Körpələr ana bətnində qətlə yetirilir... Hadisə

Körpələr ana bətnində qətlə yetirilir...

Bəzən bətndən çıxarılmış körpə ana və həkimlərin gözləri qarşısında can verir

Azərbaycanda qanunvericilik abortları qadağan eləmir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən aparılan tədqiqatda göstərilir ki, 2014-cü ildə Azərbaycanda hamiləliklərin 46 faizi diri doğuşla başa çatıb, 44 faizi isə abortla dayandırılıb. Tədqiqatda qeyd edilir ki, süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi abortla nəticələnir. Ekspertlər bildirir ki, Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu göstərici 83 faizə qalxır. Ailədə olan uşaqların sayı artdıqca abortu həyata keçirən qadınların faizi də çoxalır.
Tədqiqat göstərir ki, Quba-Xaçmaz və Lənkəran regionlarında bu təcrübə (müvafiq olaraq 44 və 47 faiz) ən aşağı, lakin Gəncə-Qazax regionunda (62 faiz) ən yüksək səviyyədədir. Ən aşağı təhsilli və ən yuxarı təhsilli qadınlar başqa qadınlara nisbətən daha az abort əməliyyatı keçirirlər. Qadınların maddi vəziyyətinə görə nəzərəçarpacaq fərq müşahidə olunmur. 25-34 yaş arasında olan hər 1000 qadından 20-sinin hamiləliyi abortla başa çatır. Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi səlahiyyətlərini icra edən, mama-ginekoloq Leyla Məmmədova bildirib ki, 2013-cü ildə Azərbaycanda doğuşların sayı 146 600, abortların sayı 27 892 olub.
Araşdırmalar göstərir ki, hazırda dünyada hər 5 hamiləlikdən biri abortla yekunlaşır. Dünyada hər il 55 milyon körpə ana bətnində qətlə yetirilir. Azərbaycanda təkcə 2010-cu ildə 26 min 800 abort faktı qeydə alınıb. Əslində statistik rəqəmlər də nisbi xarakter daşıyır. Çünki, ekspertlər göstərilən rəqəmlərin daha çox olduğunu, abortların əksəriyyətinin qeyri-qanuni yolla həyata keçirildiyini və qeydiyyata alınmadığı deyirlər. Ginekoloqlar deyir ki, bəzən bətndən çıxarılmış körpə ana və həkimlərin gözləri qarşısında can verir. Abort zamanı ana bütün baş verənləri hiss edir. Bətndəki uşaq isə o anda həyatı uğrunda mübarizə aparır.
Rəqəmlər göstərir ki, Azərbaycanda abortların üçdə ikisinin səbəbi dölün qız olması ilə bağlıdır. Dünyanın bir çox ölkələrində ultrasəs müayinəsi zamanı uşağın cinsinin müəyyənləşdirilməsi qadağandır. Təəssüf ki, Azərbaycanda bu sahədəki nəzarət yetərincə deyil. Bu səbəbdən də uşağın cinsinə görə abort elətdirilməsi çoxalır. Statistika göstərir ki, Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qıza nisbətdə çoxalıb. Demoqrafik tarazlıq pozulur. 2011-ci ilin 3 ayı ərzində 39 min uşaq doğulub. Onlardan 53,8 faizi oğlan, 46.2 faizi qızdır. Ginekoloq həkimlər bildirir ki, valideynlər çox vaxt cinsə görə müraciət edirlər. Bu gün statistika göstərir ki, qız uşağının sayının kəskin azalması abortdan irəli gələn məsələdir. Uşaqların sayı azalır. Böyük əksəriyyət isə doğulacaq qız uşaqlarını abort elətdirir.
Dünya üzrə aparılan araşdırmalar nəticəsində bəlli olub ki, abortların 40 faizi qadınların arzusu ilə, 25 faizi həyat səviyyəsinə görə, 23 faizi sosial göstəricilərə görə, 12faizi isə tibbi göstəricilərə görə baş verir. Ekspertlər abortun səbəbini əsasən mövcud sosial-iqtisadi durumda axtarırlar. Belə ki, sosial vəziyyət azərbaycanlı ailələrdə uşaqların sayının azalmasına gətirib çıxarıb. Qadınlar uşağı dünyaya gətirməmək üçün lazım olduğundan da çox hamiləliyi pozmaq üçün həkimə müraciət edirlər.
