“Döyürsə, döyülürsə demək səbəbi var” Hadisə

“Döyürsə, döyülürsə demək səbəbi var”

Psixoloqlar ailədaxili münaqişələrin artması səbəbini insanlar arasında psixoloji gərginliyin yüksək həddə olması ilə əlaqələndirirlər

Hər gün açdığımız TV kanallarda, qəzet və saytlarda hər hansı bir qadının həyat yoldaşı tərəfindən öldürüldüyü barədə informasiyaya rast gəlirik. Bu informasiyalar o qədər şablonlaşıb ki, bir çox hallarda diqqətdən kənarda qalır. Cəmiyyətdə dəhşətli fikir formalaşıb; axı burda nə var? Qadın döyülər də, söyülər də. Ölübsə, bir işdi də, olub. Yəni bir insanın həyatı bu qədər ucuzdur. O qədər ucuz ki, TV, radio, qəzet və saytlarda qadın ən aşağı sözlərlə belə təhqir edilərək daim aşağı yerdə durmalı olduğu nadanlar tərəfindən elə nadancasına izah edilir. Axı bu cəmiyyətin ağırlığını çiyinlərində daşıyan qadına zorakılıq niyə tətbiq edilir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2012-ci ildə məişət zorakılığı ilə bağlı 773 cinayət hadisəsi baş verib. Bu növ cinayətlərin 10,2 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 11,3 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 73,9 faizi döymə, 22,4 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,5 faizi qəsdən adam öldürmə, 3,2 faizi isə digər cinayətlərdir. Kişilər qadınlara niyə şiddət tətbiq edir? Dünya ölkələrində yaşayan 9 min qadın arasında keçirilən sorğu əsasında bu nəticə ortaya çıxıb.
Kişilər ən çox qadınlarını bu səbəblərdən döyürlər: "Qadının cinsi əlaqəyə girmək istəməməsi, çox kökəldiyi və kişinin daha xoşuna gəlməməsi, uşaq dünyaya gətirə bilməməsi və ya oğlan uşağı dünyaya gətirə bilməməsi, yeməyin duzlu, yanmış, soyuq ya da gözəl olmaması, kişinin geyəcəyinin yaxşı ütülənməməsi, qapının gec açılması, qadının xəstə olması və yaxşılaşa bilməməsi, icazəsiz çölə çıxması, uşağın ataya bənzəməməsi, qadının boşanmaq istəməsi, kişinin başqa qadınlarla olan əlaqəsinə qarışması, işləmək istədiyini hər zaman dilə gətirməyinə baxamayaraq rədd cavabı alması və sonda kişinin qəzəblənməsi , kişinin işsiz qalması, ailənin iqtisadi çətinlik çəkməsi, spirt və digər zərərli vərdişi olan yoldaşının qadın tərəfindən xəbərdar edilməsi.
Necə döyür sualına isə qadınların ortaq cavabı belə olub: "Kişinin tətbiq etdiyi fiziki bəzi şiddət üsulları - "yumruq, təpik, çubuq, kəmərdən istifadə edilərək üzə, gözə, başa, sinəyə, kürəyə vurulması", "Üzə, gözə yanıcı maddələr atılması", "Qaynar su, çay suyu atılması", "Yanan siqaretin çılpaq bədəndə söndürülməsi", "Bıçaqla və silahla yaralama" nümunə olaraq göstərilir. Qadını ən çox kədərləndirən şiddət nörvləri isə bunlardır: "Uşaqlarının, evdəki qonağın, ya da qohumlarının, küçədə insanların qarşısında şiddət görmək. Gördüyü şiddətin bədəndə gözlə görünən iz buraxması". Hesabatda, qadına istiqamətli şiddətin qarşısının alınması üçün qadınların bəzilərinin özlərinə aid təklifləri də yer alıb. Belə ki, irəli sürülən bəzi təkliflərdə qadınlara tətbiq olunan şiddət növünün eynisinin kişiyə də tətbiq olunması məsələsi irəli sürülür.
Psixoloq Azad İsazadənin sözlərinə görə, döymək insanın daxilində aqressiyanın olmasından irəli gəlir. Bundan başqa, qadını döymək cəmiyyət tərəfindən qınanmır, dəstəkləməyənlər isə əleyhinə çıxmır. Psixoloq bildirir ki, döyən buna uyğun cəza almadığından faktlar artır. O, cəza alacağını bilsə, növbəti dəfə döyüb-döyməmək barədə daha yaxşı düşünəcək: "Cəmiyyətdə "döyürsə, demək səbəbi var" düşüncəsi formalaşıb. Qanunun qəbul edilməsi yetərli deyil. Hüquq mühafizə orqanları bununla bağlı iş aparmalı, hər bir siqnala reaksiya verilməlidir.
