“Biz türklərik! Çadırımız göy qübbəsi” Hadisə

“Biz türklərik! Çadırımız göy qübbəsi”

Tanınmış tədqiqatçı Nərman Qocatürkün “Biz türklərik! Çadırımız göy qübbəsi̇” adlı yeni kitabı İstanbulda türk dilində işıq üzü görüb. Kitabın elmi məsləhətçisi, akademik Nizami Cəfərovun türk dövlətçilik tarixinin bir-birindən zəngin dövrlərinin, mərhələlərinin müasir elmi-metodoloji prinsiplər, sələf-xələflik ardıcıllığı ilə araşdırıldığı nəşrlə bağlı qeydləri çox maraqlıdır.
Həmişə olduğu kimi, tarixin indiki mərhələsində də sosial-mədəni, iqtisadi, mənəvi-əxlaqi inkişafı elmsiz təsəvvür etmək mümkün deyil. Elmin özü də məzmun, metodologiya və dünyagörüşü olaraq sürətlə yeniləşir, meydana öncələr müşahidə edilməyən fərqli nəzəri-praktiki məqamlar çıxır. Bir sözlə, elm-cəmiyyət-insan bağlantısı tarixdə görünməmiş səviyyədə qarşılıqlı asılılıq halına gəlib. Bu da özlüyündə fəlsəfi-elmi idrakın təkamül dinamikasını müxtəlif aspektlərdə tədqiq etməyin daha da aktuallaşmasına əlavə stimul verməkdədir. O cümlədən humanitar elmlər üçün xalqın mifik, fəlsəfi və elmi təfəkkürünün təkamül dinamikasının müxtəlif kontekstlərdə araşdırılması son dərəcə vacib vəzifəyə çevrilib.
Ulu öndər Heydər Əliyev göstərir ki, hər bir xalqın yaşamasında və inkişafında mədəniyyətin, elmin, dilin, mənəvi-əxlaqi dəyərlərin həlledici rolu vardır: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” kimi böyük tarixi abidəmiz var. Biz fəxr edirik ki, Dədə Qorqud övladlarıyıq. Biz fəxr edirik ki, Dədə Qorqud elində yaşayırıq. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” bütün türkdilli dövlətlərə mənsub olaraq, eyni zamanda və birinci növbədə, Azərbaycan xalqına mənsubdur. Fəxr edirik ki, biz “Kitabi-Dədə Qorqud”un sahibiyik, onu yaşadacağıq və gələcək nəsillərə daha da böyük töhfələrlə verəcəyik”.
Prezident İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu kursunu uğurla davam etdirərək, milli-mənəvi dəyərlərin saxlanması və inkişaf etdirilməsi işində fəlsəfi-elmi tədqiqatların çox aktual olduğunu ifadə edib. Ölkə başçısı dövlətçiliyin inkişafında milli-mənəvi dəyərlərin nə qədər əhəmiyyətli olduğunu vurğulayaraq demişdir: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizi əsrlərboyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”. İlham Əliyev insan kapitalının inkişaf etdirilməsi, intellektin milli sərvətə çevrilməsi kimi strateji əhəmiyyətli vəzifələr qarşıya qoyub. Onlara nail olunması üçün fəlsəfi-elmi tədqiqatlara böyük ehtiyac mövcuddur.
Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi: “Azərbaycan xalqı öz yaddaşını, dilini, eposlar yaratmaq bacarığını bir çox nəsillər boyu yaşada bilmişdir... Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq müasir dünya mədəniyyətinə təqdim etmişik”.
Bunlar xalqın mənəvi-mədəni dəyərləri ilə əlaqəli olan və tarixi xarakter daşıyan mövzuların tədqiqinin böyük aktuallıq kəsb etdiyini müasir dövrün tələbləri aspektində aydın ifadə etməkdədir. O cümlədən milli yaddaşımızın, milli-mənlik şüurumuzun hərtərəfli dərk edilməsi son dərəcə vacib problemdir.
