Tədbirlər görülməsəydi, COVİD-19-a yoluxma sayı daha yüksək olardı - Baş infeksionist Hadisə

Tədbirlər görülməsəydi, COVİD-19-a yoluxma sayı daha yüksək olardı - Baş infeksionist

Hamıya bəllidir ki, Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Ancaq təbliğat işləri və digər kompleks tədbirlər aparılmasaydı, yəqin ki, onda bu rəqəmlər daha yüksək olardı.

Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, COVİD-19 infeksiyası ilə yoluxma hallarının azaldılmasının əsas yolu insanlar arasında təmasların azaldılmasıdır:

“Aparılan təbliğat işləri və digər kompleks tədbirlər bu məsələnin həllinə istiqamətlənib. Bəli, biz yoluxma sayında özümüzə məxsus maksimum həddi aşdıq. Lakin ətrafımıza nəzər salın. Bir çox ölkələrdə bu vəziyyət bizdə olduğundan da pisdir və qonşu ölkələrdə bu hal daha öncə baş verib. Yaddan çıxarmayaq ki, biz hərbi vəziyyət şəraitində yaşayırıq. İndiki durumun özəlliyi bir də odur ki, infeksiyanın yayılmasının bir illik tsikli tamamlanmayıb və biz qış-yaz-yay mövsümünü bitirmişik. Bu gün isə payızdan qışa doğru gedirik. Təbii ki, pandemiya dövrü üçün bu, yeni bir vəziyyətdir və əvvəlkindən fərqlənir”.

Baş infeksionist əlavə edib ki, son günlərdə qəbul olunmuş karantin tədbirlərinin effektivliyi haqqında danışmaq hələ tezdir. Bunun üçün müəyyən vaxt keçməlidir.

Artım belə davam edərsə, yaxın aylarda koronavirusla bağlı gözlənilən vəziyyətin necə ola biləcəyinə gəldikdə, T.Eyvazov qeyd edib ki, ehtiyac olarsa, istənilən yeni yaranan vəziyyət zamanı buna uyğun qərarlar qəbul olunacaq:

"Artım davam edərsə, yəqin ki, bu qərarlar veriləcək. Mart ayından etibarən həm Azərbaycanda, həm də bir sıra ölkələrdə müxtəlif artımlarla üzləşilib. Belə vəziyyətlərdə nəyi və nə vaxt etmək haqqında nəzarətedici orqanlarda artıq kifayət qədər təcrübə toplanıb və qeyd etdiyim payız-qış mövsümünə aid məlumatlar da toplanılır. Bildiyiniz kimi, indiyədək aparılan mübarizə tədbirləri səmərəli, effektiv olub".