Maarifləndirmə ilə yanaşı, qadınların hüquqi savadı artırılmalıdır. Zorakılıq qurbanları çox vaxt müdafiə olunmaları ilə bağlı məlumatsız olur, hüquqlarını bilmir, döyülməni normal hesab edir. Tədbir görülməyəndə də zorakılığı törədən şəxs əməlində haqlı olduğunu düşünür".
Psixoloqun sözlərinə görə, belə faktlarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi mütləqdir: "Ancaq məsuliyyətə cəlb etməklə iş bitmir. Polis həmin şəxslərlə söhbət etməli, nəzarətdə saxlamalı, ailə ilə görüşlər keçirməlidir, periodik evə baş çəkməlidir. Həmin şəxslər polis tərəfindən psixoloqa yönləndirilə, zorakılığa məruz qalanların qorunması, gizlədilməsi də təmin edilə bilər. Lakin polislər bunun əvəzində cinayət törədiləndən sonra insanları həbs edilməklə kifayətlənirlər. Profilaktik işlərin görülməməsi çox zaman hüquq mühafizə orqanlarında çalışanların vəzifə borcundan çox, həmcinslərini dəstəkləmək istəklərindən irəli gəlir. Şiddət tətbiq etmək normal adekvat reaksiya deyil, əksinə, qeyr-adekvat reaksiyadır ki, ailə üzvləri səbəbdən asılı olmayaraq bir-birini öldürməyə cəhd göstərir. Ailə zorakılığına məruz qalan qurban – bu, daha çox qadın olur – özünü və ya uşaqlarını qorumaq üçün yoldaşına ağır xəsarət yetirir və nəticədə ölüm faktı törənir.
Hər il Azərbaycanda yaşı 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasın dəyişir. Bu Azərbaycanda müalicəsi mümkünsüz xəstəliklərdən dolayı vəfat edən və ya yol-nəqliyyat qəzalarında həlak olan qadınların sayından çoxdur. Statistik məlumatlara görə, Azərbaycanda həlak olan qadınların 73 faizi ərləri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən öldürülür. Hər il 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün zərbələrə tuş gəlir. Qadınların 28 faizi ərləri tərəfindən mütəmadi olaraq döyülür. Ölkədəki ailələrin 40 faizində ər, heç olmasa, bir dəfə arvadını döyüb. Təəssüf ki, Azərbaycanda qadınların döyülməsi ilə bağlı kişilərin 52 faizi hesab edir ki, "qadın döyülürsə, deməli, buna layiq nəsə edib". Qadınların 24 faizi də bu düşüncəni paylaşır. Yeniyetmə qızların 17 faizi mütəmadı depressiyalara mübtəla olur. Həmin qızların 3 faizi nə zamansa intihar edə biləcəyini istisna etməyib. Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Döyülən qadınların 45 faizi ərinin fiziki təzyiqlərinə məruz qaldığı vaxt ya hamilə, ya da azyaşlı uşaq anası olub. Qadınların 90 faizi ya öz valideynlərinin, ya da qohumlarının arasında yaşanan "ailə haqq-hesab"larının şahidi olublar. Azərbaycanlı qadınların 36 faizi onlara nə zamansa əl qaldırmış ərlərinə bu və digər formada haqq qazandırırlar.
Məişət zəminində baş verən cinayətlərin 60 faizi uşaq və yeniyetmələrin gözü qarşısında törədilir. Bu isə sonradan uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərir. Onu da qeyd edək ki, ailədə zorakılıq cinayətlərinin analizi göstərir ki, cinayətkarların 68,5 faizi zorakılığın hökm sürdüyü ailələrdə böyüyüblər. Valideynlə övlad arasında baş verən zorakılıq halları ilə bağlı il ərzində 6 fakt qeydə alınıb. 30 ailədaxili münaqişə qadınların yaxınları tərəfindən (atası, qardaşı, digər qohumları) törədilib. Üstünlük təşkil edən hadisələr bacı və qardaş arasında baş verən hadisələrdir. Baş vermiş hadisələrin əksəriyyəti, yəni 60 faizi ölümlə nəticələnib.
