Dilimizi sevməyənlər... Hadisə

Dilimizi sevməyənlər...

Aqil Camal: "Xarici ölkə vətəndaşları, Azərbaycan vətəndaşı olan ruslar ona görə Azərbaycan türkcəsini öyrənmirlər ki, bu ehtiyacın onlarda yaranmasına özümüz imkan verməmişik"

Müstəqilliyimizin 23-cü ilini yaşadığımıza baxmayaraq, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqi və istifadəsi ilə bağlı problemlər qalmaqdadır. Hələ də Bakının küçələrində əksər mağazaların adları xarici dildədir. İş yerlərində xarici dil tələb kimi qoyulsa da ana dili yaddan çıxarılır. İşə qəbul elanlarında və tələblərdə Azərbaycan dilini bilmək şərti göstərilmir. Bank sektorunda, bir sıra özəl və dövlət qurumlarında çalışan şəxslər vətəndaşlarla rus dilində ünsiyyət qurmağa çalışırlar. Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları, eləcə də Azərbaycan vətəndaşı olan ruslar dövlət dilini öyrənmək istəmirlər... "Ortaq dəyərlər" İctmiai Birliyinin rəhbəri, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, işə qəbul zamanı vətəndaşdan Azərbaycanın dövlət dilinin tələb olunmaması, əksinə başqa əcnəbi dillərin - rus və ya ingilis dilinin bilməsinin şərt kimi irəli sürülməsi günümüzün acı reallığıdır: "Xüsusilə, bu vəziyyət özəl sektorda özünü göstərir. Hətta bəzi hallarda, müəssisənin fəaliyyətində həmin əcnəbi dillərə ehtiyac olmasa da, işçilər öz aralarında bu dillərdə danışırlar. Müəssisəyə gələn zənglərə rusca cavab verirlər. Bu kimi hallar fikrimcə, həm bu müəssisələrin rəhbərliyinin, həm də oraya cəlb edilən insanların yaşam tərzindən, daşıdıqları dəyərlərdən irəli gəlir. Onlar öz aralarında rus dilində danışmağı bir üstünlük hesab edirlər. Allahın onlara bəxş etdiyi dilə ikinci dərəcəli, ünsiyyətə yaramayan dil kimi baxdıqları üçün, əslində Allahın təqdirinə qarşı çıxırlar. Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları, Azərbaycan vətəndaşı olan ruslar isə ona görə Azərbaycan türkcəsini öyrənmirlər ki, bu ehtiyacın onlarda yaranmasına özümüz imkan verməmişik.
Hər kəsi yalnız onların anlayacağı dildə yola verməyə çalışmışıq. Ona görə də Azərbaycanda doğulmuş və yaşamış ahıl ruslar belə hətta küçədə pul dilənəndə də, bunu rusca edirlər. Azərbaycanın dövlət dili? Azərbaycan türkcəsi böyük coğrafi arealda anlaşılan və işlədilən qədim və zəngin bir dildir. 50 milyon insan bu dildə danışır. 100 milyona yaxın insan bu dili anlayır. Ona görə də, dilimizə başqalarının sayğı duyması və onu öyrənməsi üçün ilk növbədə özümüz dilimizə münasibətimizi dəyişməliyik".
Araşdırmaçı jurnalist Elgün Mənsimov dedi ki, bu məsələ həqiqətən də cəmiyyətdə ciddi problem olaraq qalır: "İşəgötürənlərlə bağlı düşünürəm ki, onlar iş elanı verərkən hesab edirlər ki, işçi onsuz da azərbaycanlıdır. Yəqin ki, Azərbaycan dilini də bilir. Bu, elə onların düşündüyü kimidir. Amma problemin əsl özəyi başqadır. Öz dilimizi bilə-bilə rusca danışırlar. Olsun ki, bunda nəsə bir eleqantlıq, ya da səviyyə axtarırlar. Amma bilməlidirlər ki, əsl səviyyəsizlik elə ana dilimizi danmaqdır. Təəssüf ki, ölkəmizdə yaşayan qeyri millətlər, xüsusən də ruslar Azərbaycan dilində danışmırlar. Bu o demək deyil ki, onlar bizim dili bilmirlər, xeyr, bilirlər. Necə olur, azərbaycanlılar gedib iki ay Moskvada qalmaqla rus dilini mənimsəyir, ruslar 40 il Bakıda yaşayıb dilimizi öyrənə bilmir? Burada bir məqam var, prinsipiallıq. Xətainin belə bir sözü var: Bir milləti məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini məhv et. Ona görə də mən o cür vətəndaşları və iş sahiblərini öz dilimizə hörmətlə yanaşmağa çağırıram. Dilini sevmək Vətəni, milləti sevmək deməkdir".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun nümayəndəsi Şahlar Göytürk isə "biz dil məsələsini inzibati müstəvidə həll eləsək, bu, dilə qarşı hörmətsizlik olar", - deyə vurğuladı: "Bu məsələdə əsas dil sevgisidir. Əgər dil sevgisi yoxdursa, burada "cəzalar"ın heç bir əhəmiyyəti ola bilməz. Dil məsələsini inzibati müstəvidə həll etmək dilimizə qarşı hörmətsizlik olardı. Hesab edirəm ki, bu məsələdə ictimai qınaq və dil sevgisi olmalıdır. Dildə kifayət qədər narahatedici problemlər var. Artıq həyəcan təbili çalınmalıdır. Cəmiyyətimizdə dilə münasibət istənilən səviyyədə deyil. Dil təkcə Dilçilik İnstitutunun problemi deyil, bütöv cəmiyyətin, millətin problemidir...".