Xalq yaradıcılığı insanların həyatında aktuallaşır və orada konkret məzmun alır. Həm də əsrlərlə mövcud olan formaları konkret şəxslər improvizasiya əsasında yeniləşdirir. Bununla yeknəsəklikdən yaxa qurtarılır, həm də ənənə hər şəxsin ifasında yeni nəfəs alır. Ənənə saxlanır, ancaq yeni ritmdə və nəfəsdə ifadə olunur. Bu da onu göstərir ki, yaddaş adlı tarix, əslində, daim yaşayır, əsrlərdən əsrlərə yeni improvizasiyada keçir. Tarix elə bil folklorun təkamül yolu, bəşəriyyətin yaşam qaydasıdır. Yaddaş özünütəşkil edərək insanda yaşayır və insanı yaradır. Bu proses ümumi səviyyədə xaosdan nizamlılığın yaranması təsiri bağışlayır.
Hər bir millət öz yaddaşı ilə doğular, yaddaşı ilə yaşayar... Amma sonunda yaddaşından bir iz qoyub gedər yer üzündə. Sonradan gələn nəsillər müqəddəs ruh kimi tapınarlar həmin yaddaşa. İzinin işığına düşüb min illər yol gedərlər üzü sabahlara doğru.
Min illərdir bəşəriyyəti birliyə, bütövlüyə, dostluğa, qardaşlığa, sivilizasiyaları, mədəniyyətləri dialoqa çağıran, tolerantlığı, humanizmi həyat tərzinə çevirən, türk dünyasının, Şərqin bir parçası olan Azərbaycan bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ev sahibliyi edir. “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir”, “Biz birlikdə güclüyük” nidası ilə quruma rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk xalqlarının mənəvi birliyi üçün genişmiqyaslı layihələrin gerçəkləşməsinə töhfələr verir.
İstər Cümhuriyyət zamanı, istərsə də azadlığa yenidən qovuşduğumuz illərdə respublikamızın müstəqilliyini ilk tanıyan ölkə olan Türkiyə Cümhuriyyəti Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin müzakirələrində birmənalı mövqe nümayiş etdirir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk millətini hələ tanımayıblar! Biz bir ölər, min dirilərik. Bu, bizim xarakterimizdir” gerçəyi ilə mənəvi mücadiləsini davam etdirir.
Böyük bir ərazini özünə yurd yeri edən türk, həm də bir millət olaraq, çoxlu sayda tayfaları birləşdirir. Daha doğrusu, onlarla tayfa birlikləri türk millətlərini təmsil etmişlər. Böyük türk adını daşımaqdan şərəf duyan bu tayfaların yaddaş dünyasına baş vuraraq, türkün doğuluş tarixindən bu günümüzə boylanmaqla bu dünyanın zirvəsindən böyük türk ruhunun necə bir parlaqlıqla işıq saçdığının şahidi ola bilərik. Hunların, saqların, göytürklərin, xəzərlərin, uyğurların, qıpçaqların bu günümüzə yetirdiyi əski qaynaqlarla yanaşı, Qafqaz - Azərbaycan, Anadolu türklərinin, Türküstan xalqlarının - türkmən, özbək, qırğız, başqırd və qazaxların, Sibir türklərinin - yakut, xakas, şor, qumuq, kalmık və digər türk törələrinin yaddaşlarına yazılanları bir araya gətirərək əski yaddaşı canlandırmaqla çağdaş dünyanın daha güclü bir toplumunu, böyük türk toplumunu görüntüyə gətirə bilərik.
