Polkovnik: Ermənilər məğlubiyyətlərini ört-basdır etmək üçün sərsəmləyir Hadisə

Polkovnik: Ermənilər məğlubiyyətlərini ört-basdır etmək üçün sərsəmləyir

Ermənistanın hazırkı acınacaqlı vəziyyətinə baxanda adam dəhşətə gəlir. Bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti bu vəziyyətdə də xalqını, ordusunu fəlakətə sürükləyir: "Hətta iş o yerə çatıb ki, onların dinə qulluq edən adamları da əllərinə silah götürüblər. Hazırda Ermənistanda elə bir acınacaqlı vəziyyət, xaos hökm sürür ki, bunu sözlə ifadə etmək çox çətindir. Hətta qondarma rejimin bir mətbuat katibi var, Vaqram Poqosyan deyir ki, guya onlar Dağlıq Qarabağda terrorizmə qarşı mübarizə aparırlar. Bütün dünya bunları terrorçu kimi tanıyır, hələ utanmadan Azərbaycan və Türkiyəni "cəzalandıracaqlarını" deyirlər. Olmayan məsələləri uydururlar".

Hərbi ekspert deyir ki, Ermənistan dünən ilk dəfə geri çəkildiklərini etiraf etdikdən sonra özlərini sığortalamaq üçün axmaq bir bəyanatla çıxış ediblər: "Geri çəkiliblər, uğursuzluqlarını bilmirlər necə ört-basdır etsinlər, bəyanat yayırlar ki, guya bunlar taktiki gediş edib geri çəkilib, Azərbaycan Ordusunu pusquya salırlar. Guya 200 nəfər hərbçimizi tələyə salıblar. Elə sərsəmləyirlər ki, guya Azərbaycan əsgəri dayanıb, bunlar da vurublar. Bu artıq erməni tərəfin son çırpıntılarıdır. Gecə saatlarında Paşinyan yenə harasa zəng vurub kömək istəyib. Onlar istəyirlər ki, atəşkəs olsun. Çünki artıq onların yaydıqları köhnə və keyfiyyətsiz videolar, yalan məlumatlar da onları xilas etmir. Bu gün bəzi qüvvələr Ermənistan tərəfdən aktiv hərəkətə keçəcəklər ki, vəziyyəti durdursun. Amma cənab Prezident açıq şəkildə dedi ki, biz 30 il idi ki, ermənilərə şans verdik ki, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu başa düşsün. İndi artıq bizim gözləmə limitimiz bitib, Azərbaycan əsgəri üzərinə düşəni edir".

Polkovnik bildirir ki, Prezident İlham Əliyev müsahibəsində qaranlıq qalan bütün məsələlərə aydınlıq gətirdi: "Ermənilərin bundan sonra nə edəcəyindən asılı olmayaraq Azərbaycan əsgəri yaxın günlərdə zəfər anlarını Azərbaycan xalqına yaşadacaq".