Bu arada isə gənclər sosial şəbəkələrdə "Kinoteatrlarda filmlər Azərbaycan dilində olsun!" kampaniyası başladıblar.
Buna münasibət bildirən millət vəkili Zahid Oruc deyib ki, istənilən ölkə özünün kino sənayesini qurmalı, həmçinin beynəlxalq məkana ayaq açmaqla bərabər, həm də özünün milli dəyərlərini qorumalıdır: "Dublyaj məsələsinə sadəcə tərcümə kimə baxmaq sadəlöhvlük olar. Kino sahəsi təkcə tarixi bir proses deyil, həm də ölkənin mənəvi mühitini, ideallarını, milli maraqlarını təmin etmək imkanına sahibdir. Bu mənada kino sənəti yalnız hansı həyat hadisələrin səhnələndirilməsi və süjetlə göstərilməsi deyil, burda bir sıra siyasi maraqlar da mövcuddur. Bəzən bu cür filmlər milyonlarla insana təsir edə bilir. Məsələn, "Pianoçu" filmi yəhudilərin başına gətirilənləri dünyaya çatdıran və milyonlarla insanı öz ətrafına toplaya bilən nümunələrdəndir. Bu baxımdan dublyaj məsələsində keyfiyyətli tərcüməni tələb etməklə bərabər, həm də nəyi tərcümə etdiyimizə baxmalıyıq. Əgər bu sahə ilə bağlı nəsə qanun layihəsi hazırlanırsa, bu, həm də Azərbaycan efir məkanı üçün uyğun olmayan filmlərin qarşısının alınmasına, Azərbaycan dilinin statusunu qaldırmağa xidmət etməlidir".
Zahid Oruc gənclərin başlatdığı kampaniyanı təqdirə layiq hesab etdiyini və nazirliyin təklif edəcəyi qanun layihəsini dəstəkləyəcəyini deyib: "Mən sizin sualınızı daha geniş cavablandırdım ki, digər detallar da kənarda qalmasın. Bunu qanunla tənzimləmək gərəkdirsə, biz Mədəniyyət və Turizm Nazirliyinin təklif edəcəyi qanun layihəsini dəstəkləməyə hazırıq. Bu ideya təqdirə layiqdir. Öz adımdan onu deyə biləm ki, bu olduqca mütərəqqi bir təklifdir və kino ilə bərabər, dilçilik sahəsində də bizə çox şeylər verəcək. Bu təklifi ancaq alqışlamaq olar. Etiraf etmək lazımdır ki, efirimizdə bu sahədə ciddi problemlər var. Bu, dövlət dilinin statusuna olduqca müsbət təsir edəcək məsələ olduğu üçün düşünrəm ki, bu təklifi dəstəkləmək lazımdır".
Kinoteatrlarla bağlı Mədəniyyət Nazirliyinin hazırladığı qanun layihəsini Azərbaycan Dil Qurumun başqanı, millət vəkili Sabir Rüstəmxanlı da şərh edib. Deputat bildirib ki, əlavə xüsusi qanuna o qədər də ciddi ehtiyac yoxdur. Mövcud qanunvericiliklə də bu məsələni tənzimləmək olar və bu məsələ gərək çoxdan həll olunaydı: "Kinoteatrlarımızdakı biabırçılıqla bağlı məsələ gərək çoxdan öz həllini tapaydı. Mövcud qanunvericilik və onun tələbləri ilə də bu məsələni həll etmək olardı. Mədəniyyət və Turizm Nazirliyi yeni nəsə hazırlayır və qanunvericiliyi gücləndirirsə, lap yaxşı, amma gərək mövcud qanunvericilik imkanlarından da istifadə edilsin. Ana dilimizə bu cür etinasız yanaşamaya göz yummaq olmaz". Sabir Rüstəmxanlı digər dillərdə filmin təqdim edilməsi formasına da münasibət bildirib: "Əgər ana dilimizlə bərabər, filmi başqa bir dildə də təqdim etmək istəyirlərsə, subtitrlərdən istifadə edə bilərlər. Ancaq birmənalı olaraq deyirəm ki, nazirlik bu məsələnin həlli üçün kinoteatrlar qarşısında tələb qoymalıdır. Bu biabırçılığa son qoymaq lazımdır. Qanunverici orqan olan Milli Məclis də bu məsələdə ana dilimizin statusunu qorumaq mövqeyindədir. Nə lazımdırsa etməyə, nazirliklərin bu sahədə atdığı istənilən addımı dəstəkləməyə hazırıq".
Onu da əlavə edək ki, bu ilin aprelində Rusiya prezidenti Vladimir Putin əmək miqrantlarının rus dilindən imtahan verməsini məcburiləşdirən qanun imzalayıb.
Gürcüstanda isə gürcü dilini bilməyənin dövlət qulluğunda işə düzəlməsi mümkün olan iş deyil. Ölkə qanunvericiliyi dövlət dilini bilməyən şəxsin dövlət qulluğunda çalışmasını yasaqlayır.

Əli