Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı konfrans keçirildi Hadisə

Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı konfrans keçirildi

Tədbir Salyan Rayon İcra Hakimiyyətinin və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu
Fevralın 24-də Salyan rayonunda Salyan Rayon İcra Hakimiyyətinin, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Kütləvi informasiya vasitələri rəhbərlərinin, ziyalıların, elm xadimlərinin qatıldıqları tədbirin iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Salyan rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Daha sonra Əli bəy Hüseynzadənin abidəsi önünə tər çiçəklər düzən iştirakçılar yubilyarın ev muzeyində də olublar.
Yubiley konfransını giriş sözü ilə açan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib ki, bir sıra KİV nümayəndələrinin Salyan rayon icra hakimiyyətinin başçısı ilə görüşü zamanı Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı təşəbbüs irəli sürüldü. Dövlət başçısı dahi mütəfəkkirin 150 illik yubileyinin keçirilməsinə dair sərəncam imzalamaqla həmin təşəbbüsə həssas yanaşıb. ATXƏM sədri mühüm dövlət sənədinə görə prezident İlham Əliyevə və yubiley tədbirinin təşkilindəki dəstəyinə görə Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimova minnətdarlığını ifadə edib: "Əli bəy Hüseynzadə dedikdə göz önünə çoxşaxəli şəxsiyyət gəlir. Həyatını, varlığını türk birliyinə sərf etmiş Əli bəyin türk dünyasının konsolidasiyasına yönələn çağırışları yaşadığımız müasir dövrlə də səsləşir. Demək Əli bəyin ideyaları aktuallığını qoruyub saxlayır", - deyən İ.İsmayılov yubilyarın mətbu müstəvidəki fəaliyyətindən söz açarkən bildirib ki, Əli bəy Hüseynzadə "Fyüzat" jurnalında "bizə türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai lazımdır" fikirlərini ifadə etmişdi. Sonradan həmin fikirlər təkmilləşərək türkləşmək, müasirləşmək, islamlaşmaq kimi təqdim olundu.
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından bəhs edən məruzə ilə çıxış edib. Görkəmli publisistin təkcə Azərbaycan deyil, bütövlükdə türk və İslam dünyası üçün parlaq sima olduğunu söyləyən Ş.Vəliyev onunla bağlı ilk yubiley tədbirinin məhz anadan olduğu Salyanda təşkilinin müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Yubilyarın Azərbaycan Xalq Cümhurriyətinin ideoloji əsaslarını yaratdığını önə çəkən Ş.Vəliyev onu islahatçı şəxsiyyət kimi səciyyələndirib: "Əli bəy Azərbaycanda ilk dəfə azad informasiyalı vətəndaş cəmiyyəti məfkurəsinin əsasını qoyub. Mövcud istiqamətdəki tezisləri bu günümüz üçün də çox vacibdir. Monarxiya idarəçiliyindən müasir, konstitusiyalı dövlətə keçidin ideyasını irəli sürərək bununla əlaqədar silsilə məqalələr yazıb. Çar Rusiyasının müstəmləkə rejimindən qurtulmaq, müstəqil Azərbaycan qurmaq ideyası da məhz onun təfəkkürünün məhsuludur" – deyən Ş.Vəliyev diqqəti Əli bəy Hüseynzadənin əsərlərində Azərbaycan və Azərbaycançılıq ideyasının elmi əsaslarla şərh olunmasına çəkib.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında əsasən yubilyarın qəzetçilik fəaliyyətində özünü göstərən ideoloji motivlər üzərində dayanıb: "Azərbaycanda deyil, Türkiyədə də qəzetçiliklə məşğul olmuşdu. Fikirlərini ortaq türk dilində ifadə edirdi. O zaman ümumtürk ortaq dil məsələsi birmənalı qarşılanmırdı. Maraqlıdır ki, Əli bəy "Həyat" qəzetində əleyhinə olan insanlara da yer verirdi. Digər tərəfdən, Əli bəy Hüseynzadə modern Türkiyənin fikir babasıdır. Mustafa Kamal Atatürk deyirdi ki, mənim cismimin, sümüyümün sahibi Əlirza əfəndidirsə, fikrimin babası Ziya Göyalpdır. Ziya Göyalp isə Əli bəy Hüseynzadəni öz ustadı sayırdı".
MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, Əli bəy Hüseynzadə ilk növbədə milli kimlik məsələsini gündəmə gətirdi. "Bu, son dərəcə vacib məqamdır. Ancaq bir şəxsiyyət kimi o, hələ yaxşı öyrənilməyib və cəmiyyətə də yetərincə təqdim edilməyib. Hesab edirəm ki, mövcud istiqamətdə görüləcək ən böyük tədbir Əli bəy Hüseynzadənin adını daşıyacaq ayrıca elmi mərkəzin yaradılması olardı", - deyə o əlavə edib.
Tədbirdə çıxış edənlərdən Salyan rayon Ziyalılar Birliyinin sədri Qulam Sadiq, Əli bəy Hüseynzadənin Salyanda ucaldılmış abidəsinin müəllifi, heykəltaraş Nəriman Qəhrəmanoğlu, şair Oqtay Rza və başqaları Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncamı dahi mütəfəkkirin yaradıcılığına yüksək qiymət nümuməsi kimi dəyərləndiriblər. Böyük şəxsiyyətin həyat yoluna dair müxtəlif məqamlardan geniş söz açıblar.
Sonda çıxış edən Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov Əli bəy Hüseynzadə şəxsiyyətinin formalaşmasında doğma yurduna bağlılığın mühüm amil olduğunu vurğulayıb. "Türkçülük, Azərbaycançılıq ideyaları ilə yaşamış bu böyük şəxsiyyətin amalı insanımızı dünyaya inteqrasiya etdirmək idi. Milyonçu Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə "Həyat" qəzetini nəşr etdirmişdi. İnsanları maarifləndirmək istəyirdi. Bildiyiniz kimi, Əli bəy Hüseynzadənin həyat yolu heç də asan olmayıb, bir çox təzyiqlərə məruz qalıb. Ancaq bütün bunlara baxmayaraq xalq yolunda çalışmaqdan yorulmayıb. Belə bir insanın məhz salyanlı olması salyanlıların fəxridir. Əsrin əvvəlində Əli bəy Hüseynzadə, əsrin sonlarında isə Xəlil Rza Ulutürk. Bu insanlardır bizim şərəfimiz, vüqarımız", - deyən T.Kərimov Əli bəy Hüseynzadənin 150 illik yubileyini ölkə miqyaslı hadisə kimi dəyərləndirib. Yubileylə əlaqəar sərəncama görə prezident İlham Əliyevə Salyan ictimaiyyyəti adından minnətdarlığını bildirib.
Yubiley tədbirinə yekun vuran ATXƏM sədri İlham İsmayılov orta məktəblərdə Əli bəy Hüseynzadə irsinin daha geniş şəkildə tədrisinə çox böyük ehtiyacın duyulduğunu deyib. "Təklif edirəm ki, bu ili Salyanda "Əli bəy Hüseynzadə" ili elan edək və ali məktəblərə yüksək bal toplayaraq daxil olan tələbələrə ATXƏM-in mükafatını təqdim edək. Gənclərin bu böyük azərbaycanlının irsini dərindən öyrənməsi son dərəcə vacibdir" – deyə o, fikrini tamamlayıb.