Patoloji affekt xəstəliyi Hadisə

Patoloji affekt xəstəliyi

Elnurə Bağırova: "Affekt halında olan insan çox aqressiv davranaraq ətrafdakılara təhlükə yarada bilir"
Arzu Qurbanova: "İnsan daim xarici və daxili aləmdən gələn qıcıqların təsiri altında ya şənlənir, ya da kədərlənir"

Affekt halı ciddi ruhi-duyğu pozğunluğudur. Bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur. Affekt halı ilkin dönəmdə özünü, sadəcə, müəyyən kiçik əlamətlərlə büruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur. Affekt halında olan insanlar anidən və özbaşına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal bir neçə dəqiqədən 1 saata qədər davam edə bilər.
Affekt halına meylli insanların heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar. Affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotik maddələrdən və ya spirtli içkilərdən istifadə edənlərdə özünü daha çox büruzə verir.
Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, affekt halının yaranma səbəbləri müxtəlifdir: "Affekt halı qəfildən yaranır və bir neçə dəqiqə davam edir. Affekt halı iki cür - patoloji və fizioloji - olur. Fizioloji affekt halı qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü göstərir. Patoloji affekt çox ağır keçir. Hesab olunur ki, bu vəziyyətdə olan adamın ağlı başında olmur. Bu cür vəziyyətə pxioloji travmaya səbəb olan hadisələr, digər şəxslərin davranışı, dediyi sözlər səbəb ola bilər. Affekt halında olan insanı idarə etmək olmur. Çox aqressiv davranaraq ətrafdakılara təhlükə yarada bilir. Affekt vəziyyətində olan insan öz emosiyalarını, nitqini, hərəkətlərini idarə edə bilmir. Bu halda insan nə etdiyini anlamır, bəzi hallarda affekt vəziyyətindən sonra amneziya da müşahidə olunur. Patoloji affekt halı tam psixi sağlam insanlarda da psixioloji travmalar nəticəsində yarana bilər".
Elnurə Bağırova bildirib ki, affekt halı 3 mərhələdə davam edə bilər. Birinci mərhələ psixoloji travmaya səbəb olan informasiyanı qəbul etdikdə başlayır. Affektiv gərginlik tədricən artmağa başlayır. İkinci mərhələ affekt halının pik nöqtəyə çatmasıdır. Bu zaman emosiyaların partlayışı baş verir. Bu fazanın əlamətləri tipikdir. İnsanda səslərin qəbul etməsi pozulur. Səslər sanki ya uzaqlaşır, ya da yaxınlaşır və güclənir. İllüziyalı qavrama müşahidə olunur, hallüsinasiyalar yaranır. Elə hallar olur ki, affekt vəziyyətinə düşən insan sayıqlayır, özünü hədsiz aqressiv və qəddar aparır. Affekt vəziyyətində insan baş verənləri və ola biləcək nəticəni obyektiv qiymətləndirə bilmir. İnsanın matorikasında da problemlər yarana bilər (ayaqlarında taqət olmaya, qulaqlarında küy yarana və hətta huşu itə bilər). "İkinci mərhələdən sonra affekt halının üçüncü mərhələsi başlayır. Bu mərhələdə insan baş verənlərə və ya etdiklərinə heç bir reaksiya vermir. Bu zaman insan çox pis vəziyyətdə olur. Onda ruh düşkünlüyü müşahidə olunur. Bir müddət heç kimlə ünsiyyət qurmaq istəmir.
Psixoloqun dediyinə görə, bu vəziyyət müvəqqətidir və qıcığa qarşı partlayış xarakterli reaksiyadır: "Fizioloji affekt halı pozitiv və neqativ olur. Bu cür affekt halı qəfil yaranır və insanın davranışının, psixi fəaliyyətinin qəfil dəyişməsi ilə müşayiət olur. Fizioloji affekt zamanı insan öz hərəkətlərini anlayır və özünü idarə edə bilir. O, həmin an ağlını itirmir və affekt halından sonra amneziya da baş vermir".
Fizioloji affektin səbəbləri müxtəlifdir. Affekt vəziyyətinə şəxsin yaxınlarından kiminsə və ya hansısa insanın həyatının təhlükəli vəziyyətdə olması, konflikt, insanların onu təhqir etməsi, özünə qiymətləndirmənin aşağı salınmasına, şəxsiyyətin alçaldımasına yönələn sözlər səbəb ola bilər.
