Qəbələdə gənclərin virtual məşğulluq imkanları müzakirə olunub Cəmiyyət

Qəbələdə gənclərin virtual məşğulluq imkanları müzakirə olunub

Rəqəmsal texnologiyaların inkişafı əmək bazarında yeni fəaliyyət istiqamətlərinin yaranmasına və ənənəvi məşğulluq modellərinin dəyişməsinə səbəb olur. Bu dəyişikliklər gənclər üçün yeni imkanlar açmaqla yanaşı, onların müasir texnologiyalardan istifadə bacarıqlarının inkişaf etdirilməsini də zəruri edir.
3 noyabr 2026-cı il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Rəqəmsal Gələcək” – Region gənclərinin virtual məşğulluğuna dəstək layihəsi çərçivəsində maarifləndirici təlim keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək və onların virtual əmək bazarına inteqrasiyasına dəstək göstərməkdir.
Tədbirdə layihə rəhbəri Vüsalə Hümbətli layihənin əhəmiyyəti, qarşıya qoyulan məqsəd və vəzifələr, eləcə də region gəncləri üçün yaradılması nəzərdə tutulan imkanlar barədə iştirakçılara məlumat verib. O, qeyd edib ki, müasir dövrdə gənclərin əmək bazarında uğur qazanması üçün rəqəmsal biliklərə yiyələnməsi və texnoloji yeniliklərə uyğunlaşması mühüm əhəmiyyət daşıyır.
Təlimçi Reyhan Məmmədova tərəfindən keçirilən təlimdə virtual məşğulluğun müasir əmək bazarındakı rolu, onlayn iş imkanları, rəqəmsal platformalardan istifadə və süni intellekt texnologiyalarının yaratdığı yeni perspektivlər ətrafında müzakirələr aparılıb.
İştirakçılara rəqəmsal mühitdə fəaliyyət göstərmək, müasir texnologiyalardan faydalanmaq və öz bilik-bacarıqlarını onlayn əmək bazarının tələblərinə uyğun inkişaf etdirmək istiqamətində tövsiyələr verilib.
Qeyd edək ki, layihə region gənclərinin məşğulluq imkanlarının genişləndirilməsinə, onların rəqəmsal transformasiya prosesində fəal iştirakına və müasir əmək bazarına hazırlanmasına töhfə verməyi hədəfləyir.