Öz sistemini qurmuş sufi mürşidi Hadisə

Öz sistemini qurmuş sufi mürşidi

Seyid Yəhya Bakuvi bir təriqət başçısı olmaqla yanaşı, əsərləri ilə özünəməxsus ədəbi-fəlsəfi bir yol açıb

XV əsrdə Bakıda inkişafını tamamlayaraq yayılmağa başlayan Xəlvətiyyə sufi məktəbinin XII əsrdə yaşamış məşhur sufi-mütəfəkkir Əbdülqahir Sührəverdiyə qədər gedən üç əsrlik bir keçmişi var. XIII-XIV əsrlərdə Cəmaləddin Təbrizi, Zahid Gilani və Lahıclı Ömər Xəlvəti tərəfindən Şirvana gətirilən və burada formalaşmağa davam edən Xəlvətilik adını qurucusu Pir Ömərin dağlarda və meşələrdə xəlvətə çəkilərək yalnızlıq halında təfəkkür və ibadət etməsindən alıb.
Ərbəin və çilə də adlandırılan "Xəlvət" prinsipi sufinin yetişdirilməsində tətbiq edilən psixoloji və pedaqoji bir metod idi. Qırx günlük yalnızlıq daha çox xanəgahda, xüsusi dar bir hücrədə və sufi mürşidin nəzarəti altında gerçəkləşdirilirdi. Burada yemə, içmə, yatma, söhbət kimi nəfsin istəklərinə qoyulan məhdudiyyətlər ilə sufinin öz iradəsini nəzarət altına alması, zikr, təfəkkür və ibadətlə qəlb gözünün açılması, qəlbin mənəvi ilhamları qəbul etməyə uyğun hala gəlməsi məqsədi güdülürdü. Xəlvətilər bu prinsipin yerinə yetirilməsində böyük diqqət göstərər və bunu ildə bir dəfə tətbiq edərdilər. Seyid Yəhya qırx dəfə çilə çıxarmışdı.
Xəlvətilik XV əsrin ilk rübünə qədər mərkəzi Şamaxı olmaqla Şirvanda fəaliyyət göstərən məhəlli bir təriqət idi. Ancaq təriqət bu dövrdə Şamaxıdan Bakıya gələn gənc bir sufi şeyx tərəfindən yeni bir mərhələyə qədəm qoydu. Şirvanşahlar dövlətində Nəqibül-əşraf vazifəsində olan Seyid Bəhaəddinin oğlu Seyid Cəmaləddin Yəhya xəlvətilərin yeni mürşidi oldu. Şamaxıda nəsilli və zəngin bir ailədən gələn Seyid Yəhya daha cavan vaxtında atasının sahib olduğu var-dövlətdən üz çevirərək sufilik yolunu seçmişdi. Şamaxı mədrəsələrində elm təhsil edən Yəhya, eyni zamanda güclü təsirə sahib xəlvəti mürşidi şeyx Sədrəddinin təkkəsinə davam edərək burada mənəvi elmlərdə də tərbiyə və tədrisini tamamladı. Şeyxi Sədrəddin ölmədən az əvvəl onu yerinə şeyx təyin etdiyi zaman hələ 30 yaşı yox idi. Yaşlı müridlər onun gənc olmasını bəhanə edərək etiraz etdilər və o Şamaxını tərk edərək (təxminən 1420-ci illərdə) Bakıya gəldi. Seyid Yəhya Bakıya gəldiyi əsnada Şirvanşah Xəlilullah xan hakimiyyətdə idi və paytaxt da müvəqqəti olaraq Bakı olmuşdu. Seyid Yəhya Xəlilullah xanın himayəsində xəlvətiliyin xanəgahını burada, Şirvanşahın sarayı yanında təsis etdi. Qaynaqlar adil bir idarəçi olan Xəlilullah xanın ona böyük hörmət və yardım göstərdiyini qeyd edirlər.
Onların aralarındakı səmimi münasibətin dərəcəsini göstərən əlamətlərdən biri də yazdığı "Kəşful-Qulub" əsərini Xəlilullah xana ithaf etməsidir. Seyidin dərgahı ətrafında onun tərəfindən tikilən məscid, türbə və digər abidələr də bu əlaqəni aydın şəkildə göstərməkdədir. S.Yəhya Bakıda sufi dünyagörüşünü təbliğ etməyə başladı. Onun təlimi qısa bir müddət içərisində ətraf mühitin diqqətini çəkdi. Onun elmi və mənəvi şəxsiyyəti, Bakıdakı xanəgahı bir cazibə mərkəzi halına gətirdi. Minlərcə insan çox uzaqlardan Bakıya gəlib ondan irfan təlimini, mənəvi elmlərin sirlərini öyrəndi. Seyid Yəhya Bakuvi öz dünyasında adi bir sufi deyildi. O, öz sistemini qurmuş məktəb sahibi bir sufi mürşidi, mütəfəkkir bir müəllif və şairdir.
