Tiflisdə beynəlxalq konfrans keçirilir Hadisə

Tiflisdə beynəlxalq konfrans keçirilir

Şərq tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərin hüquqi fəsadları mövzusunda müzakirələr aparılıb

Dünən Gürcüstan paytaxtında "Şərq tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərin hüquqi fəsadları" adlı beynəlxalq konfrans öz işinə başlayıb.
APA - nın Gürcüstan bürosunun məlumatına görə, konfrans Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyaya, habelə Dnestryanı bölgəyə edilən qanunsuz səfərlərə həsr olunub. Tədbiri Gürcüstan Demokratik Təşəbbüslər İnstitutunun rəhbərlərindən biri olan Natia İmnadze açıb. O, Krımın işğalından sonra münaqişələrlə bağlı müzakirələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Gürcüstanın Barış və Bərabərlik məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Avropa İttifaqının Gürcüstandakı səfirinin müavini Boris Yaroşeviç, Gürcüstan parlamentinin deputatı Giorgi Tsereteli və parlamentin ərazi bütövlüyü komitəsinin sədri Georgi Volski çıxış ediblər. Onlar işğal olunmuş ərazilərə edilən qanunsuz səfərlər barədə fikir və təkliflərini səsləndiriblər.
P. Zakareişvili çıxışı zamanı münaqişələrin ictimai müzakirələrə çıxarılmadığını və onlara siyasi qiymət verilmədiyini bildirib: "Bu münaqişələr əsaslı şəkildə müzakirə olunsa, onların həlli də mümkün ola bilər. İşğal olunmuş ərazilərə səfərlərə gəlincə, bu, qanunla qadağandır. Yalnız müəyyən icazələr olduqda, buna icazə verilə bilər". A. Quliyev isə bildirib ki, indiyədək Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz olaraq 335 nəfər səfər edib və onların adları "qara siyahı"ya salınıb. O, BMT-nin müvafiq qətnamələrini xatırladaraq, onların hələ də yerinə yetirilməməsindən təəssüfləndiyini qeyd edib.
A. Quliyev APA-ya açıqlamasında bildirib ki, tədbirin əsas məqsədi Azərbaycan, Gürcüstan və Moldovanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq təklif və mexanizmlərin hazırlanmasıdır. Konfransda BMT, ATƏT və Avropa İttifaqının təmsilçiləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər, Azərbaycan, Gürcüstan və Moldovanın dövlət orqanlarının, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər. Tədbirdə Azərbaycanı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri A. Quliyev, Milli Məclisin üzvləri Bəxtiyar Əliyev və Asim Mollazadə, Demokratik Proseslərin Beynəlxalq Araşdırma Mərkəzi İctimai Birliyinin sədri Adil Rəcəbli, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri və jurnalistlər təmsil edirlər.
Bu gün işini davam etdirəcək konfransın sonunda işğal olunmuş torpaqlara edilən qanunsuz səfərlərin pislənməsi ilə bağlı dünya dövlətlərinə, BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət qəbul olunacağı gözlənilir.