Hər kəs özündən başlamalıdır... Hadisə

Hər kəs özündən başlamalıdır...

Rəsul Mirhəşimli: "Azərbaycan qanunvericiliyi toy və yas mərasimlərində qadağaların tətbiqinə imkan vermir"
Elgün Mənismov: "İsrafçılığın qarşısını almaq üçün birinci növbədə insanların şüurunda dəyişiklik getməlidir"
Bəkir Nərimanoğlu: "Bunun həlli yolu inzibati formalarla olamalıdır"

Son günlər mətbuatın əsas müzakirə mövzularından biri toy və yas mərasimlərində israfçılıq və buna son qoymağın yollarıdır. Bu problemin çözümü ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ümumiyyətlə toy və yas mərasimlərində israfçılığa necə son qoymaq olar? Bunun üçün inzibati qadağaların tətbiqi nə dərəcədə məqbuldur? Azərbaycan qanunvericiliyi toy və yas mərasimləri ilə bağlı qadağalara imkan verirmi? Media mənsubları və ekspertlər bu barədə nə düşünürlər?
Jurnalist Alim Hüseynli bildirdi ki, Azərbaycan xalqı özünün tarixi, dili, milli-mənəvi dəyərləri, adət-ənənələri, mərasimləri ilə daim seçilir. Xalq da öz növbəsində milli-mənəvi dəyərləri qorumağa, inkişaf etdirməyə, mərasimlərinin, bayramlarının hörmətini əziz tutmağa borcludur. Zaman dəyişdiyi kimi, insanların da hadisələrə, mərasimlərə, el şənliklərinə münasibəti dəyişə bilər. Çünki müasirləşməyə, yeniliyə, daha yaxşı yaşamağa, həyatda sərfəli, önəmli olanı seçib götürməyə cəhd zamanın tələbi olmaqla bərabər, həm də insanın arzusudur. Ancaq hər şeyin əndazəsi olduğu kimi mərasimlərin də sərhədi olmalıdır. Etiraf edək ki, bu gün müstəqil Azərbaycanımızda milli-mənəvi dəyərlərimizi, nəcib adət-ənənələrimizi qoruyub yaşadan, vətəndaşlığı, ləyaqəti, ədəb-ərkanı həyatının mənası kimi dəyərləndirən insanlar çoxdur. Ancaq aramızda saxta şöhrətə, ada, yersiz ədəb-ərkana, bayağı, cansıxıcı həyata, süni görüntülərə uyanlar da az deyil. Çox təəssüflər olsun ki, belələri nəzərə çarpmaq, kimlərdənsə fərqlənmək, geri qalmamaq, varını-dövlətini nümayiş etdirmək, dost-tanışlarına göstərmək üçün çox vaxt özləri süniləşdikləri kimi, adət-ənənələrimizi, xüsusilə toy və yas mərasimlərimizi də süniləşdirirlər. Təəssüflər ki, toy və yas mərasimlərinin bugünkü acınacaqlı vəziyyəti əksər insanları narahat etsə belə, xoşagəlməz, adət-ənənələrimizə yabançı olan, mərasimlərimizi gözdən salan halların aradan qaldırılması üçün ictimaiyyət tərəfindən lazımi təşəbbüslər göstərilmir". O, həmçinin əlavə etdi ki, nəticədə toylarımız kimi yas mərasimlərimizi də ucuzlaşdırırıq: "Daha dəhşətlisi odur ki, yas mərasimlərimizi də təmtəraqlı keçirməyi özümüzə şərəf sayırıq. Yaslarımıza mərsiyəxanlar, ölü ağlayanlar dəvət edirik. Əslində isə yas mərasimlərinin də bol-bol yeməklər, şirniyyatlar, meyvələr, mineral sularla bəzədilməsi, yasda bir deyil, bir neçə mollanın iştirakı quru şöhrətpərəstlikdən başqa bir şey deyil. Süfrəyə gətirilən yeməklərin, ərzaq məhsullarının, içkilərin, suların, demək olar ki, 60-70 faizi istifadə olunmur, tullantıya çevrilir. Məgər biz bu qədər israfçılığa yol verməklə səxavətli, əliaçıq, var-dövlətli olduğumuzu sübut etmək istəyirikmi? Əsla, bu belə deyil. Bu gün şəhər, qəsəbə və kəndlərimizdə keçirilən toy və yas mərasimlərində israfçılıq nəticəsində tullantıya çevrilən tonlarla ət, toyuq, balıq, meyvə, çörək, tərəvəz