Xəlvətilik onun adı ilə bağlı olmasa da, bu məktəbin həqiqi qurucusu oldu. Seyid Yəhya bir təriqət başçısı və təsisçisi olmaqla yanaşı, meydana gətirdiyi əsərləri ilə islam mədəniyyətində və sufilikdə özünəməxsus ədəbi-fəlsəfi bir yol açıb. Xəlvətilik - sufi ədəbiyyatı deyə biləcəyimiz çox zəngin bir ədəbi irsin formalaşmasına da zəmin hazırlayıb. Təsəvvüfdə daha sonra gələn mürşidlərin əvvəlkilərin yolunu təqlid etmə üsulu var. Xəlvətilik mənsubu sufi mürşidləri Seyid Yəhyanın əsərlərinə bir çox nəzirələr və şərhlər yazaraq bu yolu davam etdiriblər. Şihabəddin Sührəverdidən sonra xəlvətilik sahəsində bu qədər çox dildə və növdə əsər verən başqa bir sufi olmayıb. Bakuvi yazdığı əsərlərlə ədəbi müvəffəqiyyətini göstərməkdən əlavə xəlvətiliyin prinsiplərini və fəlsəfəsini də ortaya qoymuşdu. Beləliklə, bu təriqətin düşüncə sistemi və üsulları dəyişmədən günümüzə qədər gələ bilib. Seyid Yəhya yaşadığı çağın gərəklərindən uzaq, işsizliyi özünə peşə etmiş, boynuna kəşkül asıb dilənçilik edən, cadugərliklə məşğul olan, batini inanclarla ağıl və məntiqdən çıxan, elmi və ağlı təhqir edən mistik anlayışı qəbul etmir. O, coşğun və dinamik bir ruh halına, eşq və cazibəyə sahib olub, quru, ruhsuz bir zahid deyil. "Şəfaül-Əsrar" adlı əsərində elmi əsaslara bağlı, qəlbi həyatı ilə yanaşı islam inancına görə düzgün yaşayan, ibadətlərini səmimiyyətlə yerinə yetirən və davamlı özünü inkişaf etdirən intellektual bir təsəvvüf anlayışı gətirib. Şirvanşahla yaxın münasibətini dəyərləndirərək ona daima ədalət və doğru yol göstərib. Elmini maddi mənafeyi uğrunda sui-istifadə edənləri tənqid edib, "alimin zilləti aləmin zillətidir" deyərək izzət və qənaətlə yaşayıb. Əsərləri onun yüksək bir elmi və ədəbi səviyyəyə sahib olduğunu göstərir. O, "Bu fəqir, bir çox kimsədən soruşub, bir çox təfsirlər oxudum" deyə ifadə etdiyi kimi, çox oxuyub araşdıran, dərin təfəkkür sahibi, dövrünün böyük bir alimidir. Buna görə də onun Bakıdakı xanəgahı eyni zamanda bir elm, sənət və ədəbiyyat akademiyasıdır. Yusuf Müsküri, Ömər Rövşəni, H.Qaramani, B.Ərzincani kimi əsər sahibi önəmli alim və ədib şəxsiyyətlər Bakıda onun xanəgahında yetişmişdilər.
Bakuvinin məktəbi, XV əsrin ikinci yarısından etibarən yetişdirdiyi sufi mürşidlər tərəfindən Şirvan xaricində Osmanlı, Ağqoyunlu və məmlük cəmiyyətləri və idarəetmə çevrələrində böyük hüsni-rəğbət görmüşdü. XIV əsrdən etibarən Seyid Yəhya ədəbi-fəlsəfi məktəbinin təsirləri geniş yayılmış, yeni məktəblərin yaranmasına səbəb olmuşdu.
Yəhya Bakuvi türk, ərəb, fars dillərində nəzm və nəsr olaraq 20-yə yaxın əsər yazıb. Bunların hamısının məzmunu dini-ədəbi və təsəvvüfi mahiyyətdədir. Fars dilində yazdığı şeirlərində "Seyid" təxəllüsünü işlədib. Seyid Yəhyanın həyatı bütünlüklə təsəvvüfi zahidlik içində keçib.
O, çox isti aylarda, azuqəsiz və susuz olaraq səhralara çıxar, oralarda günlərlə qalar, ibadətlə məşğul olardı. Xəlvətə girmək, tənha bir yerdə qalmaq və ibadət etmək onun dəyişməz adətlərindən idi. Belə ki, o qidalanmasını on beş gündə bir iftar edəcək səviyyəyə endirmişdi. Ömrünün sonlarında dünya işlərindən tamamilə uzaqlaşmış, hətta vəfatından əvvəlki son altı ayda heç bir şey yemədiyi rəvayət edilir. Seyid Yəhya 1466-cı ildə Bakıda vəfat edib. Vəfatı Xəlilullah xanın vəfatından doqquz ay sonradır. Ona uzun ömür üçün dua edənlərə "Siz Xəlilullah xana dua edin, çünki mənim ömrüm onunkuna bağlıdır" deyərək vəfatını xəbər verib. Qəbri Bakıdakı dərgahının bitişiyində olub, günümüzə qədər qalıb.
