
Arzu Şirinova
Üzünü kameradan gizlədən 30-35 yaşlı gənc qadın həm etiraf edir, həm kömək diləyir: "Üç dəfə ərə getmişəm. Hər üçündə də məni aldadıblar. Çünki mənimlə nigaha girəcəklərini bildirsələr də, sözlərinin üstündə durmayıblar. Hər üç ərimdən 6 uşağım var. Onların heç biri uşaqlarına sahib durmur. Mən də uşaqlara baxa bilmirəm. Belə getsə özümü öldürəcəm. Xahiş edirəm mənə kömək edəsiniz". Verilişə dəvət olunan vəkil də qadından qəti cavab istəyir ki, bundan sonra bu yoldan əl çəkəcəksə ona yardım göstərməyə hazırdır. Qadın da söz verir...
Belə hadisələr yüzlərcə, bəlkə də minlərcədir. Və bu cür hadisələr də qarşısıalınmaz bədbəxtçiliklərlə sonuclanır. Hər bir hadisənin səbəbi və nəticəsi olur. Bu cür hadisələrin də baş verməsinin əsil səbəbi savadsızlıq, nadanlıqdır...
...Cəmiyyətin normal inkişafı onu təşkil edən insanların öz qüvvələrini, potensiallarını bu inkişafa nə dərəcədə sərf edə bilməsindən bilvasitə asılıdır. Eyni zamanda, qadınların cəmiyyətin inkişafında rolu və yeri üzərində dayanılmalı olan məsələlərdir. Söhbət konkret olaraq Azərbaycan qadınından gedir. Bu gün Azərbaycan qadınının cəmiyyətdəki yeri və rolu qənaətbəxş sayıla bilərmi? Məncə yox. Hələ də gerizəkalılar kifayət saydadır ki, məhz onların düşüncəsilə qadın kişinin köləsi olmalıdır. Və bu "kölə" sözə baxmadıqda onunla istənilən qaydada rəftar etmək olar-döymək, təhqir etmək, alçaltmaq. Müqavimət göstərən, sözünü deməyi, haqqını tələb etməyi bacaran qadınların bir çoxunun aqibəti həyatlarıyla vidalaşmaqla sonuclanır. Son ayların olayları qeyd elədiklərimi təsdiqləyər. Demək olar hər gün ölkənin müxtəlif yerlərindən xəbərlər alırıq-"ər arvadını baltaladı", "ər arvadının başını kəsdi", "ər arvadını bıçaqladı", "ər arvadının qulağını kəsdi" və s. Bu faciələri törədən kişilərin də arqumentləri hazırdır-xəyanət...
Beynəlxalq hesabatlarda da qeyd olunur ki, Azərbaycanda ailə zorakılığı yüksək həddədir. Təəssüf ki, bu məsələyə müdaxilə eləmək çətin olduğundan onunla mübarizə aparmaq da çətindir. Qadınlar bununla bağlı çox zaman susmağa üstünlük verirlər.
Bizim min illər boyu qoruyub saxladığımız və fəxrlə danışdığımız milli mentalitet deyilən bir məsələ var. Və bunun hər bir azərbaycanlı ailəsində tətbiq olunması, həmin ailənin təməl prinsipləri sayılır. Təbii ki, təməl prinsiplərinə ailədə həm kişi, həm də qadın əməl etməlidir. Bu təməlin də möhkəm olması üçün mütləq və mütləq ailədə qadın-ana heç olmasa orta təhsilli olmalıdır. Ali təhsilli qadının-heç olmasa orta təhsilli-hüquqları, haqları hələm-hələm pozula bilməz. Pozulsa belə, qadın bundan çıxış yollarını arayıb tapacaq və problemin həllinə öz ağlı, zəkasıyla qalib gələcək. Yuxarıda göstərdiyim kimi, daha şou proqramlarına çıxıb imdad diləyib həm nəslini, həm də özünü gülüş vəziyyətinə, yazıq duruma salmayacaq...
...O ki, qaldı kişinin qadına münasibətinə, bu da ailədə əsas amillərdən biridir. Bəzən savadlı kişilər belə evdə qadınla kölə kimi rəftar edirlər. Onun mənliyini alçaldır, qürurunu sındırırlar. Təbii ki, bundan sonra həmin qadının dünyası məhv olur, onun yaşamaq eşqi sönür. Ailədə böyüyən uşaqlar da kölə vəziyyətinə düşən ananın halına acısalar da, çarəsizlikdən heç nə edə bilmirlər. Çünki ana bu mühitin yaranmasına rəvac verib.
Toxunduğum və toxuna bilmədiyim bütün məsələlərin kökündə yalnız bir məqam durur-ailədə ananın savadsız olması. Ona görə də qız uşaqlarının təhsil alması təkcə valideyninin deyil, həm də cəmiyyətin və dövlətin problemidir. Bu problemin kökünü kəsmək üçün qız uşaqlarına savad vermək lazımdır. Əks halda onu 13 yaşından ər evinə göndərməklə həm özünün, həm də gələcək övladlarının həyatı puç ola bilər.