BMU elmi məqalələrə istinad sayına görə üçüncü yerdədir Hadisə

BMU elmi məqalələrə istinad sayına görə üçüncü yerdədir

Dünyada elmi-tədqiqatların ən əhəmiyyətli hissəsinin əsasən “Web of Science” və “Scopus” bazasında indekslənən nəşrlər olduğu artıq birmənalı olaraq elm ictimaiyyəti tərəfindən qəbul edilir. Keçən əsrin 70-ci illərindən artıq 60 ilə yaxındır ki, elmi-tədqiqatların istinadları elmmetrik olaraq hesablanır və bu göstəricilər ölkə elminin inkişafının komponentlərindən sayılır. 2014-cü ildə dünyanın ən məşhur elmi jurnalı olan “Natura” jurnalında elmi nəşrlərə istinadın hesablanması sisteminin 50 illiyi münasibəti ilə hazırlanan hesabatda qeyd edilirdi ki, indiyə kimi dünyada 50 milyondan artıq elmi-tədqiqat işi nəşr olunsa da, onlardan yarısı heç bir istinad almayıb və heç bir təsir əmsalına sahib olmayıb. Ciddi qəbul edilərək ən az 10 istinad alan tədqiqat işləri isə dünyadakı ümumi nəşrlərin sadəcə 2 faizini təşkil etməkdədir. Bu nəşrlərin 80 faizinin “Web of Science” və “Scopus” bazasında indekslənən nəşrlər olması, bu bazalardakı nəşrlərin əhəmiyyətini bir daha sübut etməkdədir. Yeri gəlmişkən, bu tədqiqatda indiyə qədər ən çox istinad alan 100 elmi nəşr siyahısında yeganə müsəlman elm adamının həmyerlimiz mərhum Lütfizadə olması qürurverici bir nüansdır.
Müstəqillik sonrası Azərbaycanda elmi-tədqiqatların keyfiyyətinin artırılması ilə əlaqəli bir sıra işlər görülsə də, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Clarivate Analytics” (“Thomson Reuters” şirkəti) arasında 22 dekabr 2015-ci ildə imzalanan əməkdaşlıq müqaviləsi zənnimizcə bu istiqamətdə atılan ən əhəmiyyətli addımlardandır. Azərbaycanın elmi-tədqiqat və ali təhsil müəssisələrinin dünyanın aparıcı elmmetrik bazası olan “Web of Science”ə çıxışı, azərbaycanlı alim və tədqiqatçıların elmi məhsuldarlığını nəzərəçarpacaq dərəcədə artırıb, elmi-tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib. 2019-cu ildə də artıq ikinci dəfədir ki, “Web of Science” indeksli elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdəki artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir. Belə ki, 2019-cu ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1450 elmi-tədqiqat işi qeydə alınıb. Analoji rəqəm Ermənistan üçün 1250, Gürcüstan üçün isə 1024 təşkil edir. Bu aktivliyə müsbət təsir göstərən başqa bir addım isə bir neçə universitetdə bu cür nəşrlərə görə mükafatlandırma sisteminin olmasıdır. Eyni zamanda, elmi ad və dərəcə alarkən və akademik vəzifələrə seçkilər zamanı bu nəşrlərin diqqətə alınması bu istiqamətdə nəşrlərə marağı daha da artırmaqdadır.
Bakı Mühəndislik Universitetində (BMU) də əməkdaşların elmi məhsuldarlığı hər zaman diqqət mərkəzindədir. Universitetdə tədris prosesi ilə elmi fəaliyyəti vəhdət təşkil edir, fakültələr, kafedralar, laboratoriyalar və digər elmi strukturların bazasında elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar aparılır. Aparılan elmi-tədqiqat işlərinin nəticələrinin istehsalata və tədris prosesinə tətbiqi, monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunması, elmi konfrans və seminarlarda məruzə edilməklə yayılması diqqət mərkəzində saxlanılır. Elmi-tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, universitetin vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər mənbələr hesabına həyata keçirilir. İşlərin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır. Eyni zamanda, hər il dekabr ayında il ərzində beynəlxalq istinad bazalarında indekslənən jurnallardakı nəşrlər universitet tərəfindən mükafatlandırılır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə mart ayının 27-si “Elm günü” kimi qeyd edilir. BMU hər il ənənəvi olaraq sərəncamda nəzərdə tutulan elmin populyarlaşması və inkişafı üçün bir sıra tədbirlər həyata keçirir. Hər il fevral ayının ilk həftəsi universitetin professor-müəllim heyətinə “Elmi resurs bazalarından effektiv istifadə” təlimi keçirilir.
