Sinir xəstəlikləri – epilepsiya Hadisə

Sinir xəstəlikləri – epilepsiya

Vaxtında düzgün müalicə edilərsə, bu xəstəliyin təhlükəsi azalır

Müasir dövrün geniş yayılmış sinir xəstəlikləri arasında epilepsiya özünəməxsus yer tutur. Epilepsiya sözü yunanca "epilambano"sözündən götürülüb, mənası "yıxılıram", "tuturam" deməkdir. ABŞ-da 4 milyon, dünyada isə 100 milyondan çox insanın əziyyət çəkdiyi epilepsiya milyon illərdir tibb elmində ən çox yayılan xəstəliklər sırasında birinci yerdədir. Tarixi mənbələr göstərir ki, qədim dövrlərdə epilepsiya xəstələrini Allahın nifrət etdiyi bəndə hesab ediblər. Romalılar isə epilepsiya xəstəliyini Herkules Allahının lənəti olduğunu güman edirdilər.
Epilepsiya baş-beynin xroniki xəstəliklərinə aiddir. Bu zaman beyin daxilində qıcolmalar baş verir. Əsas aparıcı əlaməti tez-tez xəstədə epileptik tutmaların olmasıdır. Epilepsiya iki cür olur: irsi-genetik faktor və sonradan qazanılmış. Bəzən doğuş vaxtı uşaqlar zədə alır. Həmin zədə nəticəsində beyində kista əmələ gəlir. Bu kista 20-25 il sakit qala bilər. Bəzənsə, heç özünü göstərməz. Amma hamiləlik dövründə kista daha da böyüyəcək, beyində qıcolmalar başlayacaq.
Epilepsiyaya elə-belə yanaşmaq olmaz. Müalicə vaxtlı-vaxtında aparılmasa xəstəlik güclü gepaksiyaya məruz qalıb, beyindaxili hüceyrələri məhv edib, xəstənin ölümünə səbəb ola bilər.
Epilepsiya iltihabi xəstəliklər, miningit, ensefalit, zəhərli zob, qaraciyər xəstəlikləri, revmatizma, hədsiz insulin qəbulu, kalsium çatışmazlığı nəticəsində də yarana bilir.
Bu xəstəliyin baş verməsinin səbəbi həm də sinir sisteminin pozulmasıdır. Amma heç də psixi xəstəlik deyil. İnsan çox əsəbləşəndə, tez-tez spirtli içkilər qəbul edəndə, hətta çoxlu dərman qəbul edəndə də epilepsiya ilə yoluxmaq təhlükəsi meydana çıxır. Məlumatlara görə, epilepsiya anadangəlmə və sonradan qazanılmış ola bilər. Anadangəlmə xəstəlik zamanı beyin toxumasının müəyyən bir hissəsinin defekti epileptik tutmalara səbəb ola bilər. Digər tərəfdən xəstəliyin anadangəlmə olmasına səbəb kimi inkişaf qüsurunun olması, baş verməsi və ya irsən keçməsidir.
Gecə epileptik tutmaları deyilən bir hal var ki, bu zaman tutmaların əmələ gəlməsi yuxu ritminin dəyişməsi ilə əlaqədar olur. Bu zaman yuxuda olan şəxs ayılaraq xaotik, əl-qol hərəkətləri edir. Adətən epileptik tutmalar baş verməmişdən qabaq xəstədə aura deyilən bir hal baş verir. Sanki xəstə hiss edir ki, onda tutma baş verəcək. Aura özünü narahatlıq, başgicəllənmə, görmənin zəifləməsi kimi biruzə verir. Qazanılma epilepsiyada isə kəllə-beyin travmaları, beyin toxumasının şişləri, qansızma, alkoqol zəhərlənməsi və s. təsirindən beyində oyanıq sahə yaranır.
Epilepsiya uşaqlarda özünü tutmalarla (qıcolmalar) büruzə verir. Bu zaman uşağın bədənində qıcolmalar olur, o, dişlərini bir-birinə sıxır, bütün bədən gərginləşir, bəzi hallarda ağızdan köpük gəlir, əl və ayaqlar, bəzən isə bütün bədən gərilmiş vəziyyət alır. Və ya əksinə olaraq, uşağın bütün bədəni dartılır və qısa bir müddət ərzində sanki donmuş şəkildə qalır. Tutmalardan sonra uşaq yuxuya gedir və ayılandan sonra isə bəzi hallarda tutma zamanı nələr baş verdiyini xatırlamır.
