Tarixən formalaşmış milli geyimlərimiz Hadisə

Tarixən formalaşmış milli geyimlərimiz

XVII əsrdə Azərbaycan Yaxın Şərqin böyük ipəkçilik zonası, Şirvan əyaləti isə Azərbaycanın əsas ipəkçilik rayonu idi. Mühüm toxuculuq mərkəzləri Şamaxı, Şabran, Ərəş, Qəbələ, Cavad, Ağdaş, eləcə də Gəncə, Şəki, Naxçıvan, Marağa, Mərənd, Ərəş və Ordubadda yerləşirdi. Bu haqda məşhur səyyah Adam Oleari yazırdı: "Onların (şirvanlıların) əsas məşğələsini iplik, ipək və yun toxuma, müxtəlif tikmə işləri təşkil edir". Şamaxıda istehsal olunmuş parçalar xüsusi şöhrət tapmışdı. Burada hazırlanan zərif baş örtüklərinə və başqa toxuma məmulatlarına böyük tələbat vardı. Bunların sırasında ipək parça sənətkarlığının görkəmli mərkəzlərindən biri olan Gəncəni xüsusi qeyd etmək lazımdır. Evliya Çələbi (XVII əsr) yazırdı ki, Gəncə ipəyi çox məşhur idi.
Naxçıvanın mahir toxucu sənətkarları çoxlu miqdarda ucuz, lakin gözəl və yuksək keyfiyyətli pambıq parça isehsal edirdilər. Onların hazırladığı rəngarəng çit parçalara böyük tələbat var idi.
Parça xalqın mədəniyyətini əks etdirən elementlərdən biridir. Parçaların naxışı və rəngləri həm bir xalqı başqasından ayırmağa və həm də eyni xalqın içərisində müxtəlif sinifli təbəqələrin nümayəndələrini fərqləndirməyə imkan verirdi. Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikilirdi. Araşdırmalar göstərir ki, bu vaxt Azərbaycanda əsl mənada milli geyim məktəbi yaradılıb. Geyimlə şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını bilmək olurdu. XVI-XVII yüzilliklərdə Azərbaycanda üst geyimləri çox müxtəlif və rəngarəng olub. Bu dövrdəki üst geyim formaları əsas etibarilə qədim geyim ənənələrinin davamı kimi inkişaf edir. Lakin bu ənənə getdikcə daha da zənginləşmiş, gözəlləşmiş və dekorativləşmə istiqamətində inkişaf etmişdir.
XIX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Şəki, Gəncə, Qazax və s. şəhərlərini gəzib orada milli geyimlərin naturadan şəkillərini çəkmiş rus rəssamları V.V.Vereşagin və Q.Q.Qaqarinin əsərləri də müəyyən əhəmiyyətə malikdir.
Geyimlər Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirməklə bərabər, eyni zamanda onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi. Cavan qızın və ailəli qadının geyimlərində gözə çarpacaq qədər fərqlər olurdu. Cavan gəlinlər daha gözəl və zəngin geyinirdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər. Toy və bayram paltarları adətən qiymətli parçalardan tikilməklə bərabər gündəlik və iş paltarlarından fərqli olaraq müxtəlif qızıl və gümüş bəzəklərlə də ziynətləndirilirdi. XIX əsrdə və XX əsrin əvvəllərində alt və üst paltarlardan ibarət olan Azərbaycan qadın geyimlərini iki hissəyə bölmək olar. Qadın üst geyimləri üst köynəyi, çəpkən, arxalıq, ləbbadə, küləcə, kürdü, eşmək və baharıdan ibarət idi.
Çəpkən - gözəl biçimli üst qadın geyimlərindən biri idi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi. Onun yan tərəflərində aşağıda çapıq adlanan qabarıq hissələri olurdu ki, bu da bədənin daha gözəl və fiqurlu görünməsinə imkan verirdi. Arxalıq - Azərbaycanda qadınlar arasında geniş yayılmış geyimlərdən biri idi. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi. XIX əsrdə ən gözəl qadın arxalıqları Şuşa, Şəki, Naxçıvan və Şamaxıda tikilirdi.
