Amerika ədalətsizliyi... Hadisə

Amerika ədalətsizliyi...

Arzu Şirinova

Son vaxtlar bəzi siyasilər ABŞ-Azərbaycan əlaqələrində ciddi yaxınlaşmanın olmamasında Dağlıq Qarabağ problemini bir əngəl kimi göstərirlər. Yəni ABŞ bu problemin həllində var gücüylə sözünü demir, haqlı olanı müdafiə etmir, ona görə də meydan Rusiyanın tam nəzarətindədir. Hətta ABŞ-ın belə mövqeyi bir vaxtlar ATƏT-in Minsk qrupunda həmsədr olaraq fəaliyyət göstərmiş, sonradan ABŞ-ın Azərbaycandakı səfiri postuna təyinat almış Metyu Brayzanın da narazılığına səbəb olub. Düzdür, onun narazılığı başadüşülən deyil. Çünki dünən bir söz, sabah isə başqa söz deyən bu siyasətçi mənim anlamımda mövqeyi dürüst olmayan biridir.
Ancaq Dağlıq Qarabağ problemilə yanaşı, Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəliş də münasibətlərdə əngəl yaradan amillərdən biri kimi qalır. Hər il ABŞ Hümayəndələr Palatasının xarici əlaqələr komitəsinin beynəlxalq əməliyyatlar üzrə alt qrupu 907-ci düzəlişi qüvvədə saxlayır. Güman ki, növbəti il də bunun şahidi olacağıq.
Düzəlişin nədən ləğv olunmaması hər zaman sual doğurub.
907-ci düzəliş barədə söhbət düşəndə Mark Tvenin Amerika Konqresi haqqında dediyi sözlər yada düşür. Yazıçı haqlı olaraq qeyd edir ki, "ABŞ Konqresi axırıncı qanuni cinayətkar sinifdir". Bu illər ərzində Konqresin fəaliyyətini incələdikcə Amerika siyasətinin bu günə qədər Azərbaycan da daxil olmaqla bir çox ölkələrə ədalətsiz davranışının şahidi ola bilərik.
Əslində, "Əsrin müqaviləsi"nin imzalanmasından, Azərbaycanın inkişaf yoluna qədəm qoymasından sonra faktiki olaraq 907-ci düzəliş ölkəmiz üçün təsirsiz bir sənədə çevrildi. Lakin bu sənədin qüvvədə qalması ABŞ-ın Azərbaycana yönəlik siyasətində ikili standartların qüvvədə qalması kimi dəyərləndirilməlidir.
Fikir verin, AKT-ın qadağa maddəsində yazılır: "Prezident Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz". Burada isə məntiqisizlik özünü aşkar göstərir. ABŞ həmsədr dövlətlərdən biridir. Bu maddə isə onun münaqişədə bitərəf deyil, tərəf kimi olduğunun göstəricisidir. Belə çıxır ki, ABŞ əlində dəyənək iki dava salanı aralaşdırmağa çalışır, arada da dəyənəyi əzilənin başına vurur. Bu AKT-ın qüvvədə qalması birmənalı şəkildə ABŞ-ın neytrallığını pozur. Bu isə Amerika ədalətsizliyinin bariz nümunəsidir. Eyni zamanda, ABŞ-ın Azərbaycan kimi güclü müttəfiqi və strateji tərəfdaşına qarşı belə bir sənəd qəbul etməsi düzgün metod deyil. Regionda maraqlarını müdafiə etmək istəyən dövlət mütləq xairici siyasətini tam müəyyənləşdirməlidir. 907-ci düzəliş hələ də iki ölkə arasındakı strateji tərəfdaşlığın genişləndirilməsi yolunda ciddi maneə olaraq qalır və ABŞ-ın bu regiondakı maraqlarına ziddir. ABŞ hökuməti bilir ki, işğalçı Ermənistan onun düşməni olan İranla hərbi və siyasi əməkdaşlıq edir. Ermənistana ayrılan maddi vəsait İran və Rusiyadan hərbi sursatların alınmasına yönəlir, bu da regionda sülh danışıqlarını pozmaqla yanaşı BTC, "Nabucco" kimi böyük layihələri təhlükə altına alır. Bununla yanaşı hələ də lazım olan addımları atmır.
907-ci düzəlişin qüvvədə qalması ABŞ-ın Azərbaycana olan soyuq və biganə münasibətinin təzahürü kimi dəyərləndirilməlidir. Əfsuslar olsun ki, digər Cənubi Qafqaz ölkələrinə başqa münasibət göstərilib. Bu da supergüc hesab olunan bir dövlətin, xüsusən də regionda marağı olan bir ölkənin rəsmi siyasətilə ziddiyyət təşkil edir. Belə münasibət iki ölkə arasında ciddi problemlərin meydana gəlməsinə rəvac verir. Sadəcə olaraq münasibətlərdə yaranmış soyuqluq Obamanın hakimiyyətə gəlişindən sonra açıq şəkildə ortaya qoyuldu.
Yeri gəlmişkən, ABŞ-ın Koliforniya ştatının Senatı Dağlıq Qarabağdakı separatçı rejimin "müstəqilliyinin" tanınması haqqında qətnamə qəbul edib. Qətnamədə, eyni zamanda, ABŞ prezidenti və Konqresin separatçıların "müstəqilliyini" tanımaq və onu dəstəkləmək çağırışı da öz əksini tapıb.