Qarabağın qədim dövr arxeoloji irsinə həsr edilən yeni nəşr Hadisə

Qarabağın qədim dövr arxeoloji irsinə həsr edilən yeni nəşr

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Hidayət Cəfərovun “Qədim Qarabağ” adlı monoqrafiyası nəşr edilib. “Elm” nəşriyyatında çapdan çıxmış kitabın rəyçiləri professorlar Abbas Seyidov və Nəcəf Müseyiblidir. Vəsaitdə Azərbaycanın ayrılmaz və əzəli ərazisi olan Qarabağda tunc və ilk dəmir dövründə cərəyan etmiş etnik-mədəni proseslər izlənilir. Əsərdə yaşayış yerləri, qəbir abidələri, abidələrdən əldə olunmuş artefaktlar, ibtidai memarlıq, dəfn mərasimi, təsərrüfat sahələri, sənətkarlıq, iqtisadi-mədəni əlaqələr, ictimai quruluş və s. haqqında ətraflı məlumat verilir.
Səkkiz fəsildən ibarət olan nəşrin birinci hissəsi Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixinə, ikinci hissəsi Qarabağın ilk tunc dövrünə, üçüncü fəsil orta tunc, dördüncü fəsil son tunc və ilk dəmir dövrü abidələrinə həsr edilib. Əsərin beşinci fəslində abidələrin xronoloji dövrləşdirilməsi problemlərinə toxunulur. Monoqrafiyanın altıncı fəslində tədqiq edilən dövrdə regionun təsərrüfat həyatından və sənətkarlığından bəhs edilir. Son hissələrdə isə göstərilən dövrlərdə Qarabağın ətraf dünya ilə mədəni-iqtisadi əlaqələri işıqlandırılıb, qədim əhalinin ictimai quruluşuna toxunulub.
Fundamental tədqiqat əsərində professor H.Cəfərov arxeoloji faktlarla Qarabağın tunc dövründə etnik və mədəni baxımdan Azərbaycanın digər regionları ilə üzvü bağlı olduğunu göstərib. Monoqrafiya arxeoloq, tarixçi və etnoqraflar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.