Ləbbadə - sırıqlı və astarlı olurdu. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanırdı. Ləbbadənin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olurdu. Qolu qısa, dirsəyə qədər idi. Qoltuq yeri açıq biçilirdi. Ləbbadə əsasən məxmər və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilirdi. Eşmək - sırıqlı üst geyimidir. Eşmək tikmək üçün əsasən tirmə və məxmərdən istifadə edirdilər. Eşməyin içinə, yaxasına, qolunun ağzına və ətəyinə xəz qoyulurdu. Bundan əlavə qolunun ağzına, ətəyinə və yaxasına müxtəlif bafta və zəncirlər tikilirdi.
Kürdü - Zəngin qadın üst geyimlərindən biri sayılıb. Tirmə və məxmərdən tikilən kürdü sarıqlı və qolsuz idi. O, qış fəslində geyildiyi üçün onun boynuna, yaxası və ətəklərinə xəz tikilirdi. Əhali arasında geniş yayılan geyimlərdən biri də Xorasan kürdüsü idi. Xorasandan gətirilən bu kürdülər tünd sarı rəngli dəridən hazırlanır, üzərinə həmin rəngli ipək sapla naxış tikilirdi.
Küləcə - belə qədər düz ətəyi büzməli olan qadın üst geyimidir. Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olurdu. Küləcə əsasən məxmər və tirmədən tikilirdi. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin ilə tikmə tikilirdi.
Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan-Ordubad zonasından başqa, topuğa qədər olurdu. Naxçıvan-Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirdilər. Tuman naxışlı ipək, yun və çitdən tutmuş tirməyə qədər müxtəlif parçalardan tikilirdi. Bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çaxçur da geyirdilər. Çaxçur ipək parçadan tikilirdi.
Qızıl və ya gümüşdən hazırlanmış düymələr də qadın geyimlərinin yaxası boyunca tikilirdi. Bəzən köynəyin ətəyinə qızıl pullar tikilirdi. Qadın geyimlərində güləbətin, muncuq, pilək və s. tikmələr də geniş yer tuturdu. Qadınlar arxalıq və ya çəpkənin üstündən qızıl, yaxud qızıl suyuna salınmış gümüş kəmər taxırdılar. Onlarla yanaşı dəri üzərinə gümüş pullar tikilmiş və gümüş toqqası olan kəmərlər də çox geniş yayılmışdı.
Qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər, ipək örtüklər xüsusilə geniş yayılmışdı. Kəlağayı Azərbaycanın Şəki, Gəncə və Şamaxı kimi məşhur ipəkçilik mərkəzlərində xüsusi karxanalarda istehsal edilirdi. Kələğayının əlvan rənglərinə üstünlük verilərdi. Soyuq havalarda bütün bu geyimin üstündən şal salardılar (tirmə şal, kəşmiri şal, təbii yundan əllə toxunmuş şal).
XVI-XVII yüzilliklərdə ən çox yayılmış qadın baş geyimlərindən biri araqçın idi. Bunlar əsas etibarilə iki cür olurdu: qadın və qız araqçınları. Baş geyimlərini qadınlar evdə, həyətdə və qonaqlığa gedəndə geyər, küçəyə çıxdıqları vaxt isə üstdən əsas etibarı ilə ağ çarşab örtərdilər. Küçədə çarşabsız gəzməyə, adətə görə kiçik qızlara və yaşlı qadınlara icazə verilirdi.
Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keçə parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər.
XVIII yüzildə və sonralar Azərbaycanda qadınların alnını bəzəyən baş geyimi də geniş yayılmışdı. Bu baş geyimlərini həmin dövrdə dərzilər yox, zərgərlər hazırlayırdılar. Bu tip baş geyimləri əsas etibarilə Qarabağ, Gəncə, Qazax, Tovuz, Borçalı mahalında geniş yayılmışdı. XVIII əsrdə qadın ayaqqabı forması bəzi kişi ayaqqabısına bənzəyirdisə də, onlardan öz zərif biçimi və gözəl bəzəkləri ilə ayrılırdı. Nisbətən kübar qadınların ayaqqabılarının üstünə tikmə salınır, içərisinə isə dabandan tutmuş pəncəyə qədər naxışlarla bəzənmiş gümüş parçası bərkidilirdi.
