
Bakı, Gəncə, Sumqayıt şəhəri və Abşeron rayonunda dövlət rüsumu 30 manat müəyyənləşdirilib
Bu gündən etibarən "ASAN xidmət" mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların (kupça) verilməsinə başlanacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib ki, fevralın 22-dən etibarən vətəndaşlar "kupça"ları həm "ASAN Xidmət" mərkəzlərindən, həm də Əmlak Məsələləri Dövlət Komitəsinin ənənəvi mərkəzlərindən əldə edə biləcəklər.
İ. Kərimov bildirib ki, "ASAN Xidmət" mərkəzlərində bütün xidmətlər aidiyyəti dövlət qurumu tərəfindən göstərilir: "Prezident İlham Əliyevin 11 fevral tarixli fərmanına əsasən artıq həmin qurumlar siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əmlak Məsələləri Dövlət Komitəsi də daxil edilib. Əmlak Məsələləri Dövlət Komitəsinin "ASAN Xidmət" mərkəzlərində vətəndaşlara göstərdiyi xidmətlərə yeniləri əlavə olunub. Bu xidmətlər siyahısına mənzillərin ilkin çıxarışının verilməsi, o cümlədən fərdi yaşayış evlərinə təkrar çıxarışın verilməsi daxil edilib. Əmlak Məsələləri Dövlət Komitəsi bu xidmətləri "ASAN Xidmət" mərkəzlərində həyata keçirəcək. Bununla bağlı bütün texniki işlər yekunlaşıb".
Onun sözlərinə görə mart ayında Sabunçu rayonunda Bakı şəhəri üzrə sayca 4-cü "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq. İnam Kərimov deyib ki, Sabunçuda yeni xidmət mərkəzi də fəaliyyətə başlayandan sonra artıq qeydiyyat məhdudiyyəti aradan qaldırılacaq. Onun sözlərinə görə, paytaxt sakinləri hər bir xidmət üçün istədikləri "ASAN Xidmət" mərkəzinə müraciət edə biləcəklər.
İ.Kərimov kollektivdə çalışan könüllülər barədə də danışıb. O qeyd edib ki, "ASAN Xidmət" mərkəzləri və dövlət agentliyi yeni yaradılıb və burada çalışanlar əsasən gənclərdir: "Bu gün kollektivin orta yaş həddi 28-dir. "ASAN Xidmət" mərkəzlərinin fəaliyyətinə könüllülər də cəlb olunub. Hazırda 350-yə yaxın könüllü "ASAN Xidmət" mərkəzlərində çalışır".
Bəs "ASAN Xidmət"də daşınmaz əmlakla bağlı xidmət haqları necə müəyyənləşdirilir? Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Anar Hüseynov deyib ki, daşınmaz əmlakla bağlı əməliyyatların "ASAN Xidmət"ə verilməsi ilə bağlı müvafiq texniki tədbirlər həyata keçirilib və databaza yaradılıb: "Vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş sənədləri və dövlət rüsumu ödəməklə istədikləri lazımi sənədləri əldə edə biləcəklər. Vətəndaşlar geniş məlumatı 108 çağrı mərkəzi və asan.gov.az saytına daxil olmaqla məlumat əldə edə bilərlər".
Sektor müdirinin sözlərinə görə, mənzillər üzrə mülkiyyət hüquqlarını ilkin dövlət qeydiyyatı və təkrar qeydiyyata alınması ilə bağlı dövlət rüsumu 30 manat xidmət haqqı ödənməlidir. Vətəndaş onu 20 günə əldə etmək istədikdə haqqa 20 manat əlavə olunur. Müddət 14 gün olduqda isə 30 manat əlavə vəsait ödənilir".
A. Hüseynov bildirdi ki, bu qiymətlər Bakı, Gəncə, Sumqayıt şəhərinə və Abşeron rayonuna aiddir: "Xidmət haqqı bölgələr üzrə dəyişir. Standart qiymət 30 manatdır".