Taxılçılıqda məhsuldarlığın səviyyəsi aşağıdır Hadisə

Taxılçılıqda məhsuldarlığın səviyyəsi aşağıdır

Vahid Məhərrəmli: "Sahələrə verilən mineral və üzvi gübrələr kifayət eləmir"
Baba Əliyev: "Biçin vaxtı camaat əziyyyət çəkir"
Ötən il kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev mətbuata müsahibəsində bildirmişdi ki, hələ də ölkədə taxıl və ət məhsullarına tələbatın daxili istehsal hesabına ödənilməsində müəyyən problemlər var: "Ət və taxıl məhsullarına olan tələbatın 20-25 faizini idxal hesabına ödəyirik. Artıq 2,8 mln. ton taxıl istehsal olunub və düşünürəm ki, 2015-ci ilə kimi idxalı sıfıra endirəcəyik. 2015-ci ildə həm ət, həm də taxıl məhsulları üzrə ixrac potensiallı ölkəyə çevriləcəyik. Bizim 144 ölkə ilə idxal-ixrac əməliyyatlarımız var. Dünya dövlətləri ilə ticarət əlaqələri qurulub, amma bu iki məhsul üzrə ehtiyacımız hələ də tam ödənmir".
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmlinin bildirdiyinə görə, fermerlərin istehsal etdikləri buğda heç bir standarta cavab vermir: "Bunu özləri də başa düşür. Yüksək reproduksiyalı buğda əldə etmək üçün əlavə gübrə və dərmanlara ehtiyacları olduqlarını deyirlər, ancaq bunu da onlara dövlət vermir. Təəssüflər olsun ki, biz bu gün statistikaya baxanda görürük ki, 1 milyon hektardan artıq payızlıq əkinin statsitikasını veriblər. Azərbaycanda fermerlər 20 ildir taxıl əkirlər. Bu 20 ildə növbəli əkin sistemi yaradılmayıb. Orda zərərvericilər ilbəil artır. Onların qarşısını kimyəvi vasitələrlə almaq lazımdır. Həmin sahələrə verilən mineral və üzvi gübrələr kifayət eləmir. Birincisi, mineral gübrə təlabatın 5 faizi qədər verilir, üzvi gübrə isə ümumiyyətlə verilmir. Yəni torpaq 20 ildə münbitliyini itirir. Avropa ölkələrində hər hektara 400 kiloqrama qədər mineral gübrə verilir. Hətta Misirdə 700 kiloqram gübrə verilir. Ona görə də hər hektardan 70 sentner məhsul alırlar. Fermerlər gübrə əldə edirlər, texnika vasitəsilə o gübrəni səpirlər, lakin əldə etdikləri nəticə onları qane etmir. Çünki gübrənin təsiredici gücü aşağıdır. Xərc çox çəkilir, səmərəsi isə azdır. Gübrə az verilir. Üzvü gübrə verilmirsə heç olmasa mineral gübrənin həcmi artırılmalıdır. Hər il 1 ton taxıl məhsulu olan yerdən 100 kiloqram təsiredici qüvvədə azot, fosfor, kalium elementləri çıxarılır. Bu əvəz olunmalıdır".
Vahid Məhərrəmlinin bildirdiyinə görə, fermerin mövcud texnika çatışmazlığı problemi ilə yanaşı taxılın qısa bir müddətdə qurudub, təmizləyib, çeşidləmə kimi problemi də var: "Belə avadanlıq isə ölkədə mövcud deyil. Taxıl qurudulmadıqda pıxtalaşma baş verir və buğdanın keyfiyyəti itir. Qabaq tədarük idarəsi vardı. O idarə də Füzulidə dağıldı".
Fermer Baba Əliyev bildirir ki, belə bir təşkilat Beyləqanda, Daşburunda var: "Onlar da çox adamdan götürmür. Öz istehsalı var, ordan-burdan az miqdarda yığırlar. İndi onlar da yerlərini Kramko adlanan təşkilata satıblar. Bizm də hansısa tədarük təşkilatı ilə elə bir müqaviləmiz yoxdur. Qabaqlar aparıb Bakıda dəyirmana verirdim. İndi böyük fermerlər çıxandan sonra daha dəyirmanlar bizdən taxıl almır. Onların da hansının yanına gedirsən, deyirlər, Rusiyadan taxıl gəlir. Ancaq təmiz taxılı alırlar. Tədarük təşkilatı olsa, camaat aparıb məhsulunu ora verər. Orda da təmiz taxılın, zibilli taxılın qiyməti müəyyənləşər. Mülkiyyətçi də bilər ki, istehsal elədiyi taxılı dövlətə satacaq, alverçi onun məhsulundan ondan çox mənfəət götürməyəcək".