İnsanın fizioloji vəziyyətə düşməsi şəxsin yaşından, əsəb sistemindən, özünə qiymətləndirmənin hansı səviyyədə olmasından, psixikaya təsir edən müvəqqəti fizioloji vəziyyətlərdən (yorğunluq, yuxusuzluq və s.) asılıdır.
Müsahibimiz qeyd edib ki, istənilən hisslər artaraq effekt halına qədər çata bilər: "Adətən cəmiyyətdə insanlar öz güclü hisslərini büruzə verməkdən çəkinir və emosiyalarını idarə etməyə çalışırlar. Lakin bu o demək deyil ki, insan daim bütün emosiyalarını sıxmalı və üzə çıxmağa imkan verməməlidir. Xüsusilə də müsbət hisslərin affekt vəziyyətinə səbəb olması insanın normal və sağlam həyat tərzi sürməsi üçün vacibdir. Müsbət hisslərin açıq və səmimi büruzə verilməsi şəxsiyyətin müsbət mənəvi keyfiyyətlərini üzə çıxardır. Müsbət affekt sağlamlığa, əhvala da müsbət təsir edir".
Psixoloqun dediyinə görə, neqativ emosiyalara söykənən affekt vəziyyətinə düşən insan təhlükəlidir: "Xüsusilə də, patoloji affektə düşən insanı daha da qıcıqlandırmaq, onunla mübahisə aparmaq olmaz. Yaxşı olar ki, affekt vəziyyətinə düşən insanı sakitləşdirməyə çalışasınız. Nəzərə almaq lazımdır ki, şəxsiyyətin alçaldılmasına yönələn, psixoloji travmaya səbəb olan sözlər, hərəkətlər insanı affekt halına sala bildiyi üçün, bu cür hərəkətlərdən və sözlərdən uzaq durmaq lazımdır". Onun dediyinə görə, affekt halına meylli olan isanlara yaşıl rəng sakitləşdirici təsir edir: "Yaxşı olar ki, evin dizaynında yaşıl rənglərə və otaq bitkilərinə üstünlük verilsin".
Cinayətin affekt vəziyyətində törədilib-törədilməməsini yalnız Məhkəmə Psixiatrik Ekspertiza təyin edə bilər. Bu barədə məhkəmə qərar verir və həmin xəstə psixiatrik xəstəxanaya yerləşdirilir. Affekt vəziyyətini yarada bilən psixi bir dəyişilmələr olub olmadığını aydınlaşdırırlar. Ekspertlər bildirir ki, bu məsələdə ekspert rəyləri, qanunla yanaşı hakimin özünün də rəyi əsas götürülür. Yəni hakim əgər situasiyanı özü üçün tam aydın təsəvvür eləyirsə ki, belə bir situasiyada vətəndaş heç cür hərəkətinə cavabdehlik daşıya bilməz, onda o qərar verir: bəli, bu bir affekt vəziyyətidir. Məsələn, biri içəri girib görür ki, biri onun oğlunun başını kəsib. Bu mənzərə təbii ki, o adamın bütün şüurunu, düşüncəsini tormozlayır və əgər o həmin adamı (oğlunun başını kəsən) öldürürsə, bu ruhi pozğunluq vəziyyəti kimi dəyərləndirilir".
Psixoterapevt İkram Əliyev bildirir ki, alkoqol və narkotika istifadəçilərinin beyni hər zaman dumanlı olur. Yaş artdıqca isə bu öz mənfi təsirini göstərir. Affekt halına əsasən kişilər düşür. Amma qadınlarda kəskin ruhi pozğunluğa rast gəlinir: "Emosiya pozğunluğunun müalicəsi 6 ay çəkir. 6-12 ay ərzində xəstədə sadaladığımz heç bir əlamət özünü göstərmirsə, deməli o artıq sağalır" - deyən həkim affekt xəstələrə daha çox diqqətin ayrılmasının lazımlığını vurğulayır: "Bu xəstələr cəmiyyət üçün təhlükəlidir. Əgər yaxınlarınızda, tanışlarınızda sadalanan əlamətlərə rast gəlmisinizsə, düşünmədən psixoterapevtə müraciət edin. Unutmayın ki, ruh pozğunluğu uzun sürən əziyyətli bir xəstəlikdir və öz-özünə sağalmır. Onun tam sağalması uzun müddət alır".
