Cəbrayılın işğalından 21 il ötür Hadisə

Cəbrayılın işğalından 21 il ötür

Əlisahib Əroğul: "O torpaqları cismən tərk etsək də, biz Azərbaycan türkləri mənən, ruhən ana yurddayıq"

Avqustun 23-ü Cəbrayıl rayonunun işğalından 21 il ötür. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İranla həmsərhəddir. Ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və onlarla bulaq vardı.
İşğal nəticəsində rayona milyardlarla ölçülə biləcək ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşıblar. Hazırda rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı davam edir. Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.
"Cəbrayılın tarixi həm də Azərbaycanın öz tarixidir"-deyən yazıçı-publisist Əlisahib Əroğul Cəbrayıl rayonunun inzibati ərazi vahidi kimi ən qədim zamanlardan türk etnoslarının yaşayış məskəni olduğunu bildirir: "Çünki türkün Cəbrayıl torpağında yaşam tərzinə aid izlər olduqca qədimlərdən gəlir. Belə ki, türkün bu torpaqda varlığının ən yaxın tarixi mixi yazılarda 6 min il öncəyə təsadüf edir.
Hətta bu türklərdən öncə belə bu torpaqlarda yaşayan ilk insan icma və toplumları olan odərlərin özləri də tarix səhnəsinə türk söykəyi ilə çıxıblar. Ərgünəş yer, dağ adları, Günəş-Ata ocağı, Ziyarət dağında ocaq qalanan təbii buxarı yeri, Alban məbədi, Ağoğlan və Qurbantəpə pirində Günəşə sitayiş kultunun qalığı sayılan inanclar, dini ayinlərin və ritualların yerinə yetirilməsi bu əsasda durur. Bu, odərlərin türk mənşəli yaşam tərzindən xəbər verir. Cəbrayıl torpağı ilk insan yaşayışının izləri olan inzibati ərazi vahididir. İncə dərəsində Divlər sarayı (Dağtumas kəndi) ona yaxın ərazilərdə Azıx, Tağlar mağaraları (Cəbrayıl qəzası) ibtidai insan icmalarının məskən yerləridir. Diri dağındakı Qala yeri daş dövrü abidlərindən sayılır. Burada əhatə dairəsi 150 addım olan hündür qayanın sinəsi çapılaraq təbii taxt şəklinə salınmışdı. Bu qaya çıxıntısından bir zamanlar səngər kimi istifadə olunduğu ehtimal edilir. "Səngər" şəklinə düşmüş "sunqar" sözü qədim türkcədə elə "dağ çıxıntısı" deməkdir".
Sözügedən yerlərin türk ruhu ilə minillər ərzində yoğrulması ilə bağlı çoxlu faktlar gətirən Əlisahib Əroğul sonda bu qənaətə gəlir: "Cəbrayıl torpağı - bəşəriyyətin ilkin inkişaf dövründən yerli, köklü, yekcins əhalisi tarixən müxtəlif adlı, müxtəlif biçimli, ancaq eynidilli türk tayfalarının yaşadığı, qaynayıb-qovuşduğu ən qədim oğuz yurdudur. Bütün yer-yurd, kənd-oba, oymaq, tirə, tayfa adları: etnonimlər, toponimlər, antroponimlər, oykonimlər, oronimlər, hidronimlər, zoonimlər, büsbütün nələr var, hamısı türk mənşəlidir".
Cəbrayılın bir an da olsun yadından çıxmadığını deyən Əlisahib Əroğul inanır ki, o torpaqlar daim türk ruhuyla nəfəs alıb, bundan sonra da belə olacaq: "Ermənilər dərk etməlidirlər ki, Ermənistanın bu gün yerləşdiyi bütün ərazi belə tarixi Azərbaycan torpağıdır. O torpaqları cismən tərk etsək də, biz Azərbaycan Türkləri mənən, ruhən ana yurddayıq.
