Koronavirus: Rəqəmlər nə deyir? - TƏHLİL Hadisə

Koronavirus: Rəqəmlər nə deyir?  - TƏHLİL

Azərbaycan hökumətinin COVİD-19 virusuna yoluxma hallarının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər intensivləşdikcə və sərtləşdikcə, karantin rejimi xəstəliyin yayılma dinamikasına uyğun uzadıldıqca, insanların sağlamlıqlarının qorunması məqsədilə tətbiq olunan məhdudiyyətlərin, görülən işlərin dəstəklənməsi əvəzinə əks mövqedə dayanmağa üstünlük verən bəzi azsaylı qrup üzvlərinin absurd iddialarının şahidi oluruq. Bəziləri siyasi müstəvidə ölçü vahidi olmayan dəyərlərlə manipulyasiya etdikləri kimi, COVİD-19-la mübarizə ilə bağlı göstərciləri də heç bir fakta və mənbəyə istinad etmədən “təhlil etməyə” üstünlük verirlər. Hətta bu halda belə düşüncələrinin sərhədi Biləcəridə kilidlənən bu adamların “uzaqgörənliyi” qonşu Gürcüstanın sərhədlərindən o yana keçmir.
Doğrusu, hazırda ənənəvi ritorika və pafoslu suallarla müşayiət olunan əsassız iddialara vaxt ayırmayacağam. Düşünürəm ki, COVİD-19 pandemiyası ilə bağlı faktlara və statistik göstərcilərə istinad edərək, ölkəmizdə həyata keçirilən tədbirlərin effektivliyini və nəticələrinin nə dərəcədə qənaətbəxş olub-olmadığını asanlıqla müəyyənləşdirmək mümkündür. Bu məqsədlə statistik məlumatları şübhə doğurmayan və hər kəs üçün əlçatan olan reytinq agentliklərinin, sorğu mərkəzlərinin məlumatlarına istinad etməklə real mənzərəni diqqətə çatdırmağa çalışacağam. Bunun üçün əhalisinin sayı Azərbaycanla eyni olan ölkələrlə bağlı məlmatlara müraicət edəcəyəm ki, obyektiv müqayisə aparmaq mümkün olsun. Beləliklə İsveç, Portuqaliya, Belarus, İsrail və Avstriyadan əldə edə bildiyim və dəqiqliyi şübhə doğurmayan bəzi statistik göstəricilərə müraciət edirəm:
Daha öncə də qeyd etdiyim kimi, bu ölkələrin əhalisinin sayı Azərbaycanla eynidir.
2019-cü ilin statistikasına görə, İsveçin dövlət büdcəsi 275 milyard, Ümumdaxili Məhsulunun həcmi isə 551 milyard ABŞ dolları təşkil edir.
Bu göstəricilər müvafiq ardıcıllıqla Portuqaliyada 93 və 238 milyard, Belarisda 22 və 60 milyard, İsraildə 93 və 364 milyard, Avstriyada 198 və 456 milyard ABŞ dollarıdır. Azərbaycanın isə dövlət büdcəsi 10 milyard, ÜDM-nin həcmi isə 45 milyard ABŞ dollarına yaxındır. Göründüyü kimi iqtisadi göstəricilərə görə, nümunə gətirdiyim ölkələrlə Azərbaycan arasındakı fərq kifayət qədər böyükdür.
İsveç səhiyyəsinin səviyyəsinə görə, dünyada dördüncü yerdədir. Bu ölkədə hər 10 min nəfərə 54 həkim düşür. İsrail isə səhiyyəsinin keyfiyyət göstəricilərinə görə, bütün reytinq cədvəllərində ikinci sırada dayanır. Həkimlərin və tibb işçilərinin sayına görə də bu ölkə dünyada birincilər sırasındadır. Qeyd edim ki, hər 10 min nəfərə düşən həkimlərin sayına görə hətta Belarus da Azərbaycanı üstələyir. Azərbaycanda bu göstərici 31,5, Belarusda isə 41 nəfərdir.
İndi isə nümunə gətirdiyim ölkələrdə COVİD-19-a yoluxanların və ölüm hallarının sayına diqqət yetirək:
İsveçdə koronavirus yoluxanların sayı 72 minə yaxındır. Ölənlərin sayı isə 5240 nəfərdir. Bu göstəricilər müvafiq ardıcıllıqla Portuqaliyada 43 min və 1587 nəfər, Belarusda 62 minə və 412 nəfər, İsraildə 28 min və 326 nəfər, Avstriyada 18 min və 705 nəfər təşkil edir. Azərbaycanda isə bu sətirləri yazdığım zamanadək olan göstəricilərə görə, yoluxanların sayı 19267, ölənlərin sayı isə 235 nəfərdir.
Göründüyü kimi, Azərbaycanda COVİD-19-a yoluxma və ölüm halları ilə bağlı vəziyyət iqtisadi potensialına, səhiyyəsinin səviyyəsinə, həkimlərinin sayına görə əksər hallarda bizi bir neçə dəfə üstələyən ölkələrdən daha yaxşıdır. Bunu hər kəsin azacıq zəhmət çəkib əldə edə biləcəyi statistic göstəricilər, rəqəmlər deyir.
Digər tərəfdən, təəssüflə qeyd etməliyəm ki, yuxarıda adlarını sadaladığım ölkələrinin əkəsriyyətinin vətəndaşları COVİD-19-dan qorunmaqla bağlı Ümumdünya Səhiyyə Təşkilatının, hökumətlərin çağırışlarına daha dəqiqliklə əməl edirlər. Bu ölkələrin çoxunda sanitariya-gigiyena qaydalarına əməl edilməsi, sosial məsafə saxlanılması, bəzilərində isə maska taxılması ilə bağlı problem, demək olar ki, yox dərəcəsindədir.
Əgər ilk gündən qaydalara istisnasız, yaxud cüzi istisnalarla əməl olunsaydı, Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı, şübhəsiz ki, indikindən dəfələrlə az olacaqdı...
Doğrudur, hazırda Azərbaycan vətəndaşlarının əhəmiyyətli hissəsi koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlaşıqla qarşılayır, məsuliyyət, nizam-intizam göstərirlər. Amma yenə də aramızda karantin rejiminin qaydalarına əməl etməyənlər var. Təəssüf ki, hələ də İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq.
Koronavirusla mübarizədə daha effektiv nəticənin əldə olunması isə təkcə hökumətin, Operativ qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır.
Biz müharibədəyik və bəlkə də müharibədən daha çətin bir vəziyyətdəyik. Çünki düşmən qarşımızda, səngərdə deyil, hər yerdədir. Bu savaşdan qalib çıxmağımız üçün, istisnasız olaraq, bir nəfər kimi hamımız mübarizəyə qoşulmalıyıq. Sadə olan üç məsələyə əməl etməklə buna nail olmaq mümkündür: tibbi maska taxmaqla, sosial məsafə saxlamaqla, əllərimizi mütəmadi yumaqla...
“Bir dəfə əllərimi yumasam, şəxsi əşyalarımı, otağımı dezinfeksiya etməsəm heç bir şey baş verməz”, “beş dəqiqəlik maskasız çölə çıxsam heç nə olmaz”, “sosial məsafəni saxlamasam dünya dağılmaz” kimi laqeydlik hamımıza ziyan vurur. Qaydalara əməl etsək və başqalarının da əməl etməsinə çalışsaq problem tez bir zamanda həll olunacaq.
İndi əməldə birlik, həmrəylik vaxtıdır!
Elçin Mirzəbəyli