və sair məhsullar və onlara çəkilən xərclər bu dövlətin var-dövlətidir, nemətidir. Bu var-dövlətə belə laqeyd münasibət təkcə məclis sahibinin öz cibinə, puluna düşmənçiliyi kimi yox, dövlətin iqtisadiyyatına, maddi nemətlərinə düşmənçilik kimi də qiymətləndirilməlidir. Belədə isə inzibati yollarla israfçılığın qarşısını almaq zərurəti yaranır. Əks halda şöhrətpərəstliyin mənəviyyata üstün gələcəyi şübhə doğurmur. Son vaxtlar isə toy və yas mərasimlərimizin əndazəni keçməsi insanların ciddi narahatçılığına səbəb olub. Müxtəlif vətəndaş cəmiyyətləri tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri, cəmiyyətin ziyalı təbəqəsinin ictimai qınağı da işə yaramayıb desək, fikrimizdə yanılmarıq. Dövlət isə hələ ki, mərasimlərin qanunvericiliklə tənzimlənməsini tətbiq etmək niyyətindən uzaqdır. Belə halda mərasimlərin təhrif edilməsinin, onların korlanmasının qarşısının alınması istiqamətində hansısa addımların atılması zərurəti yaranır. Yaranmış vəziyyətlə bağlı narahatçılığını gizlətməyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da deyib ki, Azərbaycanda yas mərasimləri həddini aşmamalıdır, yəni burada müəyyən nizam qorunmalıdır. Komitə sədri əlavə edib ki, yas mərasimləri ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyi bundan ibarətdir: "Yas mərasimləri ilə bağlı Azərbaycanın milli adət-ənənələri var. Milli adət-ənənələrimiz zaman-zaman mövcud olub, lakin onlar ehkam deyil, adət-ənənələr də zamana uyğun olaraq dəyişikliyə məriz qalır və bu da təbii prosesdir. Bunlar dinimizin tələblərinə uyğun edilməlidir, eyni zamanda, yas mərasimlərində hansısa təmtəraq və israfçılığa yol verilməməlidir". Mübariz Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının ayrıca fətvası var və orada da yas mərasimlərində israfçılıq edilməməsinə çağırış olunub: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də tövsiyəsi var. Bu tövsiyə ondan ibarətdir ki, yas mərasimləri hansısa israfçılığa gətirib çıxarmamalıdır və vətəndaşlar burada dinimizin tələblərini yerinə yetirməlidir". Məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyub. Belə ki, Eldar Əzizov Mənzil İstismar Sahələrinin rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb. Maraqlıdır, inzibati tədbirlərlə təmtəraqlı yas mərasimlərini aradan qaldırmaq mümkündürmü?.
İlahiyyatçı Rəsul Mirhəşimli dedi ki, toy və yas mərasimi keçirən insanlar özü dərk eləməlidirlər ki, israfçılıq edirlər: "Ümumiyyətlə, bizim toy və mərasimləri israfçılıq nümayişindən başqa bir şey deyil. Şadlıq evlərində toy mərasimi keçirənlər daha çox bu sarayların borcunu ödəyə bilmək əndişəsi ilə yaşayır. Övladına toy edən valideyn bu şad gündə sevinmək əvəzinə yersiz əndişə keçirir. Azərbaycanın yas mərasimlərinə gəlincə, onu demək olar ki, bu mərasimlərin dinimizlə heç bir əlaqəsi yoxdu. Çünki Allah-Təala israf edənləri şeytanla qardaş olduqlarını buyurur. Bu dini mərasimlərin analogiyasını heç bir İslam ölkəsində tapmaq mümkün deyil. Hesab edirəm ki, inzibati metodlar yas mərasimləri ilə bağlı əlavə gərginlik yaradır. Bu qaydalarda nizam yaratmağın ən yaxşı yolu dini maarifləndirmə və imkanlı şəxslərin öz yaxınlarının yas mərasimində göstərdiyi nümunə ilə mümkün ola bilər.
