
Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyəti iclasını keçirib. MŞ sədri Əflatun Amaşov iclası açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. İH üzvləri müzakirələrdən sonra 4 məsələnin gündəliyə daxil edilməsi razılığına gəliblər.
Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərinin qəbulu məsələsinə baxılıb. Bu məqsədlə MŞ-yə müraciət edən KİV-lərin rəhbərlərinə suallar verilib. İdarə Heyəti üzvləri "Yeni həyat", "İrəvanın səsi", "KATV1" qəzetlərinin, "Azərbaycan", "Azərbaycan məktəbi", "Günəş" jurnallarının, AJB.az, Strategiya.az saytlarının və "Yazıçı" nəşriyyatının Azərbaycan Mətbuat Şurası sıralarına qəbul olunması barədə qərarlar çıxarıblar.
Sonra MŞ-nin Şikayətlər üzrə Komissiyası və "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarlar qəbul olunub. "Kafkaz news" və "Azad Azərbaycan Respublikası" qəzetlərinin adlarının Mətbuat Şurasının "qara siyahı"sına salınması məqsədə uyğun hesab edilib. "Demokratiya.info" saytına və "Poliqon" İnformasiya Agentliyinə (pia.az) ciddi xəbərdarlıq olunub. Daha 3 KİV barədə də ölçü götürülüb. Belə ki, "Azadlıq" və "IV hakimiyyətin səsi" qəzetlərinə, həmçinin Jurnalist Araşdırma Mərkəzinə (jam.az) MŞ-nin xəbərdarlığı elan olunub.
İclasın sonunda Mətbuat Şurasının Ali Media Mükafatının 2014-cü il üçün laureatlarının adları müəyyənləşdirilib. Mükafatların iyulun 22-də Bakının "Altun Saray" restoranında keçiriləcək milli mətbuatımızın 139 illiyinə həsr olunmuş mərasimdə təqdimatı qərarlaşdırılıb.
XC