“Qarşımıza qoyduğumuz əsas məqsəd odur ki, ölkədə vəkilliyin nüfuzu artsın” Hadisə

“Qarşımıza qoyduğumuz əsas məqsəd odur ki, ölkədə vəkilliyin nüfuzu artsın”

Anar Bağırov: "Buna nail olmaq yalnız Vəkillər Kollegiyasının fəaliyyəti ilə mümkün deyil, həm də dövlətin mövqeyi və münasibəti təsir göstərir"

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun "Report"a müsahibəsini ixtisarla təqdim edirik.

- Bir ildən artıqdır ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrisiniz. Sizin sədrliyinizdən sonra Kollegiyada nələr dəyişib?
- Vəkillər Kollegiyası bu müddət ərzində şəffaf, ictimaiyyətə açıq qurum kimi fəaliyyət göstərib. Biz ölkə mediası ilə sıx əməkdaşlıq edirik. Bir il ərzində olan yeniliklər anındaca ictimaiyyətə açıqlanıb. Bilirsiniz ki, Vəkillər Kollegiyasının saytı da aktiv fəaliyyət göstərilir. Çalışmışıq ki, tədbirlərimizdə KİV nümayəndələri iştiak etsinlər. Vəkillər Kollegiyası ictimai əhəmiyyəti olan qurum kimi qətiyyən qapalı ola bilməz. Haşiyədən kənara çıxaraq qeyd etmək istədim ki, Kollegiyanın ictimaiyyətə açıqlığı məsələsinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı məlum 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamında ayrıca vurğulanıb. Belə ki, Sərəncamda Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlərin görülməsi Kollegiyaya tövsiyə olunub. Bu mənada, formalaşan yeni Rəyasət Heyəti bu prinsipi qarşısına məqsəd qoyub. Hazırda Vəkillər Kollegiyası istənilən media qurumuna açıqdır.
Ötən dövr ərzində vəkilliyin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişik. Qarşımıza qoyduğumuz əsas məqsəd odur ki, ölkədə vəkilliyin nüfuzu artsın. Amma etiraf etmək lazımdır ki, buna nail olmaq yalnız Vəkillər Kollegiyasının fəaliyyəti ilə mümkün deyil. Nüfuzun artırılmasına həm də dövlətin mövqeyi və münasibəti təsir göstərir.
Prezident İlham Əliyevin bayaq adını çəkdiyim 2018-ci ilin 22 fevral tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı qeyd olunanlar baxımından uğurlu nümunədir. Bu Sərəncam vəkilliyin inkişafına təkan verib. Sərəncamın preambulasında güclu və nüfuzlu vəkillik institutu ilə bağlı proqram xarakterli fikir və müddəa inkişaf edən vəkilliyin əsas devizinə çevrilib. Sərəncamda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətinin olması xüsusi vurğulanıb.
Bu, dövlətin vəkilliyə münasibətinin təzahürü olmaqla dövlət başçısının vəkilliyə olan diqqətini göstərir. Sərəncamın icrasından sonra vəkilliyin inkişafında böyük dönüş yarandı. Dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləği 2 manat idi. Sərəncamla isə bu məbləğ 3 dəfə artırıldı.
Vəkillərin regionlarda fəaliyyəti üçün normal şərait olmalıdır, konfedensiallıq təmin edilməlidir, yəni vəkilin müştərisi ilə görüşməsi üçün imkanlar yaradılmaldır. Bir sözlə, regionlarda vəkilliyin müstəqilliyini təmin edən binalar olmalıdır. Bu istiqamətdə işlər davam etdirilir. Artıq Şəki, Şirvan, Sumqayıtda bu işlər tamamlanıb. Nazirlər Kabineti tərəfindən regionlarda vəkillərin fəaliyyət göstərmələri üçün binalar istifadəyə verilir. Burada söhbət əvəzsiz və müddətsiz istifadədən gedir. Bu, vəkillərin müstəqil fəaliyyəti üçün zəruri şərtlərdən biridir. Təbii ki, maddi-texniki baza çox böyük məna kəsb edir, amma həlledici əhəmiyyətə malik deyil. Əsas məsələ vəkillərin sayının artırılmasıdır. Ümid edirəm ki, regionlarda ildən-ilə vəkillərin sayı artacaq. 2018-ci ildə vəkilliyə qəbul olunmaq istəyənlər üçün iki dəfə imtahan keçirilib. İndiyədək qısa müddət ərzində imtahanlar bu cür intensiv şəkildə keçirilməmişdi. Bilirsiz ki, əvvəllər vəkilliyə qəbul olmaq üçün imtahan bir neçə ildən bir keçirilirdi. Təsəvvür edin ki, 2004-cü ildə ölkədə 300-dən bir az çox vəkil olduğu halda 2004-2017-ci illər ərzində vəkillərin sayı təxminən 600 nəfər artıraq 900-dən bir az çox olub. Yəni söhbət 13 il ərzində təqribi 600-dən bir qədər çox artımdan gedir. Biz isə bir il ərzində 600-dən çox vəkil qəbul etmişik. Bu çox ciddi rəqəm, göstəricidir.
