Bu gün od çərşənbəsidir Hadisə

Bu gün od çərşənbəsidir

Almaz

Hovruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları yaşayır. Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Hovruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb. Millət o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, həmısını qoruyub saxlayır. Belədə həmin millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Hovruzda qədimliyimizin bütün çalarları var. Hər halda bunun səbəbindəndir ki, tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. İnsanın ta qədimdən tonqaldan atlanması əslində onun yaşamağa inamını, pisliyin məhv olacağına əminliyini ifadə edib. Bu gün Hovruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, 2010-cu ildən Hovruz bayramı dünyanın qeyri-maddi irsi kimi YUHESKO-nun siyahısına daxil edilib.

Qoca Hovruz

Ömər Xəyyamın məlumatına görə, Novruzun 2600 ildən artıq yaşı var. Böyk mütəfəkkir yazır ki, Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olub ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda xəstələrə müstəsna diqqət və qayğı göstərilib, qohum və dostlara baş çəkilib, qohum və yaxınların məzarları ziyarət edilib, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulub.
Mərhum alim, məşhur mifoloq Mirəli Seyidov yazır ki, zaman-zaman təbiət, çevrədəki hadisələr insanı daim narahat edib və onu irəli aparıb: "İnsanın düşündüyü təbiət hadisələrindən biri və deyəsən, lap ilkini qışla yazın əvəzlənməsi idi. Yazın gəlişi, hər iki fəslin arasında təbii mübarizə ilk ovçuluqla, maldarlıqla, əkinçiliklə uğraşan, məşğul olan insanı, onun kiçik, böyük toplumunun içindən çıxan müdrikləri, ilkin biliciləri, təbiət hadisələrini az-çox götür-qoy edənləri, filosofları düşündürüb".
Mərhum professor Azad Həbiyev isə deyib ki, ilaxır çərşənbələriylə bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq mifizmi ilə bilavasitə əlaqədardır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapıb: "Onların hər biri ilə bağlı silsilə nəğmə və miflər yarandı. Çərşənbələrin hər biri milli yaddaşda insana uğur və xoşbəxtlik gətirən rəmzlər kimi geniş məna və məzmuna malikdir. Mərasim folklorunda çərşənbələrin sayı və sıra düzümü ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bir sıra hallarda çərşənbələr 5-7-12 arasında göstərilir. Bu isə ümumilikdə Hovruz mərasimi, onun keçirilməsi vaxtı və ölçülərinə uyğun gəlmir. Mərasim sistemində Hovruza hazırlıq dekabrın 21-dən başlayır və bayram üç mərhələdə davam etdirilir. Birinci mərhələ - Böyük Çillə ilə Kiçik Çillənin arası (21 dekabr-1 fevral). İkinci mərhələ - Kiçik Çillənin davam etdiyi müddət (1-20 fevral). Üçüncü mərhələ - dörd həftəlik axır çərşənbələri əhatə edən Boz Aydır. Bundan sonra isə Hovruz gəlir. İlaxır çərşənbələrin sıra düzümündə su, od və yel çərşənbəsindən sonra torpaq çərşənbəsi gəlir. Bu sıra düzümü mərasim folkloru sistemində pozulmazdır".

Çərşənbələr

AMEA-nın Folklor İnstitutunun direktoru, tanınmış folklorşünas-alim, professor Hüseyn İsmayılov deyir ki, Hovruz bayramına qədər 4 çərşənbə - su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi, torpaq çərşənbəsi qeyd edilir. Bu çərşənbələr insanın dörd ünsürdən yaradılması haqqında dini mifik görüşləri simvollaşdırır və öz ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir.
Bu mənada su çərşənbəsi ilə bağlı ilk öncə danışan tədqiqatçı qeyd edir ki, hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur: "Ümumiyyətlə, dünyanın əksər xalqlarında su ilə əlaqədar miflərdə suyun bu keyfiyyəti - od, torpaq, hava ilə bərabər yaradışın əsas komponentlərindən olması daha qabarıqdır. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbələrində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiqləyir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Mifik planda suyun yaradıcılıq funksiyası onun daha dərin mifoloji qatlarda insanın yaranmasında iştirak edən 4 ünsürdən biri olması ilə əlaqədardır".
Hüseyn İsmayılov bildirir ki, Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə - od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür: "Qədim türk miflologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olub. Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan "Qodu xan" oyunu, onunla bağlı mətnlər bu kultun sırf türk mifologiyasından qaynaqlandığını sübut edir. Odun türk mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə ediblər. Mifoloji görüşlərə görə bir-biri ilə ziddiyyət təşkil edən anlayışlar, xüsusən qadın və kişi başlanğıcı türk xalqlarında Ülgen və Erlik obrazlarında əks olunub. İki ziddiyyətin vəhdətindən insan yaranır. Türkün əcdad statusunda bu zidd tərəflərdən biri kimi qadın statusunda qurd çıxış edir. Qurddan törənişlə bağlı məşhur mifik görüşlər bunu sübuta yetirir. Qurd isə türk mifik görüşlərində günəşlə, odla əlaqəlidir. Bir sıra türk xalqlarında soyun atasının göy qurd şəklində göydən şüanın içindən yerə endiyi bildirilir".
Hüseyn İsmayılovun sözlərinə görə, əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yer bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir: "Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Torpaq müqəddəsliyi türk mifoloji görüşləri ilə bərabər etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı yaradılışın maddi əsası olmasından irəli gələn sakral mifoloji semantkaya da malikdir".