Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk Tibb Kollecində olub Hadisə

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk Tibb Kollecində olub

17 may

Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Zəki Öztürk şəhərin köklü təhsil müəssiələrindən olan Tibb Kollecində olub.

Əsası 1931-ci ildə qoyulan tibb ocağında aparılan əsaslı təmir və bərpa işlərindən sonra bina ilə tanış olan qonaq burada yaradılan şəraitdən çox məmnun qalıb. Yeni, tam təmir olunmuş sinif otaqlarında quraşdırılmış elektron smart lövhələr, müasir əyani vasitələr, elektron kitabxana, tələbələrin uniformaları, siniflərin lazımı texniki avadanlıqlarla təchiz olunması, keçirilən dərslərin səviyyəsi diplomatı yaxşı mənada təəcübləndirib:

“Mən tibb kollecini ziyarət edərkən çox modern bir təhsil müəssisəni görməkdən çox məmnunam. Belə bir yüksək şəraitin Gəncədə yaradılması məni çox sevindirdi. Sinif otaqlarında müasir avadanlıqların quraşdırılması, tələbələr üçün yaradılan şərait gələcəkdə bu kollecdə çox peşəkar tibb işçilərinin yetişəcəyindən xəbər verir. Dərs deyən müəllimlərin bilik səviyyələri, böyük həvəslə tələbələrə bilikləri çatdırmaq istəkləri hiss olunurdu. Bu da onu göstərir ki, kollecin rəhbərliyi yüksək ixtisaslı tibb bacılarının və tibb personalının yetişdirilməsi üçün vacib addımlar atır”.

Kolleclə tanışlıq zamanı tələbələrin vətənpərvərlik mövzusunda keçiriləcək konfransa hazırlıq prosesinə qatılan konsul Əhməd Cavadın “Çırpınırdı qara dəniz” mahnısına qulaq asdıqdan sonra çox duyğulandığını dilə gətirdi:

“Bu mahnı çox kövrəltdi. Hələ tələbəlik illərimdə bu mahnıya çox böyük məhəbbətlə qulaq asırdım. Tibb kollecinin tələbələrinin ifasında bu canlı ifa mənə xüsusi həzz etdi. Belə vətənpərvər ruhunda böyüyən hər bir tələbə təbii ki, əsl vətəndaş olaraq yetişəcək”.

Görüş zamanı kollecin direktoru Mehman Rzayev konsula məlumat verib ki, təhsil müəssisisəsi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə sıx əməkdaşlıq edir və yaxın vaxtlarda bu təşkilatın dəstəyi ilə Tibb Kollecində hər bir şərait ilə təmin olunacaq tələbə kafe-kitabxana inşa edilməsi planlaşdırılır.

M.Rzayev artıq bütün lazımı sənədlərin TİKA təşkilatına təqdim olunduğunu, bina üçün yerin ayrıldığını, bu əraziyə elektirk xəttinin və yüksək sürətli internet üçün fibrobtik kabelin çəkildiyini əlavə edib.

Türkiyənin Gəncədəki konsulu Zəki Öztürk kolleclə yaxından tanış olmaq üçün yaradılan şəraitə görə müəssisənin direktoru Mehman Rzayevə öz minnətdarlığını bildirib və əlavə edib ki, konsulluq Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə ikitərəfli əməkdaşlıq sahəsində Gəncə Tibb Kollecinə dəstək olacaqlar.