Fermer Baba Əliyevin bildirdiyinə görə, əkinçilər texnika sarıdan çox əziyyət çəkirlər: "Düzdür, rayonda böyük "Azerservis" var, ancaq biçin vaxtı camaatın çoxu əziyyyət çəkir. Ötən il mən 15 hektar sahədə arpanı biçə bilmədim. Çəkdiyim əziyyətin qarşısında yerdə qaldı".
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Murtuzəli Hacıyev mətbuata verdiyi açıqlamasında istehsal olunan buğdanın ərzaq tələbatını 80 faiz ödədiyini bildirir: "Azərbaycanda toxumçuluq alınmadı. Mən bildiyim qədər Yevlaxda "Azərtoxum" yaratmışdılar. Sahələri də var idi. 2010-cu ildə o toxumlar Yevlax, Bərdə, Tərtər zonasında əkildi, ancaq bitmədi. Bu onu göstərir ki, bizim seleksiya imkanlarımız məhduddur. Bunu etiraf etmək lazımdır. Bu gün bizim seleksiya imkanlarımız sıfırdırsa, daha çox kənardan keyfiyyətli toxum gətirməliyik".
Taxıl əkini təkcə deyilən problemlərlə bitmir. Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun sözlərinə görə, Azərbaycanda əhalinin 40 faizi aqrar sektorda cəmləşib: "Hazırda ölkənin kənd təsərrüfatı sektorunda texnika və gübrəyə olan tələbat tam ödənilmir. Eyni zamanda, məhsuldarlığın səviyyəsi aşağıdır. Türkiyənin aqrar sahədə yaxşı təcrübəsi var. Məsələn, Azərbaycanda əkin sahələrinin heç 1 faizi sığortalanmayıb. Biz Türkiyədən aqrar sığorta sistemini təkmilləşdirməyin yollarını öyrənə bilərik".
Araşdırmalar da göstərir ki, hazırda kənd təsərrüfatı sektorunda sığortanın payı olduqca azdır. Ümumi sığorta portfelində kənd təsərrüfatının payı, qeyd olunduğu kimi, 1 faizdən də aşağıdır. Halbuki, dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının sığortalanması ilə bağlı təşviqedici tədbirlər görülməkdədir. Məsələn, məlumdur ki, "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun qəbul olunub. Qanunun qəbul edilməsində əsas məqsəd kənd təsərrüfatı istehsalçılarının əmlakının təbii fəlakətdən sığortalanmasında dövlətin iştirakını təmin etməklə, aqrar sahədə sığortanın inkişafını stimullaşdırmaqdır. Nazirlər Kabineti tərəfindən sığorta haqqının büdcə vəsaiti hesabına ödənilməsi haqqında qərar qəbul olunub. Həmin qərarda göstərilir ki, hər hansı bir sığorta hadisəsi zamanı hesablanmış sığorta haqqının 50 faizi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Lakin bu sahədəki təşviqedici tədbirlərə baxmayaraq, sığorta sistemi aqrar sahədə hələ də çox zəif inkişaf etməkdədir. Hələlik isə o da məlumdur ki, ölkədə "Kənd təsərrüfatı sığortası haqqında" yeni qanun hazırlanır və burada kənd təsərrüfatının sığortaya cəlb olunması əsas şərtlər sırasındadır. Qanun layihəsinə əsasən, fermerin təsərrüfatı "Elektron sistem"ə yerləşdiriləcək və müxtəlif səbəblərdən onun itirdiyi zərəri sığorta şirkətləri ödəyəcək.

Ülviyyə Tahirqızı