“Boşanmaların sayında artım müşahidə olunur” Hadisə

“Boşanmaların sayında artım müşahidə olunur”

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə son 1 il ərzində daxil olmuş müraciətlər sırasında alimentin ödənilməsinə dair çətinliklər də var. Bu isə valideyn məsuliyyətsizliyidir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova belə deyib.

O bildirib ki, bu gün boşanmaların sayında artım müşahidə olunur və bu prosesdə ən çox mübahisə predmeti olan isə alimentlə bağlı öhdəliklərdir:

"Bəzən atalar elə bilirlər ki, boşandıqdan sonra onlar heç bir məsuliyyət daşımırlar. Ancaq valideyn dərk etməlidir ki, o övladından boşana bilməz və övladı qarşısında vəzifə və öhdəliyi var. Ancaq bir çox valideynlər müxtəlif səbəblərdən öz borclarını ödəmirlər və bunun nəticəsində uşaqlar maddi təminatsız qalırlar. Bu isə birbaşa uşaq hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir ki, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün”.

O bildirib ki, "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum xərclərindən az olmayan maddi təminat almaq hüququ var: "Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir. Lakin bu vəzifələrin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, hələ də aliment ödəməyən valideynlər var”.

Aynur Veysəlova bildirib ki, komitə problemdən çıxış yolu kimi, beynəlxalq təcrübəni nəzərdən keçirib: "Bir sıra ölkələrdə Fransa, İngiltərə, Avstriya, Danimarka, Norvec, Finlyandiya və Ukrayna kimi bir çox xarici ölkələrdə alimentin ödənilməsi dövlət vəsaiti hesabına həyata keçirilir. Bu ölkələrdə bu institut özünü doğruldub və əsas prinsip pul vəsaitinin ödənilməsidir. Bunun sayəsində himayəsində uşaq olan valideyn məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin borclu tərəfdən gözləməyərəkdən dövlət vəsaiti hesabına ala bilər. Bundan sonra məhkəmə icraçıları alimenti ödəməkdən yayınan valideyndən dövlətin ödədiyi miqdarda aliment məbləğini alır və bununla ödənilmiş vəsait yenidən dövlətin hesabına qayıdır. Bu mexanizm tətbiq edilən ölkələrdə 90 faiz büdcə vəsaiti geri qayıdır”.

Komitə rəsmisi qeyd edib ki, əgər Azərbaycanda bu mexanizm tətbiq olunarsa, hüquqları pozulmuş uşaqların müdafiəsi üçün çəkilən maliyyə yükü də azalar, həmin xərclər başqa sahələrə yönləndirilər.

Aynur Veysəlova deyib ki, bu cür fondun yaradılması asan proses olmadığı üçün hərtərəfli araşdırma, müəyyən vaxt lazımdır. Ona görə hələ ki, real olaraq nəticə yoxdur.

Qeyd edək ki, mövzu ilə bağlı Milli Məclisdə də təkliflər səsləndirilib, müzakirələr aparılıb. Millət vəkili Fazil Mustafa bildirib ki, bu məsələ ilə bağlı Milli Məclisdə təklif səsləndirilib və gündəmə gətirlib: "Aliment fondu yaradılsa, çox böyük uğur olacaq. Valideyinin hər hansı bir formada alimenti ödəməməsi uşağın günahı deyil. Biz həmin məbləği dövlətin ödəməsini təmin etməliyik. Daha sonra dövlət valideyndən o vəsaiti alır”.

Millət vəkili qeyd edib ki, iqtisadçılar hesablayıb ki, Azərbaycanda belə bir fondun yaradılması üçün 12-13 milyon manat vəsaitə ehtiyac var.