Monoetnik Ermənistanda boğulan vicdan azadlığı Hadisə

Monoetnik Ermənistanda boğulan vicdan azadlığı

Tarixən Azərbaycan dini etiqadların azad olduğu yer olub. Ölkədə atəşpərəstlikdən tutmuş islamadək bütün dinlərin nümayəndələri var. Onların ibadət yerləri dövlət və cəmiyyət tərəfindən qorunur. Hər il Atəşgaha minlərlə zəvvar ziyarətə gəlir. Bakıda İçərişəhərdə xristian dininə məxsus Müqəddəs Varfolemeyin qəbri yerləşir. Onun ziyarət edilməsinə hər cür şərait yaradılır. Bundan başqa Azərbaycanda çoxlu sayda alban, pravoslav, katolik kilsələri, yəhudi sinaqoqları var.
Bu deməyə əsas verir ki, Azərbaycan Respublikasında dini etiqad azadlığı təmin edilib, hər bir vətəndaşın dini hsslərinə hörmətlə yanaşılır. Ölkəmizdə dini icmaların və konfessiyaların qanun çərçivəsində fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bu gün ölkəmizdə pravoslav, katolik kilsələr, sinaqoqlar, ayrı-ayrı dini icmalar tam sərbəst şəkildə fəaliyyət göstərirlər.
Azərbaycandan fərqli olaraq Ermənistanda istər milli azlıqların, istərsə də digər dinlərin nümayəndələrinə qarşı ciddi təzyiqlər mövcuddur. Təsadüfi deyil ki, bu gün Ermənistan monoetnik dövlətdir, digər xalqların nümatəndələri təzyiqlərə məruz qalaraq bu ölkəni tərk etməyə məcbur olublar.
1990-cı ilin əvvəllərində etnik təmizləmə nəticəsində Ermənistandan 300 mindən çox azərbaycanlı qovulub, həm Ermənistanda, həm də işğal altında olan Azərbaycan ərazilərində məscidlər, dini və milli abidələr məhv edilib.
Ermənistanda Qriqoryan kilsəsinin şəksiz hökmranlığı şəraitində digər dinlərin və dini icmaların nümayəndələri daim təzyiq altında saxlanılır, onların hüquqları kobud şəkildə pozulur, dini hissləri tapdanır. Bu günlərdə Yeddinci Günün Adventistləri icmasının nümayəndələrinin silahlandırılaraq cəbhəyə göndərilməsi bunun bariz nümunəsidir.
Adventistlər müharibəni və silahlı qarşıdurmada iştirakı qəbul etmirlər. İcma üzvləri əllərinə silah götürmür, silahdan istifadə etmirlər.
Xatırladaq ki, adventizm 1831-ci ildə Amerika Birləşmiş Ştatlarında Vilyam Miller (William Miller 1782 - 1849) adlı bir fermer tərəfindən yaradılmış bir xristian - din hərəkatıdır.
Buna baxmayaraq, ciddi insan resursu çatışmazlığı ilə üzləşən Ermənistanın hərbi-siyasi rəhbərliyi hətta adventistləri belə zorla silahlandırıb cəbhəyə göndərir. Bir neçə gün öncə əsir düşmüş Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Sahakyan dinin inanclarının əleyhinə olaraq zorla silahlandırılıb cəbhəyə göndərilməsi bunu aydın nümayiş etdirir.
Azərbaycana əsir düşdükdən sonra Hovsep Saakyanın əsir hüquqlarına və dini inancına hörmətlə yanaşılıb. Onun kilsəyə gətirilməsi də bu humanist münasibətin bariz nümunəsidir.
“Yeddinci Günün Adventistləri”nin Dua Evində çıxış edən Hovsep Saakyan 2011-ci ildən Allahverdi deyilən yerdə xidmətə başladığını, sonra Gümrü şəhərində “Yeddinci Günün Adventistləri”nin icmasında pastor kimi xidmətini davam etdirdiyini deyib: "Mən Allahın sözünü danışan insan kimi həmişə istəmişəm ki, erməni və Azərbaycan xalqları sülh içində yaşasınlar. Bu gün biz Allahın çağırışını eşitdik, o istəyir ki, biz sülhlə yaşayaq. Allah müharibə istəmir. Allah insanlığı, eləcə də Azərbaycan və erməni xalqlarını ona görə yaratdı ki, hamımız sülh və əmin-amanlıq içində yaşayaq. Mən çox şadam ki, Allah möcüzə nəticəsində həyatımı saxladı və mən indi burdayam".