Seyid Yəhyanın Bakıda iyirmi minə yaxın müridi olub. Yetişdirdiyi məşhur sufi mürşidlər: Əlaəddin Rumi, Məhəmməd Bahaəddin Ərzincani, Dədə Ömər Rövşəni, Həbib Qaramani, Şeyx Şükrullah, Yusif Ziyaəddin Müsküri, Seyid Əhməd Sünnəti və Çankırılı Şeyx Hamzadır. Xəlvətiyyə təriqəti Seyid Yəhyanın xəlifələri vasitəsi ilə Azərbaycan, Anadolu, İran, Orta Şərq, Şimali Afrika və Balkanlarda geniş şəkildə yayılıb. Xəlvətiyyədə ən çox xəlifə yetişdirən və bunları ətrafa göndərən mürşid Seyid Yəhya qəbul edilir. Xəlifələrinin əksəriyyəti Osmanlı və Bəyliklər Anadolusundan gələn şəxsiyyətlərdir. Onların bir çoxu təhsillərini tamamladıqdan sonra icazənamə alaraq yenidən Anadoluya qayıdıb və buralarda Xəlvətilik məktəbini yayıblar. Xəlvətiyyə Seyid Yəhyanın vəfatından bir əsr sonra, qırxdan çox şöbə və qola sahib ən çox təkkəsi olan təsəvvüf məktəbi olaraq böyük təriqətə çevrilib. Bu vəziyyət daha sonrakı əsrlər boyunca da artaraq davam edib. Xəlvətiyyə təriqəti Seyid Yəhya tərəfindən yenidən təsis edilib yayıldığı üçün bütün xəlvətiyyə şöbələrinin başında onun adı mövcuddur. Hətta silsilənamələrdə bir çox şöbənin və qolun silsiləsi Seyid Yəhya Şirvani ilə başlamaqdadır. Şöbələrin təşəkkülündə bəzən yenilikçi şeyxlərin təriqət içində ortaya çıxmasının rolu olub. Zaman içərisində ortaya çıxan bu mürşidlər mənsubu olduğu xəlvətiyyə təriqəti içərisində, bəzi məsələlərdə yenilik gətirmə ehtiyacı duyublar. Hər yenilik bir dəyişmə olduğu üçün o yeniliyi gətirən mürşidin adı ilə xatırlanar olub və bir şöbə adı alaraq ortaya çıxıb.
Başda Anadolu olmaq üzrə Osmanlı coğrafiyasındakı bu yayılma, Seyid Yəhyanın Anadolunun müxtəlif yerlərindən gələn müridləri vasitəsi ilə olub. O dövrdə İzmir, Aydın, Afyon, Qaraman, Ərzincan, Amasiya, Kastamonu, Niğdə, Çankırı kimi, Bakıya çox uzaq yerlərdən gələn yüzlərlə müridin varlığı S.Yəhyanın şöhrətinin Anadoluda çox geniş yayıldığını göstərməkdədir. Seyid Yəhyanın xəlifələrindən Həbib Qaramani, Çankırılı Hamza, Əhməd Sünnəti və Ələddin Rumi Xəlvətiyyənin təmsilçiləri olaraq Anadolunun müxtəlif şəhərlərində təriqəti yayıblar. Xəlvətiyyə təriqətinin inkişafı və yayılmasında ən çox M.Bəhaəddinin xəlifələri və davamçıları tərəfindən qurulan şöbələr və qollar təsirli olub. Bunlardan ilki, Çələbi Xəlifə tərəfindən qurulan Cəmaliyyə, digəri isə Əhməd Şəmsəddin Marmaravi tərəfindən qurulan Əhmədiyyə şöbəsidir. Bunlar Xəlvətiyyənin dörd ana şöbəsindən ən çox yayılan ikisidir. Çələbi Xəlifədən sonra bu şöbə Sümbüliyyə, Şabaniyyə, Assaliyyə, Bəxşiyyə və Şərnubiyyə kimi bir çox qollara ayrılıb. Əhmədiyyə şöbəsi də, Marmaravidən sonra Sinaniyyə, Uşşaqiyyə, Ramazaniyyə və Misriyyə olmaq üzrə dörd qola ayrılıb. Bu qollardan daha başqa qollar da yaranıb. Seyid Yəhyanın xəlifələri daha çox Azərbaycanın Şamaxı, Quba-Xaçmaz, Gəncə, Bərdə-Qarabağ və Təbriz tərəflərində təriqəti yayıblar. Dədə Ömər Rövşəni Qarabağda olduğu əsnada Uzun Həsənin dəvəti üzərinə Təbrizə gedərək Səlcuq xatunun inşa etdirdiyi dərgaha yerləşib. Xəlvətiyyənin Rövşəniyyə qolunu quraraq daha sonralar bu şöbəni Qahirədə davam etdirəcək olan sufi şair İbrahim Gülşəni, Şeyx Dəmirdaş, Şahin Xəlvəti, Həsən Bayatı Mahmudoğlu kimi azərbaycanlı böyük şəxsiyyətləri burada yetişdirib. Rövşəniyyə qolundan Gülşəniyyə və Dəmirdaşiyyə qolları yaranıb.

Mehmet Rihtim,
Araşdırmaçı