“Sələflər və xələflər” Hadisə

“Sələflər və xələflər”

Beynəlxalq simpozium keçirilir

Tərlan

Dünən AMEA İnformasiya Resursları Mərkəzində görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin 150 və görkəmli türkoloq-dilçi alim, akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunan "Sələflər və xələflər" I Beynəlxalq simpoziumu öz işinə başlayıb. AMEA-nın məlumatına görə, beynəlxalq simpoziumda 12-dən çox xarici ölkədən, o cümlədən Türkiyə, Qazaxıstan, Polşa, Albaniya, Ukrayna, Əfqanıstan, Özbəkistan, Böyük Britaniya və Bolqarıstandan olan nümayəndələr iştirak edirlər. Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev simpoziumun məqsəd və əhəmiyyəti barədə məlumat verdi. Bildirdi ki, "Sələflər və xələflər" Beynəlxalq simpoziumunun əsas məqsədi türk dünyasının görkəmli dilçilərini yeni nəslə tanıtmaq, türk dünyasının müxtəlif nəsillərdən olan nümayəndələrini, xüsusilə gənc dilçilərini bir araya gətirmək, onları sələflərin elmi irsi ilə tanış etmək, xələflərlə görüşdürmək, eyni zamanda, təcrübə mübadiləsi aparmaq, milli dəyərləri, elmi nailiyyətləri dünyaya təqdim etmək imkanı yaratmaq, beynəlxalq əməkdaşlığı genişləndirməkdir. T.Hacıyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi sahəsində görülən işlərdən də söz açdı.
Sonra AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakçılara ünvanladığı məktubu səsləndirdi. Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev çıxışında Əli bəy Hüseynzadə və Məmmədağa Şirəliyevin Azərbaycan dilçiliyinin inkişafındakı rolundan söhbət açdı. "Bu gün sələflər və xələflərin arasında münasibətin yaranmasında, mənəvi estafetin ötürülməsində görülən tədbirlər bəlkə də işin hələ hamısı deyil. Bu, həqiqətən bir türkoloji bayramdır. Əminəm ki, simpoziumun mənəvi və məntiqi davamı kimi hamı öz ürəyindən keçən dilçilik tədbirləri keçirəcək. Gələcəkdə sələflər və xələflər mövzusunun elə bu şəkildə də davamı gözləniləndir. Konfransın işinə uğurlar arzu edirəm".
Simpoziumda çıxış edən professor Zeyneb Korkmaz (Tükiyə), professor Erden Kajibek (Qazaxıstan), professor Hamza Zülfikar (Türkiyə) və başqaları tədbirdə müasir dilçiliyin problemlərinin müzakirə olunacağı bildirdilər. Tədbir çərçivəsində professor Zeyneb Korkmaz və akademik Kamal Abdullayev akademik Məmmədağa Şirəliyev adına mükafatla təltif olundular. Simpozium öz işini bölmə iclasları üzrə davam etdirib. Bölmə iclaslarında dilçiliyin müxtəlif sahələrini əhatə edən 90-dan artıq məruzənin dinləniləcəyi nəzərdə tutulur. Qeyd edək ki, simpoziumun Əli bəy Hüseynzadə ilə bağlı bir günlük xüsusi bölümü oktyabrın 23-də Qafqaz Universitetində keçiriləcək. Simpozium oktyabrın 24-də başa çatacaq.