Bəzi epilepsiyası olan xəstə uşaqlarda kiçik epileptik tutmalar baş verir. Bu zaman uşaq bir neçə saniyə ərzində huşsuz vəziyyətdə sanki donub qalır. Belə hallar gün ərzində onlarla təkrar oluna bilər. Uşaq diqqətini toplaya bilmir, dərs mənimsəməyi pisləşir. Həkimlər bildirir ki, uşaqda qısamüddətli tutmalar hələ onda epilepsiyanın olması demək deyil. Bu isteriya, kalsium, maqnezium, şəkər mübadiləsi pozğunluqları zamanı da baş verə bilər. Sadə tutmaları olan xəstələrdə diaqnoz çox çətin olur. Belə halda xəstəliyi yalnız tutmalar vaxtı təyin etmək mümkündür. Müasir dövrdə müayinənin ən yaxşı yolu "nüvə maqnit rezenans" metodudur. Xəstənin endokrin və qan sistemi, daxili orqanları müayinə olunmalıdır. Epilepsiyanın bir növü də var ki, bu, yalnız gecələr baş verir. Gicgah nayihəsi ilə əlaqədar olan bu növ çox təhlükəlidir. Gecə epilepsiyalarını gündüz vaxtı heç cür müəyyən etmək olmur. Gərək həmin xəstəni gecə monitorinqi deyilən üsulla müayinə edəsən.
Xəstə düzgün müalicə olunmadıqda onda yaddaş pozğunluğu, ağıl kəmliyi, iş qabiliyyətinin itirilməsi, mühitə uyğunlaşmamaq, işini icra edə bilməmək kimi hallar başlayır. Elə dərmanlardan istifadə etmək lazımdır ki, o, şüura təsir etməsin. Düzgün aparılmayan müalicə insanın psixikasını poza, ruh sferasını dəyişə bilər. Xəstəliyin müalicəsi uzun müddətlidir. Təyin olunan dərman 3 il 6 ay ərzində hər gün eyni vaxtda qəbul edilməlidir. Əgər bircə gün dərman qəbulunun vaxtından 1 saat keçdisə, müalicə tamamilə xeyirsiz olur. Xəstə 3 il 6 aylıq müalicəyə yenidən başlamaq məcburiyyətində qalır. Epilepsiya heç də ən ağır cəza hökmü deyil. Düzgün və vaxlı-vaxtında müalicə kursları aparılarsa, tutmalar uzun illər ərzində baş verməyə də bilər. Bunun da nəticəsində uşaq uzun müddət öz normal həyat və fəaliyyətini davam etdirmiş olur.
Nevroloq Kənan Qasımovun sözlərinə görə, epilepsiya çox ciddi xəstəlikdir, amma vaxtında düzgün müalicə edilərsə, bu xəstəliyin təhlükəsi azalır. Epileptik tutmalar olandan olana xəstəliyi ciddiyə almaq düzgün deyil. Çünki tutmaların nə zaman və harda olacağını müəyyən etmək mümkün deyil: "Epilepsiya baş-beynin ən çox yayılmış xəstəliyidir. Təəssüf ki, Azərbaycanda belə xəstələrin sayı çoxdur. Üstünlük isə cavan nəsildədir. Əvvəllər epilepsiyalı xəstələri psixiatrik müəssələrdə müalicə edirdilər. Orada əksər hallarda çoxsaylı tutmaları, kobud affektiv pozulmaları, epileptik psixozu olan ağır xəstələri müalicə edirdilər ki, bu da epilepsiya haqqında tipik xarakterik dəyişikliklərlə, ağıl zəifliyi ilə proqressivləşən, son dərəcə ağır xəstəlik kimi təsəvvürlərin yaranmasına səbəb olurdu. Ümumiyyətlə, epilepsiya beyin daxilində qıc olmaların yaranmasıdır. Yaranan epileptik tutmalar zamanı xəstədə ürək getmə, özündə olmama, dişlərin sıxılması, hərəkətlərini idarə edə bilməmək kimi hallar yaranır. Bu zaman müdaxilə mütləq lazımdır".
Epileptik xəstələrin tək gəzib dolaşması da onların sağlamlığı baxımından olduqca təhlükəlidir. Tutmalar zamanı insanın yıxılması, huşunu itirməsi, ağzından köpük gəlməsi bu xəstəliyin göstəriciləridir. Ekspertlər bildirir ki, xəstələrinin tutmaları bir anda baş vermir. Onlar əvvəlcədən bu tutmadan xəbərdar olurlar. Güclü baş ağrıları, göz önünün qaralması yaxınlaşmaqda olan tutmanın göstəricisidir. Belə olan halda xəstə öz-özünü rahatlatmalıdır. Sakit bir yerə keçməli, dərman qəbul etməlidirlər. Belə insanların ictimai nəqliyyatda tək gəzməsi çox təhlükəlidir. Onların hər an yıxılıb zədə alma ehtimalı var.
