xanım barəsində MTN arxivində saxlanılan və 1933-cü ildə tərtiblənmiş 16548 saylı formulyardakı xüsusi materiallardan anlaşılır ki, o, hələ 1925-ci ildə Az.SSR DSİ və XDİK orqanları tərəfindən uçota alınmışdı və həbs edilənədək, yəni 1938-ci il dekabrın 8-dək gücləndirilmiş agentura ilə əhatə edilmişdi. Bu dövrdə hər bir addımı ciddi müşahidə altında olmuşdu.

İsmayıl Umudlu,
araşdırmaçı