Ekspertlər bildirir ki, zorakılıq hallarının monitorinqini Azərbaycanın bölgələrində aparmaq olmur. Buna səbəb qəzetlərin regionlarla əlaqələrinin zəif olması və ya informasiyanın alınmasında, ötürülməsində yaranan süni maneələrdir. Yeri gəlmişkən, hamilə qadınların döyülərək və ya əvvəlcədən planlaşdırılmış şəkildə öldürülməsi hallarının sayı da artıb. Bunların arasında qısqanclıq (3 nəfər) nəticəsində və cinayəti ört-basdır etmək (5 nəfər), tamahkarlıq (1 nəfər) və digər səbəblərdən öldürülən qadınlar var. Ümumilikdə hamilə ikən öldürülən qadınların sayı 11 nəfərdir. 7 qadının öldürülməsinin əsas səbəbi isə onların hamilə olmasıdır. Bu qadınları qeyri-qanuni hamiləlik faktı ilə barışmadıqları üçün vətəndaş nikahında yaşadıqları məşuqları öldürüb.
Ekspertlər bunun səbəbini qadına qarşı olan zorakılığın hələ də zorakılıq aktı kimi qəbul edilməməsi ilə əlaqələndirirlər. Belə ki, cəzasızlıq kimi münbit şəraitdə kişilər üçün geniş meydan açılır. Həyat yoldaşına aqressiya tətbiq edən kişi bilir ki, qadının ərizə təqdim edəcəyi polis də, müstəntiq də kişidir. Onlar bütün hallarda düşünəcəklər ki, əgər qadın döyülürsə, demək səbəbi var. Əgər qadın mübarizə aparırsa, qadın boşanmaq istəyirsə, polisə ərizə verirsə, deməli əxlaqsız qadındır. Qadını polisə müraciət etməyə, ondan kömək istəməyə vadar edən səbəblər haqda isə kimsə düşünmək istəmir.
İlahiyyatçı alim, sosioloq Hacı İlqar İbrahimoğlu hesab edir ki, ailə daxilində törədilən qətllər daim mövcud olub: "Sadəcə, son vaxtlar bu qətllərin üstünün açılması daha kütəvi şəkil almağa başlayıb. Üstəlik, əvvəlki illərdən fərqli olaraq, bu hadisələr mətbuatda və televiziyada daha çox işıqlandırılır. Bu məsələ sosioloqların, araşdırmaçıların tədqiqat mövzusu olmalıdır ki, araşdırıb nəticələri müqayisə etsinlər".
Psixoloq Dəyanət Rzayev deyir ki, güclü psixoloji gərginlik, sarsıntı keçirən qadın öz üzərində nəzarəti də itirir. Bu vəziyyətdə o çox amansız olur və ən qatı cinayəti belə törətməyə qadirdi. Hadisədən sonra qadın affekt vəziyyətindən çıxır və ona elə gəlir ki, qətli o yox, başqa birisi törədib. Şokdan ayıldıqdan sonra hadisəni yavaş-yavaş xatırlamağa başlayır. Bəziləri isə cinayət hadisəsinin üzərindən uzun illər keçməsinə baxmayaraq qətli necə törətdiyini xatırlaya bilmir".
Psixoloq ailədaxili münaqişələrin artması səbəbini insanlar arasında psixoloji gərginliyin çox yüksək həddə olması ilə əlaqələndirir: "Çoxları sağlamlıq deyəndə ancaq fiziki sağlamlığı nəzərdə tutur. Ancaq əslində bu heçdə belə deyil. Sağlamlıq həm də psixikanın sağlam olması deməkdir. Müqayisə üçün qeyd edim ki, Birləşmiş Ştatlarda psixi sağlamlığın profilaktikası üçün milyardlarla dollar vəsait ayrılır. Bununla bağlı proqramlar həyata keçirilir. Ancaq Azərbaycanda problem ondan ibarətdir ki, adi profilaktik tədbir belə görülmür. Sosial sertorlar çox zəif işləyir. Əvvəllər heç olmasa sahə müvəkkili gəlib insanlarla maraqlanırdı. İndi isə sahə müvəkkili deyə bilərmi ki, niyə içki içirsiniz, ailənizi döyürsünüz? Təbii ki, yox. İndi ailələrə heç kim müdaxilə edə bilmir".

Ülviyyə Tahirqızı