Dürlü-dürlü dağ çaylarının qıjıltısı, şəlalələrin şaqqıltısı, şaqraq səsləri, lilpar bulaqların pıqqıltısı, dağ kəllərinin nəriltisi, kəkliklərin qaqqıltısı hələ də qulaqlarımızdadır. Çiçəklərin, güllərin ətri, ənbər qoxusu burnumuzda, çeşid-çeşid nemətlərin dadı-tamı damağımızdadır. Dəlidağ, Leyli zirvəsi, Alagöz, Qaranlıq, Boğazkəsən, Qızılboğaz, Damqaya, Keçəl dağ, Armudlu dərə, Çalbayır, Soyuqbulaq, Dərəçiçək, Qaçaqqıran dərə və s. yüzlərlə, minlərlə adını çəkib-çəkmədiyimiz yurd yerlərimiz, ocaq daşlarımız, köç düşərgələrimiz qucaq açıb bizi gözləyir. Biz onlara tamarzıyıq, onlar bizə həsrət. Axı ora Vətəndir! Ulularımızın, dədə-babalarımızın məzarları uyuyan torpaqdır, məkandır. Başdaşları sındırılmış, oğurlanmış, nagahan qəbirlərin sorağındayıq. Bizi bizdən alır o torpaq. Doğmalarımızın ruhudur, qarabaqara bizi izləyən, o torpağa səsləyən. Varlığımızı cismən o yurddan, o eldən-obadan uzaq salsaq da, ruhumuz yenə o Vətən göylərində dolaşır. Vətən bizi çəkir. Vətən Vətənə səsləyir bizi. Bu lal elegiyalar, vaveylalar səddini gec-tez aşmalıyıq, aşacağıq da. Tarix öz ədalətli hökmünü zamanında verəcək. Gün gələcək, alman faşistləri kimi erməni-daşnak faşistləri barəsində də beynəlxalq ədalət məhkəməsi qurulacaq. Birbaşa ifrat faşist partiyası olan Daşnaksütyunun yetirməsi erməni-daşnak faşistləri nə vaxta kimi meydan sulayacaqlar?
Böyük dövlətçilik şovinizmi bu kiçik etnik xalqın beyninə hardan dolub? "Böyük Ermənistan" xülyasını beyinlərə doldurmaqla erməni-daşnak faşistləri nə demək istəyirlər? Ermənilər öz irqi üstünlüklərini axı nədə görürlər? Xeyirxah olmayan qəddardır. Bütün olub-keçənlər bu gün mənə yuxu kimi gəlir. Qarabağ itkisini heç cürə qəbul edə bilmirəm. Baş verənləri isə heç cür başa düşə, dərk edə bilmirəm. Bir onu bilirəm ki, içimizdə erməni əli olub və hələ də var. Böyük ümidlə, ürək çırpıntılarıyla bu əlin kəsiləcəyi günü gözləyir və o günü görürəm. Bizim özgə torpağında gözümüz yoxdur, öz torpaqlarımızı qorumağa, müdafiə etməyə bəs sözümüz nədir? Cənnətimiz xarabazardır, ancaq belə də qalmaz. Bu gün Qarabağı geri qaytarmaq, Azərbaycan varlığını, onun ərazi bütövlüyünü, torpaqlarımızın toxunulmazlığını bərpa etmək, Azərbaycan dövlətçiliyinə əbədiyyət qazandırmaq, Azərbaycanda separatizmin kökünü kəsmək haqqımızı kimsə əlimizdən ala bilməz. "Qarabağsız Azərbaycan yoxdur" - deyənlər haqq yolundadırlar, sarsılmaz Azərbaycan dövlətçiliyinin keşiyindədirər. Qarabağ uğrunda ədalətli mübarizəmiz öz həllini tapmayınca mənəvi yaralarımızın sağalacağından, fiziki şikəstliyimizin aradan qalxacağından hər hansı şəkildə danışmaq olmaz. Nə qədər erməni-daşnak faşizmi var, onun ideyalarını yaşadanlar mövcuddur, nə dinclik, nə sülh bizə qismət olmayacaq, varlığımız təhlükə altında qalacaq, zaman-zaman torpaqlarımız erməni-daşnak faşistlərinin təcavüzünə düçar olacaq".