Ekspert Nigar Hüseynqızı isə bəzən həkimlərin abort üçün təşviq etdiyini deyib: "Çox vaxt həkimlər işin aborta gətirib çıxarılmaması üçün işlər aparırlar. Rusiyada da demoqrafik vəziyyətlə əlaqədar bu istiqamətdə iş görülür. Əlavə güzəştlər verilir. Bu gün insanlar aborta qurtuluş kimi baxmasınlar. Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi özünün demək olar ki, bütün illik hesabatlarında "ailə planlaşdırmasının əsas vasitələrindən biri kimi, abortun geniş istifadə edilməsi narahatçılıq doğurur" ifadəsinə yer verir. Komitənin əməkdaşları, abortun ailələr, qadınlar və nəhayət, ölkə üçün fəlakətə çevrilməkdə olduğuna dair həyəcan təbili çalırlar. Çünki abortlar həm ölkə vətəndaşlarının sayının süni surətdə azaldılmasına səbəb olur, həm də qadınların sağlamlığına ciddi zərər vurur. Hətta abortun nəticəsi olaraq onlarla qadın ölür, əksər hallarda isə qadınlarda xoşagəlməz ginekoloji, onkoloji xəstəliklər, şəkər, qan təzyiqi, sonsuzluq, bağırsaq və böyrəklərin zədələnməsi, ürək çatışmazlığı yaranır. Abort sonrakı uşaqların anadangəlmə qüsurla doğulmasına da səbəb ola bilir. Komitə öz hesabatında tövsiyə edib ki, BMT-nin əhali fondunun köməyilə, ailə planlaşdırması sahəsində müvafiq proqramlar hazırlansın, abortlara gələcəkdə yol verilməsin.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, abortun peşəkarlar tərəfindən həyata keçirilməməsi, eləcə də xəstəxanalarda hökm sürən anti-sanitariyadan hər il dünyada 70 mindən artıq qadın dünyasını dəyişir. ÜST ekspertləri qeyd edirlər ki, abortdan sonrakı ciddi fəsadlar uzunmüddətli, xroniki xəstəliklərlə müşahidə edilir və bu daha 5 milyon qadının təhlükə altında olduğunu deməyə əsas verir.
ÜST tədqiqatçıları 1995-2003-cü illər arasında müqayisə aparıblar. Tədqiqatın nəticələrindən bəlli olub ki, bu illər ərzində aparılan abortların sayı dünya üzrə 46 milyondan 42 milyona qədər azalıb. Amma buna baxmayaraq, dünya ölkələri üzrə mövcud vəziyyət heç də ürəkaçan deyil. Mütəxəssislər qeyd edirlər ki, bunun başlıca səbəbi hələ də abortların qeyri-qanuni şəkildə, eləcə də tibbi ləvazimatların yetərincə olmadığı müəssisələrdə aparılmasıdır. Bu durum aparılan abortların, demək olar, yarıdan çoxuna aiddir. ÜST ekspertlərinin fikrincə, dünya ölkələrində aparılan abortların 35 milyonu inkişaf etmiş ölkələrin payına düşür. Bunların da 97 faizi təhlükəsiz abortlar hesab edilir. Araşdırmalardan bəlli olub ki, hazırda dünyada hər 5 hamiləlikdən biri abortla yekunlaşır. Lakin bölgələrdən fərqli olaraq bu rəqəmin artması ehtimal edilmir. Məsələn, Mərkəzi Amerikada hər 100 hamiləlikdən 33-ü, abortun qanunla qadağan edildiyi Afrikada isə hər 100 hamiləlikdən 17-si abortla nəticələnir. Tədqiqatın müəllifləri hesab edirlər ki, hamiləliyin pozulmasının qanunla qadağan edilməsi belə ölkələr üzrə abort faizini azaltmamışdır.
