“Bu, humanitar məsələdir” Hadisə

“Bu, humanitar məsələdir”

Kaspşikin girovların taleyi ilə bağlı mövzuya özünəməxsus yanaşması var

ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik cəbhə xəttində Dağlıq Qarabağda 15 yaşlı Azərbaycan vətəndaşı Cavid Məmmədovun erməni silahlı birləşmələri tərəfindən girov götürülməsinə münasibət bildirib.
A.Kaspşik APA-nun sorğusuna cavab olaraq bildirib ki, vaxtaşırı olaraq təmas xəttinə yaxın yaşayan və işləyən mülki şəxslərin özləri də bilmədən qarşı tərəfə keçməsi və saxlanılması baş verir.
Xüsusi nümayəndə qeyd edib ki, BQXK-nın girovlarla təcili təmasa keçməsini və geri qaytarmaq cəhdlərini qətiyyətlə dəstəkləyir. Onun sözlərinə görə, bu addımları aidiyyəti olan qurumlarla görüşlərində də vurğulayıb.
A.Kaspşik əlavə edib ki, istər C.Məmmədovun, istərsə də digər şəxslərin girovluqda qalmasını humanitar məsələ hesab edir: "Bu, humanitar məsələdir və siyasiləşməməlidir".