Məhkumun monoloqu Hadisə

Məhkumun monoloqu

Faiq İsmayılov

Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş Azərbaycan vətəndaşı,
20 ildir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb,
dünyanın gözəlliyinə baxıram.
Xəyalımdan heç vaxt silinməyən, sonuncu qışın baharla qovuşa bilməyən, soyuq nəfəsi...
Qulaqlarımda səslənən silah gurultuları, doğma yurdlarını tərk edib qaçan qonşularımın qışqırtısı, naləsi...
Hansısa qəmli bir mahnının qırıqlanmış notları kimi səslənir..., səslənir...,
rahatlıq vermir...
Ovuna bilmirəm...
Köhnə bir kətilin üstünə çıxıram...
Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş Azərbaycan vətəndaşı,
20 ildir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb, dünyanın gözəlliyinə baxıram.
Adət etmədiyim əyləncələrə dəvət ediləndə, qol götürüb oynamaq istədiyim bir mahnıya oynamaq həvəsi yaranan andaca sanki ildırım çaxır, diksindirir məni...
Qulaqlarımda gurlayır erməni əsirliyində zorlanan qadınların səsi...
Qaçıram...
Qaçıram bu səsdən...
Gözlərim önündə canlanan evimin xarabalıqlarına doğru qaçıram...
Ayılanda görürəm ki, divarları kif iyi verən köçkün komasındayam...
Xatirələrimi ayaqlarımın altına qoyub...
Köhnə bir kətilin üstünə çıxıram,...
Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş Azərbaycan vətəndaşı,
20 ildir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb, dünyanın gözəlliyinə baxıram.
Adım qaçqın, özüm qaçqın, soyum qaçqın, sonum qaçqın...
Yaşamağa ünvanım yox...
Həyat mənə bir məhbəsdir...
Hayqırıram bu məhbəsdən, səsim-ünüm heç kimsəyə yetmir, deyəm ki, daha yaşaya bilmirəm.
Bəsdir!
Bəsdir!
Bəsdir!
Xilas olmaq istəyirəm...
Yatağının üstündə oturub, müalicəsi üçün pul tapacağımı gözləyən şikəst bacımın köksümə xəncər kimi saplanan baxışlarından...
Xilas olmaq istəyirəm...
Nənəmin öldürülən, girov götürülən əzizləri üçün hər gün axıtdığı ğöz yaşlarından...
Yalvarıram-yalvarıram onları sakitləşdirmək üçün...
Sonra heç nə olmayıbmış kimi...
Xatirələrimi ayaqlarımın altına qoyub köhnə bir kətilin üstünə çıxıram...
Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş Azərbaycan vətəndaşı,
20 ildir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb,
dünyanın gözəlliyinə baxıram.
Bezdim daha, vaqonlarda, daxmalarda, nəm qoxulu otaqlarda yaşamaqdan ...
Qaçqın adın damğa kimi, libas kimi üzərimdə gəzdirməkdən, daşımaqdan...
Imkan olsa qışqırardım..,
Car çəkərdim mən dünyaya,
Yalvarardım, deyərdim ki, silin qardaş "qaçqın" sözün kitablardan, qəzetlərdən..,
təzələyin insanların yaddaşını...
Qurudardım əllərimlə illər boyu oğlum deyib, qızım deyib, yar yoldaşım, qocam deyib, nalə çəkən anaların qırışlanmış sifətində cığır açan göz yaşıını.
Sonra...
Sonra...
Qucaqlayıb qardaşımın biskilli başdaşını...
Dəli kimi ağlayardım...
Hayqırardım!
Dünyaya deyərdim ki:
- Hər gün, xatirələrimi altına qoyub köhnə bir kətilin üstünə çıxıram,...
Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş Azərbaycan vətəndaşı,
20 ildir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb,
dünyanın gözəlliyinə baxıram.