Fevral ayının 1-dən etibarən ölkə üzrə order markaları tətbiq ediləcək. Bu işdə biz qardaş Türkiyənin Respublikasının təcrübəsindən yararlanmışıq. Bu, şübhəsiz, vəkilliyin inkişafına yeni töhfə olacaq. Təbii ki, vəkiliyin inkişafı üçün müəyyən maliyyə resursları lazımdır. Hazırda Vəkillər Kollegiyasının fəaliyyəti yalnız üzvlük haqları hesabına ilə maliyyələşir. Nəzərə almaq lazımdır ki, vəkillərin bəziləri üzrlü səbəbələrdən üzvlük haqqı ödəməkdən azad ediliblər. Bilirsiz ki, xəstə, analıq məzuniyyətində olan vəkillər var. Təbii ki, bunlar üzrlü səbəblərdir. Bu məsələlərdə vəkillərin maraqlarından çıxış edirik. Yalnız üzvlük haqları hesabına Vəkillər Kollegiyasının qanunla müəyyən olunmuş çoxşaxəli fəaliyyətini təmin etmək çətindir. Elə bu səbəbdəndir ki, order markalarının tətbiqinə başlayırıq. Markalardan əldə olunan vəsait hesabına regionlarda vəkil qurumlarının yaradılmasına daha çox diqqət ayıracağıq.
- Vəsait necə əldə olunacaq? Bir order markasının qiyməti nə qədərdir?
- Dövlət hesabına hüquqi yardımın göstərilən işlərdə order markası tətbiq olunmur. Ona görə ki, bu hüquqi yardım aztəminatlı şəxslərə göstərilir. Amma hüquqi yardımla bağlı olmayan digər müqavilələrdə isə order markasının olması tələb olunacaq. Bununla bağlı tərəfimizdən müvafiq təlimatlandırma işi də aparılıb. Xaricdən xüsusi order markaları sifariş olunub. Order markaları mərkəzləşdirilmiş qaydada vəkil qurumları və fərdi vəkillərin Rəyasət Heyətində verdikləri sifariş əsasında əldə olunur. Hüquqi xidmət göstərilən şəxs order xərci barədə məlumatlandırılır və marka ilə bağlı məbləğ vəkil qurumunun rəhbəri, vəkil qurumunun hüquqi yardım göstərəcək vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən hüquqi yardım göstərilməsi haqqında müqavilə məbləğinə əlavə edilir. Bir order markasının qiyməti 10 manatdır. Həmin vəsait Kollegiyanın bank hesabına köçürülür. Toplanan vəsait yeni vəkil qurumlarının yaradılması ilə yanaşı, xəstə, yardıma ehtiyacı olan vəkillərə sərf olunacaq.
- Anar müəllim, nümayəndəlik institunun məhdudlaşdırılması ilə bağlı narazılıqlar var... İddia olunur ki, bu məhdudiyyətdən sonra vətəndaşlar bir sıra məhkəmə çəkişmələrində müdafiəsiz qalır. Bu deyilənlərə münasibətiniz necədir?
- Hesab edirəm ki, nümayəndəlik institunun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə edilən dəyişiklik, hətta gecikmişdir. Bu addım bir qədər tez atılsaydı, daha yaxşı olardı. Bu sahədə tam nihilizm hökm sürürdü. Təsəvvür edin ki, vəkillərdən biri deyir ki, evində parket ustası kimi işləyən "X" adlı ustaya məhkəmədə rast gəlir, məhkəməyə gəlmə səbəbini soruşur. O da deyir ki, nümayəndə kimi çıxış edirəm. Baxın, belə absurd hallara rast gəlinirdi. Kim istəyirdisə, bu işlə məşğul olurdu, hətta özlərini hüquqşünas kimi də təqdim edirdilər. Təsəvvür edin, nə qədər neqativ hallar baş verirdi. Problem ondadır ki, bu zərbələr dolayısı ilə vəkilliyə dəyirdi. Məsələn, vətəndaş kimi məhkəməyə gəlir, "X" adlı şəxs özünü hüquqşünas kimi təqdim edir, qeyri-rəsmi ödəniş edilməklə "X" həmin vətəndaşın məhkəmədə hüquqlarını müdafiə edir, halbuki onun hüquqi savadı yoxdur... Burada hansı keyfiyyətli hüquqi yardımdan söhbət gedə bilər ki?! Tutaq ki, vətəndaş məhkəmə çəkişməsində uduzduqdan sonra "X"dən pulu geri istəyir, o da qaytarmır. Sonra da vətəndaş hamıya deyir ki,"vəkil" məni aldatdı, onlar dələduzdurlar, onalara inanmaq olmaz. Nəticə isə ondan ibarətdir ki, vəkillik və bu peşə nüfuzdan düşürdü.
- Vəkillərə Kollegiyası vəkillərə hər hansı qadağalar qoyurmu?