Əslən Cəbrayıldan olan filologiya üzrə fəlsəfə doktoru, "Xudafərin" qəzetinin bar redaktoru Şakir Albalıyev anadan olduğu, boya-başa çatdığı yurdunun özünəməxsusluğu barədə danışır: "Respublikamızın rayonları içərisində indi erməni əsarətində olan Cəbrayıl özünün bir çox özəllikləri ilə fərqlənir. Cəbrayılın özünəməxsusluqlarından biri bu yurdun övladlarının etnik cəhətdən yekcins olmasındadır, yəni Cəbrayıl ərazisində yaşayanların hamısı Oğuz soylu Azərbaycan Türkləridir, Cəbrayıl ərazisi də qədim türkün beşiyidir. Bu mənada Azərbaycan Türkünün saf qan, nəsil-soy daşıyıcısı olan cəbrayıllılar öz yaşam tərzlərində, canlı dialekt-şivələrində türklüyümüzü qoruyub yaşadıblar. Dəfələrlə başqa-başqa adamlardan, yəni kənar rayonların nümayəndələrindən cəbrayıllıların türklüyü yaşadan cəhətləri haqqında çox eşitmişəm. Bu imici qazanmağın səbəbi qədim türkün xüsusiyyətlərini fitrətən özündə daşımaqdan irəli gəlir. Bu gün dünyada tamam fərqli dəyişikliklər müşahidə olunur. Ötən yüzilliyin sonlarından başlayaraq dünyada qloballaşma adı altında mənəviyyatımıza düşünülmüş şəkildə yeridilən aşınmalar əxlaqımıza, dilimizin saflığına və milli-mənəvi dəyərlərimizə ciddi zərbələr vurmaqdadır. Sevinirəm ki, bu cür mənəvi aşınmaların qarşısında Cəbrayıl
sakinləri möhkəm duruş gətiriblər. 1993-cü ildə Cəbrayıl rayonunun ərazisi mənfur ermənilərin pəncəsinə keçdi. Torpaq itkisi ilə üzləşən rayon sakinləri tarixi, qədim dədə-baba torpaqlarından pərən-pərən düşüb dağılışdılar. Çoxlu şəhidlərimiz oldu. Ancaq nə vaxtsa torpaqlarımız özümüzə qayıdacaq, cəbrayıllılar yenidən dədə-baba torpaqlarında yaşayacaqlar. Məni yurd sevgisindən gələn bir məsələ ciddi narahat edir. Bu kimi məsələləri gizlətmək qətiyyən olmaz. O bəla mənəviyyatımızın aşınması təhlükəsidir. Elsiz-yurdsuz qalan cəbrayıllılar artıq bir yerdə deyillər, məsəli bizdən uzaq, "Sürüdən ayrı gəzən dananı qurd yeyər" prinsipi ilə yanaşsaq, son gedişat bizim də mənəviyyatımıza pis mənada təsirini göstərəcək. Belə ki, Cəbrayılın bağrından qopub gələn yaşlı nəsil yurd nisgili ilə yana-yana, qovrula-qovrula ölür, dünyaya yeni gələnlər isə tamamilə fərqli bir mühitdə, ab-havada yaşayır. Şəhərləşən, kökündən ayrı düşən yeni cəbrayıllılardan hansı qədim kəndçiliyi gözləmək olar? Bax, bizi gözləyən ən böyük təhlükə budur. Bu bəlanın bizi tamamilə məhv etməsini gözləməkdənsə, torpaqlarımızı tezliklə düşməndən azad etməliyik".

Uğur