Müxtəlif bəzək şeyləri geyimləri tamamlayır, onun milli xüsusiyyətini zənginləşdirirdi. Zərgərlər bəzək məmulatını qızıl və gümüşdən hazırlayırdılar. Qiymətli qaş-daş: brilliant, almaz, zümrüd, yaqut, mirvari, firuzə, əqiq va s. istifadə olunurdu. Azərbaycanın zərgərlik məmulatı mərkəzləri Bakı, Gəncə, Şamaxı, Şəki, Naxçıvan, Şuşa şəhərləri idi. Yerli zərgərlər əhaliyə lazım olan hər cür zərgərlik məmulatı hazırlayırdı. Dağıstanın Kubaçi zərgərlərinin istehsal etdikləri gümüşdən qayrılmış qadın və kişi kəmərləri də Azərbaycanda böyük şöhrət tapmışdı.
Kişi üst geyimləri köynək, arxalıq, qaba və çuxadan ibarət idi. Arxalıqlar əsasən ipək, kişmir, atlas, mahud, sətindən tikilirdi. Qaba çiyinüstü geyim idi və əsasən tirmədən tikilirdi. Çuxa içi tüklü qoyun dərisindən tikilirdi, düyməsiz, naxışlı idi.
Papağı itirmək rüsvayçılıq sayılırdı. Kiminsə papağının oğurlanması ona qarşı düşmən hücumu, papağın başdan vurulub-salınması onun bütün nəslini təhqir etmək hesab edilirdi. Dəstəmaz zamanı istisna olmaqla, kişilər papaqlarını başlarından çıxarmırdılar. Papaqların müxtəlif formaları və adları mövcud idi. Ən sadə və geniş yayılmış növü motal və çoban papaqları idi. Onları uzuntüklü qoyun dərisindən hazırlayırdılar. Motal papaqları yoxsul kəndlilər taxırdılar. "Şiş papaqları" və "bəy papaqları"nı konus şəklində və itiuclu hazırlayırdılar. Onların ümumi adları buxara papaq idi, çünki onların hazırlanması üçün dərini Buxaradan gətirirdilər. Belə papaqları bəylər və varlılar taxırdılar, həmçinin şəhər aristokratiyası də onlardan istifadə edirdi.
"Yappa papaq" Qarabağ üçün xarakterik idi. Nuxa qəzasında "Daqqa papaq"lar var idi, bu cür papaqların üzü məxmərdən tikilirdi. Kişi baş geyimlərinin papaqdan başqa araqçın, başlıq, təsək, təskulax, əmmamə (çalma) kimi növləri də var idi. Araqçın və təskulaxı digər baş geyimləri ilə birgə taxırdılar. Araqçını papaqsız taxmaq ədəbsizlik sayılırdı, bunu yalnız uşaqlar edə bilərdilər. Ruhanilər türban-əmmamə taxırdılar. Ali ruhani təbəqəsi yaşıl əmmamə geyinirdi.
Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının dəbdəbəsini təsvir edərək yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu, onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi". XIX əsrin sonu - XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darayi və məxmər idi. Onlar Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal lövhəciklər) istifadə olunurdu. Boyama zamanı bitkidən alınan boyaq maddələrindən istifadə edilirdi. Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə seçilirdi. Azərbaycan naxışlarının ən çox sevilən motivləri qızılgül, nərgiz, qərənfil, lalə, liliya (zanbaq) və meyvə ağaclarının (nar, heyva, alça) çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlılar, altı və səkkizguşəli gülşəkilli bəzəklər, kiçik romblar, ulduzlar və rəmzi günəş təsvirlərindən ibarət idi. Naxışlarda quş təsvir etməyi xoşlayırdılar: bülbül, tovuz quşu, göyərçin, tutuquşu, hop-hop, qarğa, qırqovul, dişi bildirçin, kəklik və s. Çox tez-tez quş cütlüklərinin təsvirinə rast gəlinirdi - ən qədim və sevilən ornament motivi idi.

Ülviyyə Tahirqızı