Hovsep Saakyan deyib ki, hərbi komissarlıqdan zəng edib müharibəyə çağıranda vuruşmaq istəmədiyini bildirib: "Mən dini inancıma görə müharibə tərəfdarı olmadığımı, əlimə silah götürüb heç kəsi öldürə bilməyəcəyimi desəm də, dinləmədilər. Çünki Allahın on əmrindən altıncısında da deyilir ki, öldürmə. Lakin onlar dedilər ki, bunun heç bir əhəmiyyəti yoxdur, sən orda olmalısan. Mən cəbhəyə getdim və dedim ki, heç kəsi öldürməyəcəm. Mənə imkan yaratsaydılar, vuruşmaq əvəzinə, arxa cəbhədə hospitalda xəstələrə yardım göstərərdim. Lakin bizimkilər buna imkan vermədi. Mən cəbhəyə yollansam da, əlimə silah götürüb vuruşmadım. Biz Qubadlıda olanda heç bir saat keçmədi ki, mərmilər partlamağa başladı. Mən sağ ayağımdan qəlpə yarası aldım. Məni hospitala köçürmək istəyirdilər. Lakin biz yolda olanda yenidən mərmi partladı və maşınımız qəzaya düşdü. Yanımdakıların hamısı öldü, bircə mən sağ qaldım. Allah məni saxladı və mənə yeni bir imkan verdi. Bu gün burda olmağıma görə Allaha təşəkkür edirəm və bir insan kimi Azərbaycan və erməni xalqlarını sülhə çağırıram. Allah müharibə istəmir. Allah istəyir ki, biz əmin-amanlıq içində yaşayaq. Mən Allaha yenidən yaşamaq imkanı verdiyi üçün minnətdaram".
Pastor erməni əsgərlərinə də çağırış edib: "Mən bir inanclı insan kimi həmvətənlərimə müraciət edirəm ki, silahı yerə qoysunlar, vuruşmasınlar. Çünki onlar başqalarının torpağında vuruşurlar. Mənimlə 60 insan var idi. Əminliklə deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər. Onlar da sülh tərəfdarı idilər. Çünki onlar da cavan insanlar idilər, onların ailəsi, uşaqları vardı, müharibəni dayandırıb evlərinə qayıtmaq istəyirdilər. Necə ki, mən ailəli insanam, doqquz aylıq qızım var və tezliklə ailəmə qovuşmaq istəyirəm, onlar da mənim kimi ailələrinə qovuşmaq istəyirdilər".
Hovsep Saakyan hazırda saxlanma şəraitinə də toxunub: "Mən yaralananda bud sümüyüm oynaqdan çıxdı. Məni əsir götürəndə bura gətirib hospitala göndərdilər və ayağımı yerinə saldılar. Buna görə minnətdaram. Burda məni paltar və yeməklə təmin etdilər. Hər şey qaydasındadır və buna görə də hər kəsə təşəkkür edirəm".
O, erməni patriarxı 2-ci Qareginin müharibə çağırışlarını da qəbul etmədiyini diqqətə çatdırıb: "Mənim mövqeyim müqəddəs kitabın mövqeyidir və müqəddəs kitab insanları sülhə çağırır. Öldürmək böyük günahdır. Buna görə də erməni din xadimlərinin müharibə çağırışlarını qınayıram. Təəssüf ki, vətənimdə erməni kilsəsinin digər icmalara münasibəti pisdir, onları sekta hesab edir. Mən orda olan zaman Azərbaycan tərəfindən hər hansı bir kilsənin bombalanmasının və ya atəşə tutulmasının şahidi olmadım".
Azərbaycanda bütün dövrlərdə olduğu kimi, hətta müharibə şəraitində belə multikultural dəyərlərə, insan hüquqlarının təmin olunmasına sadiqliyini nümayiş etdirdi.
Azərbaycanda adventizm XlX əsrin sonlarından yayılmağa başlayıb. Çar Rusiyası dövründə Azərbaycanda adventizm əsasən molokanlar arasında yayılıb. Lakin çar müstəbid rejimi adventistləri təqib etməyə başladıqdan sonra onların rəhbərlər həbsxanaya atıldı və ya sürgünə göndərildi, digərləri isə ölkədən çıxarıldı. Buna baxmayaraq, Rusiya imperiyası dövründə Azərbaycanın ayrı-ayrı yerlərində kiçik adventist dini icmalar mövcud olub
Sovet hakimiyyəti illərində də Azərbaycanda adventistlər fəaliyyət göstərib, Keçən əsrin 80-cı illərində Bakıda adventistlərin sayı 100 nəfərə yaxın olub.