“Azərbaycanın müasir tarixinin ən güclü dövlətçilik mərhələlərindən birini yaşayırıq” Gündəm

“Azərbaycanın müasir tarixinin ən güclü dövlətçilik mərhələlərindən birini yaşayırıq”

“Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər ölkəmizin yalnız ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi, eyni zamanda dövlət quruculuğunun, milli təhlükəsizlik strategiyasının və hərbi inkişaf modelinin yeni mərhələsinin əsasını qoydu. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan qalib dövlət kimi əldə etdiyi nəticələrlə kifayətlənməyərək müharibədən sonra da ordu quruculuğunu ardıcıl şəkildə davam etdirdi. Bu yanaşma göstərir ki, ölkəmiz üçün hərbi qələbə son məqsəd deyil, daha güclü, təhlükəsiz və dayanıqlı dövlət quruculuğunun mühüm başlanğıcıdır”.

Bu fikirləri xalqcebhesi.az-a politoloq Yusif Bağırzadə bildirib.

Y.Bağırzadə deyib ki, postmüharibə dövründə həyata keçirilən hərbi islahatların əsas istiqamətlərindən biri ordunun strukturunun təkmilləşdirilməsi, müasir döyüş tələblərinə uyğun yeni hərbi birləşmələrin yaradılması və şəxsi heyətin peşəkarlığının artırılmasıdır: “Bu baxımdan, Komando qüvvələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır. 2021-ci ildən etibarən formalaşdırılan bu qüvvələr müasir hərbi əməliyyatların tələblərinə uyğun hazırlanan, yüksək çevikliyə və peşəkarlığa malik hərbi birləşmələrdir. Digər mühüm istiqamət müdafiə sənayesinin inkişafıdır. Azərbaycan uzun müddət hərbi texnika və silahların əsasən idxalçısı kimi çıxış etsə də, son illərdə yerli istehsal imkanlarını genişləndirərək beynəlxalq müdafiə sənayesi bazarında da mövqelərini gücləndirməyə başlayıb. Statistik məlumatlar göstərir ki, 2025-ci ildə ölkəmizdə 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edilib və Azərbaycan artıq bu məhsulları təxminən 20 ölkəyə ixrac edir. Müdafiə sənayesinə özəl sektorun cəlb edilməsi və xarici şirkətlərlə birgə müəssisələrin yaradılması da bu sahənin inkişafına əlavə imkanlar açır”.

“Bütün bunlar Azərbaycanın yalnız hərbi istehlakçı deyil, tədricən müdafiə sənayesi istehsalçısı və ixracatçısına çevrildiyini göstərir. Bu isə texnoloji müstəqillik, yeni iş yerləri, sənaye potensialının artması və beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi baxımından əhəmiyyətlidir. Bir məsələni də xüsusi olaraq qeyd edim ki, Azərbaycanın güclənməsini yalnız hərbi göstəricilərlə məhdudlaşdırmaq da düzgün olmazdı. İqtisadi dayanıqlılıq, enerji siyasəti, nəqliyyat infrastrukturu, diplomatik fəallıq və regional təşəbbüslər ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən qarşılıqlı əlaqəli amillərdir” - deyə o qeyd edib.

Y.Bağırzadənin sözlərinə görə, bəzi beynəlxalq ekspertlərin Azərbaycanı regional təsir imkanlarından kənara çıxaraq daha geniş miqyasda fəaliyyət göstərən orta güc kimi xarakterizə etməsi də bu kontekstdə diqqət çəkir: “Beləliklə, biz Azərbaycanın müasir tarixinin ən güclü dövlətçilik mərhələlərindən birini yaşayırıq. Tarixi Zəfər, güclü ordu, inkişaf edən müdafiə sənayesi və müstəqil xarici siyasət ölkəmizin yeni geosiyasi çəkisini müəyyənləşdirən əsas amillərdir”.

Röya İsrafilovau