Azərbaycanda abortlar qanunla qadağan edilməsə də, reproduktiv sağlamlıq baxımından bir sıra çətinliklər mövcuddur. Belə ki, ilkin səhiyyə xidmətləri pulsuz olsa da, insanların 70 faizindən çoxu bundan istifadə edə bilmir. İlkin səhiyyə xidmətlərinə dair araşdırma aparan QHT nümayəndəsi Zülfiyyə Əhmədovanın sözlərinə görə, bu, hökumətin reproduktiv səhiyyə xidmətləri üçün qiymətləri lazım olan səviyyədə ödəyə bilməməsindən irəli gəlir. "Bu isə onu göstərir ki, əhalinin böyük əksəriyyəti rəsmi və ya qeyri-rəsmi formada, uşağın doğulması da daxil olmaqla, digər səhiyyə xərclərini ailə büdcəsi hesabına ödəyir. Bu, təcrübə ilə qanunvericilik arasındakı boşluğu, eyni zamanda, əhali qruplarının sahib olduqları hüquqları lazımi səviyyədə bilmədiklərini göstərir. Ümumiyyətlə, əgər biz Bakı küçələrində kiçik bir sorğu aparsaq, görərik ki, insanlar xəstəxana xərclərini ödəmək üçün hamiləliyin ilk günlərindən pul yığırlar", - deyə o əlavə etdi.
Ekspertin qənaətincə, hazırda mövcud sosial-iqtisadi durum azərbaycanlı ailələrində uşaqların sayının azalmasına gətirib çıxarıb. "Əlbəttə ki, bunun özünün mənfi məqamları var. Belə ki, qadınlar uşağı dünyaya gətirməmək üçün lazım olduğundan da çox hamiləliyi pozmaq üçün həkimə müraciət edirlər. Bu ilk növbədə onların sağlamlığını təhlükə qarşısında qoyur".
Ekspertlərin fikrincə, Bakı ilə müqayisədə bölgələrdə hamiləliyi pozmaq üçün həkimə müraciət edən qadınların sayının çox olması ilk növbədə onların reproduktiv sağlamlığa dair kifayət qədər biliklərə malik olmadığından irəli gəlir. Halbuki, müasir dünyada hamilə qalmamaq üçün bir sıra reproduktiv vasitələr təklif edilir. Müşahidələr göstərir ki, paytaxtdakı qadınlar bu vasitələrə dair daha geniş məlumata malikdirlər. Digər tərəfdən, iri şəhərlərdəki qadın məsləhətxanaları, eləcə də xəstəxanalar daha müasir avadanlıqlarla təchiz edilib. Həmçinin burada çalışan həkimlərin hazırlıq səviyyəsi də yüksəkdir. Bununla yanaşı, bölgələrdəki qadınlar onsuz da ağır olan sosial durumlarında daha bir uşağı dünyaya gətirməmək üçün abort etmək qarşısında qalırlar. Bu zaman onlar müraciət etdikləri məntəqənin sanitar-gigiyenik vəziyyətinin, eləcə də istifadə edilən avadanlıqların müasir standartlara cavab verib-vermədiyinin fərqinə varmırlar. Bu isə son nəticədə qadın orqanizmində ciddi fəsadlara gətirib çıxarır.
Məlumat üçün bildirək ki, abotları ilk dəfə sovet hökuməti leqallaşdırıb. "Qadınların sağlamlığının qorunması haqqında" qanunda abortların pulsuz və könüllü olması əksini tapıb. 1980-ci illərin sonunda SSRİ abort sayına görə dünyada birinci yeri tuturdu. Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çili, Əfqanıstan, İran, İraq, Yəmən kimi ölkələrdə abort tamamilə qadağandır. Bu ölkələrdə abort daxili orqanlara qarşı cinayət sayılır. Azərbaycanda isə qanunvericilik abortları qadağan eləmir. Amma cinayət məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur eləmək cinayət məsuliyyəti yaradır. Parlamentdə də abortun qadağan olunması ilə bağlı təkliflər səslənib. Amma bu zaman sözsüz ki, ümumi ictimai rəy də öyrənilməlidir.

Ülviyyə Tahirqızı