
“Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə yalnız ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi, eyni zamanda, ölkənin hərbi-siyasi inkişafında yeni mərhələnin əsasını qoydu”.
Bu sözləri xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Z.Qarayeva söyləyib ki, ən mühüm məqamlardan biri odur ki, Azərbaycan qalib dövlət olmasına baxmayaraq ordu quruculuğunu və hərbi islahatları dayandırmadı: “Əksinə, müharibənin təcrübəsi əsasında Silahlı Qüvvələrin strukturunun təkmilləşdirilməsi, döyüş hazırlığının yüksəldilməsi, müasir texnologiyaların tətbiqi və Türkiyə modeli əsasında komando bölmələrinin yaradılması prioritetə çevrildi. Bu yanaşma Azərbaycanın hərbi strategiyasının yalnız əldə edilmiş Qələbəni qorumağa deyil, həm də gələcək təhlükəsizlik çağırışlarına hazır olmağa istiqamətləndiyini göstərir. Digər mühüm istiqamət müdafiə sənayesinin inkişafıdır. Azərbaycan artıq yalnız silah və hərbi texnika idxal edən ölkə deyil, həm də müxtəlif müdafiə təyinatlı məhsullar istehsal və ixrac edən dövlət kimi çıxış edir. Əlbəttə, bu prosesin əsası müharibədən əvvəl qoyulmuşdu, lakin Qələbə Azərbaycanın hərbi sənayesinin beynəlxalq nüfuzunu və ixrac potensialını gücləndirən mühüm amilə çevrildi. Beləliklə, Azərbaycan hərbi üstünlüyünü davamlı müdafiə qabiliyyətinə və regional təhlükəsizlik siyasətində təsir imkanlarına çevirməyə çalışır”.
“Bu gün Azərbaycanın son iki əsrin ən güclü dövrlərindən birini yaşadığını söyləmək üçün ciddi tarixi və geosiyasi əsaslar mövcuddur. Çünki müasir Azərbaycan hərbi gücünü, iqtisadi imkanlarını, enerji diplomatiyasını, nəqliyyat-logistika potensialını və müstəqil xarici siyasətini vahid strateji xətt üzrə birləşdirə bilir. Beynəlxalq münasibətlər nəzəriyyəsində “orta güc” (middle power) anlayışı yalnız əhalisinin sayına və ya ərazisinin böyüklüyünə görə deyil, dövlətin regional proseslərə təsir etmək, diplomatik təşəbbüslər irəli sürmək, beynəlxalq tərəfdaşlıqlar formalaşdırmaq və öz maraqlarını qorumaq qabiliyyətinə görə müəyyənləşdirilir. Bu baxımdan Azərbaycanın orta güc kimi qiymətləndirilməsi üçün bir sıra əsaslar mövcuddur” - deyə o qeyd edib.
Politoloqun fikirlərinə görə, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, Orta Dəhliz layihəsində strateji mövqeyi, Türk Dövlətləri Təşkilatında fəallığı, Qoşulmama Hərəkatına sədrliyi dövründə qazandığı diplomatik təcrübə və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlara təsiri həmin parametrlərə uyğun gəlir: “Bununla belə, orta güc statusu yalnız hərbi üstünlüklə müəyyənləşmir; iqtisadiyyatın şaxələndirilməsi, texnoloji inkişaf və beynəlxalq təsirin davamlılığı da mühüm meyarlardır. Azərbaycanı bu gün regional gücdən daha geniş beynəlxalq təsir imkanlarına malik orta gücə doğru inkişaf edən dövlət kimi xarakterizə etmək elmi baxımdan əsaslandırıla bilən yanaşmadır. Əsas strateji nailiyyət isə ondan ibarətdir ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həmin proseslərin istiqamətinə təsir göstərən mühüm siyasi aktorlardan biridir”.
Röya İsrafilova