Əsrin daş yaddaşında mənim də sözüm qaldı... Hadisə

Əsrin daş yaddaşında mənim də sözüm qaldı...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində görkəmli epiqraf alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın 95 illiyinə həsr olunan "Əsrin daş yaddaşında mənim də sözüm qaldı" adlı tədbir keçirilib. Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı görkəmli alimin mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən danışıb. Qeyd olunub ki, Məşədixanım Nemətova 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Alim Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edib. O, 300-dək elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, "Azərbaycanın epiqrafik abidələrinin toplusu"nun müəllifidir.
M.Nemətovanın elmi fəaliyyəti təkcə epiqrafik abidələri aşkar etmək, toplamaq, tərcümə və nəşr etməkdən ibarət olmayıb. Alimin çoxillik tədqiqatları nəticəsində aşkar olunan epiqrafik abidələr tarixi mənbə kimi də Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır. O, 1948-ci ildən başlayaraq Azərbaycanın tarixi ərazilərini gəzib, 2500-dən çox yazını oxuyub, külli miqdarda yeni və dəqiq faktlarla Azərbaycan tarixşünaslığını zənginləşdirib. Dosent Həbibə Əliyeva və digər çıxış edənlər də Məşədixanım Nemətovanın elmə verdiyi töhfələrdən, tariximizin öyrənilməsindəki xidmətlərindən bəhs edib, əsərlərinin əhəmiyyətini vurğulayıblar.