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, insan onunla baş verən hadisələrdən narahatlıq keçirir. Belə ki, o, onu əhatə edən hər bir şeyə bağlıdır. Hadisələrə və insanlara olan münasibəti isə emosiya ilə əks olunur. Emosiyaların təsiri altında insan özünə xoş gələn nə varsa, ona meyl edir və əksinə xoşagəlməyən qıcıqlardan uzaqlaşmağa çalışır. Təəssüratla bağlı hisslərimiz nəinki psixoloji, bioloji, eyni zamanda sosioloji bir prosesdir. Emosional reaksiyaların rəngarəngliyi, coşqunluğu, davamlılığı və s. hər bir adamın yaşı, intellekti, mədəni səviyyəsi, xasiyyəti və digər şəxsi keyfiyyətləri ilə sıx bağlıdır. Belə ki, iki eyni cür sevinən və ya kədərlənən adam yoxdur. Hər kəsin özünəməxsus gülüş və kədərlənmə tərzi var".
Arzu Qurbanovanın dediyinə görə, emosional halın dəyişməsi orqanizmin bütün orqan və sistemlərinə təsir edərək olduqca mürəkkəb bioloji reaksiyalara səbəb olur: "Misal üçün, müsbət emosional reaksiyalar zamanı qanda şəkərin, katexolaminlərin miqdarının, mənfi emosional reaksiyalarda isə adrenalinin, serotoninin miqdarının artması buna misal ola bilər. Ümumiyyətlə, insan daim xarici və daxili aləmdən gələn qıcıqların təsiri altında ya şənlənir, ya da kədərlənir. Xəstəlik nəticəsində meydana çıxan ağrı, aclıq, soyuğun təsiri narazılıq hissi yaradır. Xoş xəbər eşitmək, dost ilə görüşmək isə insanı razı edir. Bütün bunlar əhvala təsir göstərir. Əhvalın həddi bütün qıcıqların cəminə bərabər olur. Gün ərzində bu göstəricilər dəfələrlə dəyişə bilər. Əhval-ruhiyyənin vəziyyəti hər bir şəxsin anadangəlmə fərdi xüsusiyyətləri, temperamenti, xasiyyəti ilə də əlaqədardır. Həyatda nikbin adlandırdığımız adamlar, əhvalı bədbin olanlardan kəskin fərqlənir. Belə ki, az əhəmiyyətli, mənfi bir qıcıq nikbin adamların vəziyyətinə bəzən heç bir təsir göstərməsə də, bədbin adamlarda xeyli davam edən məyusluğa səbəb olur".
Arzu Qurbanovanın dediyinə görə, tez-tez rast gəlinən emosiya pozuntularına laqeydlik, emosional kütlük, hipertimiya, hipotiniya, eyforiya, disforiya, qorxu, təşviş, həyacan emosional ləbillik, emosional kövrəklik, emosional ambivalentlik, emosional kütlük hesab olunur. Məsələn, emosional kövrəklik zamanı xəstə olduqca yazıq, asanlıqla göz yaşı axıtmağa hazır olan görkəm alır. Laqyedlik zamanı isə xəstə yaxın adamlara, ətrafda cərəyan edən hadisələrə qarşı biganə olur. Amma bu zaman şəxs, marağına, instiktiv tələblərinə laqeyd qalmır.
Səbəbsiz yerə şənlənmək də emosional pozğunluqdan xəbər verir. Psixoloq qeyd edir ki, bu hal hipertimiya (maniakal hal) adlanır. Hipertimiya zamanı xəstə daim şən və gülərüz olur, oxuyur, oynayır, bir yerdə qərar tuta bilmir, hərəkətləri və davranışı ilə hamını əyləndirməyə çalışır. Lakin bu normal hal deyil, əsasən affektiv pozuntuların maniakal fazasında və bir sıra digər hallarda rast gəlinir.
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Kür Səfərəliyevin dediyinə görə, intiharların bir çoxu insanın affekt halında baş verir: "8 ildir bu işin içindəyəm, bilirəm ki, intihara cəhd edənlə nə qədər çox danışsan, vaxtını udsan, ağlı başına gəlir. Çünki həmin an affekt vəziyyətində olurlar. Bir nəfər var idi, düz iki dəfə onu intihardan xilas etmişik. Onlar bizə inanırlar, buna görə də danışanda gərək səmimi olasan, sən səmimi olmursansa, hiss edirlər. Ürək və emosiya ilə danışmaq vacibdir".

Ülviyyə Tahirqızı