BMU-da 2018-ci ilin oktyabr ayında “Azərbaycan Beynəlxalq nəqliyyat sistemində: hədəflər və perspektivlər” və “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: problemlər və perspektivlər”, noyabr ayında I Beynəlxalq Elm və Texnologiya konfransı keçirilib. 27-28 aprel 2019-cu il tarixlərində keçirilən “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı”nda 10-dan çox müxtəlif ölkədən universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən 800-dən çox gənc tədqiqatçılar bir araya gəlib, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşıb, problemlər təhlil edilib, onların həll yolları üçün təkliflər irəli sürülüb və gənclərin elmə olan marağını artırmasına töhfə verilib. Eyni zamanda, 3-4 may 2019-cu il tarixində “Turizm və Rekreasiya XXI əsrdə. Problem və perspektivlər” konfransı Azərbaycan Turizm və Menecment Universiteti ilə birlikdə yüksək səviyyədə keçirilib. Ötən ilin 29-30 noyabr tarixində “Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: hədəflər və perspektivlər” beynəlxalq konfransı da təşkil olunub. Ümumiyyətlə, son illərdə universitetdə 7 beynəlxalq konfrans keçirilib və onların nəşrləri universitetin saytına yerləşdirilib. Xüsusi vurğulamaq istərdik ki, “Scopus” və “Web of Science” platformasına daxil edilən International Conference on Thermal Engineering konfransının 13-cüsü Kanadanın Ryerson Universiteti ilə birgə 10-12 iyun 2020-ci il tarixində BMU-da (https://www.ictea.ca/) keçiriləcək. Konfransda 50-dən çox ölkədən 200-ə yaxın tədqiqatçının iştirakı gözlənilir. BMU-da hər biri ildə 2 dəfə nəşr olunan 6 istiqamətdə “Journal of Baku Engineering University” elmi jurnalları işıq üzü görür. Jurnalların hamısı AAK tərəfindən tövsiyə edilən nəşrlər siyahısına daxil edilib.
Eyni zamanda, Elmi işlər üzrə prorektorluğun təşkilatçılığı, fakültə elmi heyətləri və universitetin Tələbə Elmi Cəmiyyətinin (TEC) əməkdaşlığı ilə hər il ənənəvi olaraq aprel ayının son həftəsində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan Gənc Tədqiqatçıların Beynəlxalq Konfransı (http://yric.az/), dekabr ayının son həftəsində universitet tələbələri və orta məktəb şagirdləri arasında layihə yarışması “Qış Elm Festivalı” və may ayının ilk həftəsində tələbələrin elmi fəaliyyətlərinin sərgiləndiyi “Bahar elm sərgisi” keçirilir. Bununla yanaşı, müntəzəm olaraq bütün fakültələrdə aylıq elmi seminarlar və elmi müzakirələr keçirilir. 2017/2019-cu illərdə illərdə 50-dən çox bu cür elmi tədbir keçirilib.
Yarandığı 3 il ərzində universitetdə Web of Science platformasında 2017-ci ildə 8, 2018-ci ildə 18 və 2019-cu ilin ilk 6 ayında 30 olmaqla cəmi 56 nəşr və onlara 57 istinad qeyd edilib. BMU əməkdaşlarının Thomson Reuters-Web Of Science impakt faktorlu nəşrlərinin ümumi sayına görə Azərbaycan ali təhsil müəssisələri üzrə ilk onluqda, ictimai elmlər üzrə isə ilk üçlükdə yer almaqdadır. Eyni zamanda, BMU son üç ildə nəşr olunan məqalələrə istinad sayına görə Azərbaycan üzrə 3-cü yerdədir. Universitetdə mütəmadi olaraq əməkdaşlara elmmetrik bazalardan effektiv istifadə təlimləri verilir. Son üç ildə əməkdaşlarımızın ən mötəbər elmi nəşrlərdən Renewable and Sustainable Energy Reviews (Web Of Science İmpakt faktoru 11.239), Journal Of Molecular Liquids İF 4.561, Environmental Science And Pollution Research İF 3.208, Applied Mathematical Modelling 3.112 kimi sahəsi üzrə ən məşhur jurnallarda 10-a yaxın məqalə nəşr etdirməsi böyük uğurdur. Başqa müsbət məqam isə 2017-ci ildə elmi nəşrlərə görə mükafat alan əməkdaşlarımızın sayı 7 nəfər idisə, 2019-cu ildə bu göstərici 30 nəfərə qədər artıb və onların əksəriyyəti gənc tədqiqatçılardır. Xüsusilə bu il ciddi elmi jurnallarda 8 məqaləsi ilə fərqlənən iqtisadiyyat kafedrasının müdiri dos. Şəhriyar Muxtarovu, çap olunmasından bir il keçməməsinə rəğmən qısa müddət ərzində artıq Web Of Science bazasındakı 10 ən sürətli istinad alan nəşr siyahısına daxil edilən məqalə müəllifi olaraq Sənaye mühəndisliyi kafedrasının müdiri dos. Pərviz Həsənovu, Azərbaycandan azsaylı nəşr olan dilçilik sahəsində bir ildə iki nəşr çap etdirən Tərcümə və ingilis dili kafedrasının dosenti Şəfəq Dadaşovanı, kafedra əməkdaşları və tələbələri ilə bir neçə yüksək impakt faktorlu jurnalda məqalələri nəşr olunan Kimya mühəndisliyi kafedrasının müdiri dos. Yusif Abdullayev və kafedranın dosenti Rəvan Rəhimovu xüsusi qeyd etmək lazımdır.
Artıq 10-a yaxın əməkdaşımız impakt faktoru kifayət qədər yüksək olan 20-dən artıq elmi jurnalların redaksiya heyətinə daxildir və bu jurnallarda nəşr olunan məqalələrin rəyçiləridir.
2020-ci ildə BMU-nun tədqiqatçı alimləri daha yeni uğurlara imza atmaq əzmindədir. Hədəf olaraq ötən ildən iki dəfə çox elmi nəşrin elmi ictimaiyyətə təqdim edilməsi seçilib və bu istiqamətdə mühüm addımlar atılacaq. Tədqiqatçılarımız bu istiqamətdə Azərbaycan elminin inkişafına öz töhfələrini verməyi hər zaman prioritet olaraq seçiblər.

Elçin Süleymanov,
Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, dosent