“Miqrasiya sahəsində problemlər kifayət qədərdir” Hadisə

“Miqrasiya sahəsində problemlər kifayət qədərdir”

Dövlət Miqrasiya Xidməti: "Rəsmi Bakı hər 4 ildən bir BMT-nin müvafiq komitəsində hesabat verir"

"Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlarla yanaşı, problemlər də kifayət qədərdir. Biz dövlət qurumları və beynəlxalq təşkilatlarla birlikdə bu problemlərin aradan qaldırılması üçün fəaliyyət göstəririk. Hesab edirəm ki, biz bu problemlərin həllinə nail olacağıq".
Bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev dünən Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin sosial-siyasət komitələrinin II birgə toplantısında "TürkPA üzv ölkələrinin miqrasiya problemləri və imkanları" mövzusunda müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, bir neçə il əvvəl Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi zərurəti yaranmışdı. Dövlət Miqrasiya Xidməti yarandıqdan sonra qısa müddət ərzində qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bildi.
P.Musayev qeyd edib ki, Azərbaycanda mövcud olan Miqrasiya Məcəlləsi həm də regionda və dünyada ilk dəfə qəbul olunan miqrasiya qanunudur: "Bu məcəllədə zaman-zaman bəzi dəyişikliklərin edilməsi beynəlxalq qanunlar çərçivəsində baş verir ki, bu da təbiidir".
O bildirib ki, bu gün ölkəyə gələn əməkçi mirantların və ailələrinin hüquqları yüksək səviyyədə qorunur: "Rəsmi Bakı hər 4 ildən bir BMT-nin müvafiq komitəsində hesabat verir. Sonuncu hesabat isə komitə tərəfindən qəbul edilib və buna yüksək səviyyədə qiymət verilib".
Azərbaycanda əməkçi miqrantların qəbul edilməsi və onlar üçün müvafiq şəraitin yaradılması Miqrasiya Məcəlləsinə əsasən tənzimlənir: "Sonuncu dəyişikliklərdən sonra bu proses daha da sadələşdirilib. Əgər əməkçi miqrantların 5 il Azərbaycanda işlədikdən sonra 1 il öz ölkəsində qalmaqla, yenidən Azərbaycana qayıtmaları nəzərdə tutulurdusa, indi bu məsələ aradan qaldırılıb. Azərbaycanda nikaha girənlər və sahibkarlıqla məşğul olanlar xüsusi icazə almadan istədikləri işlərlə məşğul ola bilirlər".