Biologiyaya aid dərs vəsaiti nəşr olunub Hadisə

Biologiyaya aid dərs vəsaiti nəşr olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının baş müəllimi Səidə Sultanlı "Biologiya (canlı orqanizmlərdə enerji)" dərs vəsaiti hazırlayıb. UNEC-dən bildirilib ki, müasir tələblərə cavab verən bu nəşr ali təhsil müəssisələri üçün ekoloq-mütəxəssislərin hazırlanmasında mühüm rol oynayacaq. Kitabda tələbələrə Yerin bioloji komponenti haqqında fundamental biliklər verilir, bitki ehtiyatlarının qorunması və rasional istifadəsinin zəruriliyi əsaslandırılır, bitki ekologiyasının canlı orqanizmlərdə enerji metabolizminin əsas nəzəri məsələləri əks etdirilir, ekoloji amilləri və bitkilərə təsiri araşdırılır.
Ətraf mühitin çirklənməsi qlobal ekoloji problemə çevrildiyi dövrdə, bəşəriyyət iqtisadi artım seçimi və Yer üzündəki həyatın qorunması qarşısında dayandığı zaman enerji mübadiləsi və təbiətdəki maddələrin dövriyyəsi səviyyəsində ətraf mühitə antropogen təsirlərin öyrənilməsinə və tədqiqinə ehtiyac yaranıb. Bu problemin təbiət - cəmiyyət, enerji, maddə və s. əlaqələr səviyyəsində öyrənilməsi vacib məsələlərdən biridir.
"Biologiya (canlı orqanizmlərdə enerji)" bitki təkamülünün əsas dövrləri, onların biosferin hazırkı vəziyyətində rolundan danışır, fitosenoz və biogeosenoz haqqında biliklər verir. Dərs vəsaitində bitki örtüyünün landşaftının tərkib hissəsi kimi olması nəzərə alınaraq, təbiətdəki kompleks və qarşılıqlı əlaqələr haqqında geniş nəzəri məlumatlar verilib. Kitabda Yerin bitki örtüyünün yayılmasının mürəkkəb xarakteri göstərilir, zonal və intrazonal bitki örtüyünün xüsusiyyətləri verilir, Azərbaycanın və planetimizin bitki örtüyünün hazırki vəziyyəti təhlil olunur, gələcəkdə baş verəcək dəyişikliklərin proqnozları aparılır.