Bu gün ən böyük amalı da məhz bu sevgiyə köklənən, türk və müsəlman dünyasının mənəvi birliyinə, siyasi- iqtisadi, mədəni yüksəlişinə töhfələrdə bulunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA), Türkiyə Odalar və Borsalar Birliyi (TOBB), Azərbaycan Sahibkarlar Konfederasiyası kimi türk adına güclü siyasi-iqtisadi təşkilatların rəyi ilə mənəvi dəyərlərimizin tədqiqi, təbliği istiqamətində bir çox ilklərə imza atan “Turanbank”ın “Dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində Nərman Qocatürkün bu günlərdə İstanbulda türk dilində işıq üzü görən “Biz türklərik! Çadırımız göy qübbəsi̇” adlı kitabı da əslində, belə bir amalın, ideyanın gerçəkliyinə xidmət etdiyini həmin əsərin elmi redaktoru olaraq tam əminliklə söyləyirəm. Türk xaqanlıq tarixinə həsr olunan bu layihənin gerçəkləşməsində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayevin icraçı direktor, yazıçı-publisist İbrahim Nəbioğlunun redaktor kimi fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.
Kitabda Doğudan Batıya atı getdikcə çapan, qılıncı işlədikcə kəsən, qılıncla qələmin vəhdətində dünyanın tarixini yazan, öz uduq Yazısı ilə Mif ucalığında əbədiyaşarlıq qazanan Böyük Türkün qüdrətli xaqan-sərkərdələrinin, el bilicilərinin dünyasından soraq verilir. Türkün Yaddaş Kitabının altun səhifələrini vərəqləyən müəllif mif ruhuna bürünmüş əski yaddaşımızdan çağdaş günümüzə boylanmaqla türk adından qürur duyan hər bir kəsi bu uca Sevgiyə tapınmağa səsləyir. Böyük türkün yaddaş dastanı yenidən varaq-varaq səhifələnir. Türkün yaddaş dastanı deyib qələmə alınan bu yazı həm də Köç Yolu boyunca binələnmiş neçə- neçə türk soylarının dünənindən bu gününə soraqçıdır.
Kitab dünyanın yarıdan çoxuna hakim kəsilən, yenilməz orduları ilə yanaşı, zəngin bazarları, ticarət və mədəniyyət mərkəzləri ilə də Böyük İpək Yoluna nəzarət edib günçıxandan günbatana sarı dünyanın siyasi mənzərəsini cızan türk milli dövlətlərinin, xaqan- sərkərdələrin, millət fədailərinin, el və dil bilicilərinin gücünü, qüdrətini özündə əks etdirir.
Türk xaqanlıq tarixindən və saray mədəniyyətindən, eləcə də həmin zəngin mədəniyyətin inkişafında Azərbaycan xalqının, milli Azərbaycan dövlətlərinin və bu dövlətləri təmsil edən qüdrətli şəxsiyyətlərin, dövlət xadimlərinin möhtəşəm fəaliyyəti Qazi Mustafa Kamal Paşa Atatürkün, ümummilli lideri Heydər Əliyevin simasında geniş və hərtərəfli şərh olunub. Böyüklüyünü bütün dünyanın etiraf etdiyi Heydər Əliyev millətləri, dövlətləri əski yola, dünyanın yaddaş yerinə, Böyük Köç Yoluna səsləyərkən Azərbaycandan keçən bütün yolların qapısını Türkiyə deyə göstərdi. Azərbaycandan Avropaya uzanan yolun üstündə cızılan layihələrin hamısında Türkiyə-Azərbaycan müştərəkliyini hər şeydən öndə gördü.
Bu addımı ilə türkün şərəf və ləyaqət rəmzinə çevrilən Heydər Əliyevin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin reallaşdırdığı bütün layihələrdə də Türkiyə Azərbaycanla birgə sevindi. Çünki hər iki dövlətin prezidentlərinin – Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin imzaladıqları layihələrdə millətin ortaq payı var. Kitabda bu məqamlarla yanaşı, türk birliyinə xidmət edən bir çox tarixi anlar, görüşlər, toplantılar öz əksini tapıb, uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı regionda sabitliyin, dünyada enerji təhlükəsizliyinin təminatçısına çevirən, transmilli layihələri gerçəkləşdirməklə Azərbaycanı Avropa ailəsinə qovuşduran Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyətinin elmi-fəlsəfi şərhi verilib. Mən şübhə etmirəm ki, kitab bütün türk dünyasında maraqla qarşılanacaqdır.