“Azərbaycan öz suveren hüquqlarını təmin etmək üçün qətiyyətli addımlar atdı” Gündəm

“Azərbaycan öz suveren hüquqlarını təmin etmək üçün qətiyyətli addımlar atdı”

“Beynəlxalq münasibətlər tarixində müharibədə qələbə qazanmaqla münaqişəni köklü şəkildə həll etmək heç də həmişə eyni nəticəni ifadə etmir. İkinci Dünya müharibəsindən sonrakı təcrübə göstərir ki, bir çox silahlı qarşıdurmalar atəşkəslə dayandırılsa da, onların siyasi və hüquqi əsasları aradan qaldırılmayıb. Nəticədə münaqişələr dondurulmuş vəziyyətdə qalıb, zaman keçdikcə yenidən hərbi qarşıdurma təhlükəsi yaradıb. Azərbaycan təcrübəsinin fərqli xüsusiyyəti isə hərbi qələbənin ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnməsi, ardınca isə regionda yeni siyasi reallıqlara əsaslanan sülh gündəliyinin formalaşdırılmasıdır. Məhz bu baxımdan yanaşdıqda, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi nəticəni yalnız hərbi üstünlük kimi qiymətləndirmək hadisənin siyasi mahiyyətini tam əhatə etmir. Mütləq hərbi qələbə qarşı tərəfin müqavimət imkanlarının aradan qaldırılması və strateji məqsədlərə nail olunmasıdırsa, münaqişənin tam həlli onun yaranmasına səbəb olan əsas siyasi və hüquqi ziddiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur”.

Bu sözləri xalqcebhesi.az-a politoloq Aytən Qurbanova deyib.

A.Qurbanova bildirib ki, Azərbaycan 2020-ci ildə qazandığı hərbi qələbəni 2023-cü ilin sentyabrında bütün ərazilərində dövlət suverenliyini bərpa etməklə tamamladı: “Beləliklə, təxminən otuz il davam edən işğal və separatizm üzərində qurulmuş əvvəlki status-kvo sona çatdı. Bu nəticənin arxasında Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışı və ardıcıl dövlət siyasəti dayanır. Dövlət başçımız münaqişənin həlli istiqamətində beynəlxalq hüququn prinsiplərini daim gündəmdə saxlayaraq Azərbaycanın ərazi bütövlüyünün danışıqlar predmetinə çevrilməsinin yolverilməzliyini müdafiə etdi. Eyni zamanda, ölkənin iqtisadi, hərbi və diplomatik potensialının gücləndirilməsini vahid milli strategiyanın tərkib hissəsinə çevirdi. Bu siyasətin mühüm xüsusiyyəti hərbi gücün diplomatiyaya alternativ deyil, onun təsir imkanlarını artıran vasitə kimi nəzərdən keçirilməsidir. Uzun illər davam edən danışıqların nəticəsiz qalması və beynəlxalq vasitəçilik mexanizmlərinin münaqişənin həllinə nail ola bilməməsi Azərbaycanın öz suveren hüquqlarını təmin etmək üçün qətiyyətli addımlar atmasını zəruri etdi”.

“Prezident İlham Əliyevin müdrik addımlarının digər mühüm nəticəsi hərbi qələbədən sonra yaranmış üstünlüyün diplomatik məqsədlərə yönəldilməsi oldu. Azərbaycan yeni qarşıdurma mərhələsinə üstünlük vermək əvəzinə, münaqişədən sonrakı münasibətlərin hüquqi əsaslarının formalaşdırılması təşəbbüsünü irəli sürdü. Beş baza prinsipinin təqdim edilməsi, sülh müqaviləsi üzrə danışıqların başlanması və ikitərəfli formatın ön plana çıxarılması bu strategiyanın əsas istiqamətlərini təşkil edir. Azərbaycanın mövqeyi hər zaman davamlı sülhün dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərini qarşılıqlı şəkildə tanıması əsasında qurulması prinsipinə əsaslanıb” - deyə politoloq əlavə edib.

O vurğulayıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması bu diplomatik xəttin mühüm nəticələrindən biri oldu: “Sənəddə dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarından imtina və gücdən istifadə etməmək kimi prinsiplərin əksini tapması Azərbaycanın uzun müddətdir müdafiə etdiyi mövqe ilə uzlaşır. Eyni zamanda, ATƏT-in Minsk prosesinin və əlaqəli strukturların ləğv edilməsi istiqamətində birgə müraciət edilməsi əvvəlki münaqişə tənzimlənməsi mexanizminin siyasi aktuallığını itirdiyini göstərdi. Vaşinqtonda əldə olunan nəticələrin əhəmiyyəti Azərbaycanın regional məsələlərin həllində təşəbbüskar dövlət kimi mövqeyini gücləndirməsindədir. Prezident İlham Əliyevin diplomatik xətti ölkəmizin yalnız beynəlxalq vasitəçilik gözləyən tərəf deyil, danışıqların məzmununa və istiqamətinə təsir göstərən müstəqil siyasi aktor kimi çıxış etməsinə imkan yaratdı. Bu hərbi qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi və Azərbaycanın milli maraqlarının sülh gündəliyində nəzərə alınması baxımından əhəmiyyətlidir”.

A.Qurbanovanın sözlərinə görə, bununla yanaşı, sülh prosesinin hüquqi baxımdan tamamlanması üçün hələ də bir sıra məsələlər həllini gözləyir: “Sazişin imzalanması və ratifikasiyası, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi davamlı sülhün əsas şərtləridir. Azərbaycanın milli maraqları baxımından növbəti mərhələnin başlıca vəzifəsi əldə edilmiş hərbi-siyasi nəticələri uzunmüddətli regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sisteminə çevirməkdir. Nəticə etibarilə, Azərbaycanın qələbəsinin siyasi mahiyyəti hərbi uğurun diplomatik təşəbbüslə tamamlanmasında ifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl strategiya ölkənin əvvəlcə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə, daha sonra isə regionda sülh gündəliyinin formalaşdırılmasında fəal iştirakına şərait yaratdı. Bu təcrübənin əsas nəticəsi ondan ibarətdir ki, dövlətin strateji uğuru yalnız müharibədə qalib gəlməklə deyil, həmin qələbəni davamlı siyasi reallığa və milli maraqlara xidmət edən diplomatik nəticəyə çevirməklə ölçülür. Azərbaycanın hərbi meydanda qazandığı qələbəni sülh prosesində siyasi təşəbbüslə davam etdirməsi də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Röya İsrafilova