- Vəkil müsahibə verərkən, hansısa məsələyə münasibət bildirərkən qanunu pozmamalıdır, vəkil sirrini yaymamalıdır. Vəkilin müştəri ilə bağlı bildikləri sirr hesab olunur, yayıla bilməz. Bura istintaq sirri də daxildir. Vəkillər Kollegiyasının "Vəkillərin etik davranış qaydaları haqqında" Əsasnaməsi var və bu sənəd beynəlxalq standartlara tam cavab verir. Bu, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyinin (CCBE - the Council of Bars and Law Societies of Europe) qaydalarına uyğunlaşdırılıb. Bu Qaydalar mahiyyəti etibarilə ciddi sənəddir. Biz vəkillərdən bu qaydalara əməl etməyi tələb edirik. Ola bilər, əvvəllər etməyiblər, amma indi belə olmamalıdır. Məsələn, vəkil kimisə təhqir edə bilməz. Bəzi hallarda vəkil öz həmkarını təhqir edirdi. Bu, necə olur, prokuror prokuroru təhqir etmir, lakin vəkil edir?! Axı bir vəkil digər vəkili sosial şəbəkələrdə, media orqanlarında təhqir edəndə ümumən bu institutun nüfuzu aşağı düşür. Belə olanda, vətəndaşın vəkillərə münasibəti necə olar? Bu məsələlərə Kollegiyanın İntizam Komissiyası nəzarət edir.
- Olubmu ki, vəkilin Kollegiyadan xaric edilməsi ilə bağlı məhkəməyə müraciətiniz təmin edilməsin?
- Bəli, belə hallar da olur. Ümumiyyətlə, bu istiqamətdə məhkəmə işləri də çox deyil.
Vəkillər Kollegiyası əsası olmayan fikirlərə baxmayaraq, fəaliyyətini şəffaf şəkildə davam etdirir. Qeyd etməliyəm ki, Kollegiya beynəlxalq əməkdaşlıq əlaqələrini də gücləndirir. Kollegiya qonşu ölkələrlə çox yaxşı münasibətlər qurub. Vəkilliyin 100 illiyini qeyd etməyə hazırlaşırıq. Təsəvvür edin, 1 il əvvəl sual versəydiniz ki, Azərbaycanda vəkillik nə vaxt yaranıb, bilməyəcəkdim... Heç kəs vəkilliyin nə vaxt yarandığını bilmirdi. Biz bunu qısa zaman ərzində araşdırdıq, məlum oldu ki, Azərbaycanın ilk vəkilləri Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında iştirak edən görkəmli şəxsiyyətlər vəkilliyin yaranmasında da iştirak ediblər. Amma bunlar onların tərcümeyi-halında yazılmayıb. Azərbaycanda müstəqil vəkilliyin bərpasının 20 ili tamam olur. "Vəkillik və vəkillik fəaliyyəti haqqında" qanun 1999-cu ildə qəbul edilib.
- Peşə bayramı kimi hansı tarixi seçəcəksiniz?
-İyulun 30-da vəkilliyin 100 illiyi, 29 dekabr isə müstəqil vəkilliyin bərpasının 20 illiyidir. Planlaşdırırıq ki, aralıq dövrdə - sentyabr və ya oktyabr ayında bu əlamətdar hadisələri qeyd edək. Düşünürük ki, böyük tədbir keçirək, xaricdən qonaqlar dəvət edək.
- Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonumuz Kəlbəcərdə öz yaxınlarının məzarlarını ziyarət edərkən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində hansı addımlar atılır?
- Bu istiqamətdə bütün addımlar atılır. Bir müddət öncə, Avropa Şurasının Parlament Assambleyasında da bu məsələ qaldırıldı. Avropa qurumları bu məsələdə neytral mövqe nümayiş etdirirlər. Necə olur, bu məsələyə reaksiya vermirlər, digər məsələlərlə bağlı geniş müzakirə açırlar? Bizim iki vətəndaşımız girovluqdadır, qeyri-insani rəftara məruz qalıblar və bütün bunlar sübut edilib. Bunu bilə-bilə AŞPA və digər qurumlar niyə sərt mövqe ortaya qoymurlar? Hüquqşünas kimi belə hallarla barışa bilmirəm. Orada hər şeyi lobbilər həll edir. Müəyyən lobbilər var ki, öz maraqları çərçivəsində qarışıqlıq yaradırlar. Belə ədalətlisinizsə, insanları qayğısına qalırsınızsa, o iki şəxsi azad etdirin... Onların hüquqları hüquq deyil?! Bu insanlar nə ediblər ki?! Öz ata-baba yurdlarındakı yaxınlarının qəbirlərini ziyarətə gediblər. İnsanın öz torpağında qəbiri ziyarət etmək hüququ olmamalıdır? Buna necə don geyindirmək olar? Acı reallığı dərk etməliyik. Bu, ikili standart deyil, haqsızlıqdır. Bizə yol göstərənlər əvvəlcə öz əməllərinə fikir verməlidirlər. Biz hər şeyi görürük, naşı deyilik. Həmişə mövqeyimi açıq şəkildə bəyan edirəm. Belə nəticə çıxardıram ki, insan hüquqları onların marağında deyil sanki...