Həkimin sözlərinə görə, belə xəstələr qıcolmalar keçirdikdə ətrafda olan insanlar vəziyyəti daha da gərginləşdirir. Kömək etmək istəyi əksər hallarda daha da pis nəticələnir: "Metroda və ya avtobusda tutma keçirən insanın başına yığılan insanlar hay-küy salır, xəstənin üzünü şillələməyə, onu oyatmaqa çalışır, ağzını açıb üfürür. Belə hərəkətlər xəstənin vəziyyətini daha da ağırlaşdırır. İlk növbədə bilmək lazımdır ki, xəstənin ağzından mütləq köpük gəlir və köpükdə boğulmamaq üçün xəstəni arxası üstə uzandırmaq olmaz. İkincisi, onu şillələmək, hər hansı ətir qoxlatmaq da yolverilməzdir. Belə xəstələrin ciblərini yoxlayıb dərmanlarını tapmaq və bir tablet dilinin altına qoymaq lazımdır. Bundan sonra isə dilinin qatlanmamasını nəzarətdə saxlamaq və təcili tibbi yardım çağırmaq düzgün olan yoldur. Epilepsiya xəstələrinə onun, yaxud yaxınlarının xəbəri olmadan hər hansı bir dərmanı içirtmək də olmaz. Çünki elə dərmanlar var ki, onlar xəstəliyi daha da oyadır. Adi allergiya əleyhinə dərmanlar belə epileptik xəstələrə düşmür".
Dünyanın müxtəlif ölkələrində həkimlər epilepsiyanı yüngülləşdirən müxtəlif müalicə növləri təklif edirlər. Məsələn, Danimarkanın N-Aalborg Universitetində işləyən bir alim Epilepsiya böhranını əvvəldən təyin edəcək texnologiya hazırlayıb. Belə ki, boyunda olan "Vagus" sinirinə yerləşdiriləcək bir çip, yaxınlaşan böhranı 80 saniyə əvvəl təyin edib, xəbərdarlıq siqnalları ilə maneə törədir. Bu barədə açıqlama verən araşdırmaçı Nico Rijkhoff, yaxın illərdə insanda sınanacaq texnologiyanın ürəyin iş prinsipinə uyğunlaşdığını və xəstələrin həyatını asanlaşdıracağını söyləyir.
Antalya Təhsil və Araşdırma Xəstəxanasında Nevrologiya Klinik Sorumlusu Doç.Dr.Yasemin Biçer Gömceli , epilepsiya xəstəliyinin cərrahi olaraq müalicə edilə biləcək xəstəlik olduğunu bildirir: "Biz bütün epilepsiya xəstələri əməliyyat ola bilər deyə bilmirik. Amma müqavimətli epilepsiya xəstələrinin yəni bir illik müalicə periodunda müalicəyə və dərmanlara baxmayaraq keşikləri sürən xəstələrdə cərrahi şansı ola bilər. Bu xəstələrə müqavimətli epilepsiya deyə bilirik".
Gömcelinin bildirdiyinə görə, tutmaların gec-gec baş verməsi xəstənin həyat keyfiyyətini artırır. Belə nəticəyə nail olmaq üçün xəstəliyin erkən dövründə erkən cərrahiyyəyə ehtiyac var: "Bir il müddətində müalicəyə cavab verməyən bir xəstəni ön izləmə və araşdırmaya başlayırıq. Çünki nə qədər epilepsiya xəstəliyinə məruz qalırsa cərrahı müvəffəqiyyət şansı o qədər azalır. Ona görə cərrahi əməliyyata erkən dövrdə qərar verməkdə fayda var".
Əməliyyat olan epilepsiya xəstəsi Aytaç Doğanşah 36 yaşında olduğunu və 16 ildir bu xəstəliyi çəkdiyini bildirir: "Xəstəliyim 2000-ci ildə başladı. Əməliyyatının çox müvəffəqiyyətli bir şəkildə keçdi". Doğanşahın bildirdiyinə görə, əməliyyatdan əvvəl tez-tez tutmaları olub və bunun nəticəsində tez-tez yaralanıb: "Edilən müalicələr nəticəsində əməliyyat ola biləcəyimi öyrəndim. İndi sağlamam. Çox sevincliyəm və xoşbəxtəm. Əməliyyat əvvəli gündə 2-3 dəfə tutmam olurdu. Epilepsiya çox pis bir xəstəlikdir. Əməliyyatdan sonra müalicəmə davam edirəm. İki aydır heç bir tutmam da olmayıb".

Ülviyyə Tahirqızı