Azərbaycan qanunvericiliyi toy və yas mərasimlərində qadağaların tətbiqinə imkan vermir. Bu qadağaların tətbiq edilməsi məmur özbaşınalığından başqa bir şey deyil".
Jurnalist Elgün Mənsimov vurğuladı ki, toy və yas mərasimlərində israfçılığa son qoymaq üçün inzibati qadağaların tətbiq olunması hər halda xoşagələn hal deyil: "İsrafçılığın qarşısını almaq üçün birinci növbədə insanların şüurunda dəyişiklik getməlidir. Maariflənmə aparılmalı və nüfuzlu şəxslərin, el ağsaqqallarının mərasimlərində konkret nümunə qoyulmalıdır ortalığa. Beləcə, yavaş-yavaş bu hal kütləviləşəcək. Bəlkə də İnzibati qadağaların da bir effekti ola bilər. Elə bir zəmanədir ki, heç kimə deyə bilməzsən ki, bunu elə etmə, belə et. Ona görə də ən yaxşı addım dövlət tərəfindən konkret standartın müəyyən edilməsidir. Bu addım yas mərasimləri ilə bağlı özünü doğruldacaq, toy mərasimləri isə bir az qəliz məsələdir. Yükunda hər şey yenə də vətəndaşın üzərində cəmləşir. İnsanların yanaşması dəyişməlidir.
Bildiyim qədər yas və toy mərasimlərinin təşkili heç bir qanunla tənzimlənmir. Bu, mənəvi bir məsələdir. Amma bu mərasimlər üçün konkret standartlar tətbiq olunarsa, təbii ki, qanunvericiliyə də müəyyən əlavələr etmək mümkündür. Hətta, təkliflər əsasında bununla bağlı yeni qanun da qəbul etmək olar".
İqtisadçı ekspert Bəkir Nərimanoğlu dedi ki, toy və yas mərasimlərdinə israfçılıq yol verilməzdir: "Anacaq bunun həlli yolu inzibati formalarla olamalıdır. Hazırda ölkədə qeydə alınan bir neçə halda - yas mərasimlərində yeməklərin zorla yığışdırılasmı tərbiyəsəzilikdir. Belə şeylər adət kimi formalaşmalıdır".
Jurnalist Səbinə Əvəzqızı vurğuladı ki, yas mərasimləri ilə bağlı yeni qaydaları dəstəkləyir: "Kiminsə yası düşəndə acısını yaşamaqdan çox ehsan derdi çəkir. Son vaxtlar da bu ehsan məsələsini lap yarış səviyyəsinə gətirib çıxarmışdılar. Lakin Şəmkirdə yasda halvanı belə qadağan ediblər. Bunu isə qəbul etmək olmaz. Adətlərimiz var ki, yası düşən halva çalar. Bəs halvanı nə vaxt hazırlayacağıq? Şənliklərdə? Bizdə bir yaxşı iş olanda mütləq böyründə bir qəmbərqulusu olmalıdır da. Adətlərimizə uyğun olaraq yaslarda halvanın ehsan kimi verilməsinə heç kim müdaxilə etməməlidir".
Jurnalist Fuad Hüseynzadə bildirdi ki, bu, həm iqtisadi, həm də mənəviyatla bağlıdır: "Çünki hər kəs maliyyə durumuna görə yas mərasimi qurur. Və burda xərclənənlərin vəfat edənin axirəti ucun nə dərcdə əhəmiyyəti olduğuna çox az adam fikir veririr. İndi yas mərasimləri artıq toy mərasimləri kimi "qonşudan qalma geri" prinsipi təşkil olunur. Amma bututn bunlar kasıb əhali üçün iqtisadi zərbələrlə nəticələnir. Allah müqəddəs Quranda da deyib ki, "yeyin için, israf etməyin". İsrafçılıqq heç bir halda məqbul hesab olunmur. Ona görə yas mərasimlərindən israfçılığı əvvəla hər kəs özündən başlamalıdır. Bunun mənəvi tərəfinə diqqət edilməlidir. Bu baxımdan inzibati qadağaların qoyulması heç də xoşagələn hal deyil. Amma məsələ bu cür əndazədən çıxandan sonra inzibati qadağa deyil, standart qaydalar qoyulmalıdır".

Əli