
“Milli Məclisin deputatı Könül Nurullayeva Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi, Şuşanın azad edilməsinin əhəmiyyəti və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri barədə danışıb”.
“Xalq Cəbhəsi” xəbər verir ki, deputat bu barədə qəzetə açıqlamasında bildirib.
K.Nurullayeva qeyd edib ki, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir: “Mürəkkəb coğrafi şəraitdə həyata keçirilən Şuşa əməliyyatı Azərbaycan Ordusunun hərbi məharətini, yüksək peşəkarlığını və döyüş ruhunu nümayiş etdirib.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə Azərbaycanın hərbi strategiyasının və ordumuzun hazırlıq səviyyəsinin göstəricisi olub. Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Tarixi abidələrin, məscidlərin, muzeylərin və memarlıq nümunələrinin bərpası, görkəmli şəxsiyyətlərin güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması tarixi yaddaşın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi də Şuşanın mədəni həyatına yeni nəfəs verib”.
K.Nurullayeva diqqətə çatdırıb ki, 44 günlük müharibədən sonra Azərbaycanın əsas hədəflərindən biri ərazi bütövlüyü ilə yanaşı, dövlət suverenliyini də tam bərpa etmək olub. 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, həmin il sentyabrın 20-də separatçı silahlı birləşmələrin tərksilah edilməsi və qanunsuz rejimin fəaliyyətinə son qoyulması bu istiqamətdə mühüm addımlar olub: “Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağını ucaltması Azərbaycanın suverenliyinin bərpasının rəmzi hadisələrindən biri kimi tarixə düşüb. Bu gün Şuşa beynəlxalq dialoq, humanitar əməkdaşlıq, siyasi və mədəni müzakirələr üçün mühüm platformaya çevrilib. Şəhərin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi Şuşanın beynəlxalq nüfuzunun artdığını göstərir”.
K.Nurullayeva Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərə də toxunub.
Bildirib ki, Şuşada yaşayış infrastrukturunun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi tarixi Zəfərin real nəticələrindəndir.
Deputat Prezident İlham Əliyevin noyabrın 7-də Şuşaya səfərinin də əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, dövlət başçısının Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirakı işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq siyasətinin ardıcıl davam etdirildiyini göstərir.
K.Nurullayeva sonda bildirib ki, 8 Noyabr təkcə hərbi qələbənin deyil, həm də milli birliyin, dövlət gücünün və Azərbaycanın suverenliyinin rəmzidir.
Günel Elxan