Naxçıvanda yerli və beynəlxalq ekspedisiyalar arxeoloji qazıntılar aparılıb Hadisə

Naxçıvanda yerli və beynəlxalq ekspedisiyalar arxeoloji qazıntılar aparılıb

AMEA Naxçıvan Bölməsində Ordubad rayonu ərazisində yerləşən Plovdağ yaşayış yerində aparılan arxeoloji ekspedisiyanın yekunlarına həsr olunan tədbir keçirilib. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, hər il olduğu kimi cari ildə də Naxçıvan ərazisində yerli və beynəlxalq ekspedisiyalar tərəfindən arxeoloji qazıntılar aparılıb və çoxlu sayda yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb. Ordubad ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının fəaliyyətindən bəhs edən alim ərazidə qazıntı işlərinin bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli tərəfindən həyata keçirildiyini söyləyib.
Daha sonra Bəhlul İbrahimli Plovdağ Tunc dövrü yaşayış yerində aparılan arxeoloji ekspedisiyanın yekunlarına dair ətraflı məlumat verib. Arxeoloq alim qeyd edib ki, Plovdağ yaşayış yerində 2004-cü ildən başlayaraq arxeoloji tədqiqatlar aparılır. Abidə bütünlüklə Tunc dövrünü əhatə edir. Tədqiqatlar nəticəsində ərazidən Tunc dövrünə aid fərdi evlərin qalıqları, yardımçı tikililər, yaşayış yerindən və nekropollardan xeyli sayda dən daşları, toxalar, qara və boz rəngli keramika nümunələri, ocaq qurğuları aşkar olunub. Tapılan daş alətlər Orta Tunc Dövrü üçün xarakterik materiallardır. B.İbrahimli gələcəkdə qazıntıların bu istiqamətdə davam etdiriləcəyini deyib.
Sonra o, iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, həmin institutun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Arxeoloji xidmət şöbəsinin müdiri, ekspedisiyanın üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva çıxış edərək Plovdağ yaşayış yerində aşkar olunan Erkən Tunc dövr arxeoloji materialların Azərbaycan və Naxçıvan arxeologiyası üçün əhəmiyyətini qeyd ediblər.