Ayaz Mütəllibova xatırlatma... Hadisə

Ayaz Mütəllibova xatırlatma...

Arzu Şirinova

Xocalıda Ermənistan və rus ordularının birgə törətdikləri soyqırımı zamanı Azərbaycana rəhbərlik edən və Azərbaycan xalqını, eləcə də dünya ictimaiyyətini "Xocalıda üç nəfər ölüb" yalanlarına inandırmağa çalışan və bununla da əsil həqiqətin üzərinə kölgə salan, illərdir məsuliyyətdən yaxa qurtarmaq üçün Rusiyaya sığınan və indiki hakimiyyətin humanist addımı sayəsində Vətənə dönən, eyni zamanda, eks prezident kimi dövlətin qayğısıyla əhatələnən Ayaz Mütəllibov Sovet imperiyasının Bakıda törətdiyi qırğınların 25 illiyi münasibətilə mövqe sərgiləyib. Yenə qisasçı və qarayaxma ənənəsindən vaz keçməyib. Ayaz Mütəllibov deyib:"20 yanvar gecəsi həlak olanlar ölkəmizin layiqli vətəndaşları idilər, amma bəzi məsuliyyətsiz insanların çağırışlarına inanaraq, öz canlarını vətən yolunda əsirgəmədilər.Təəssüf edirəm ki, respublikanın özündə müəyyən qüvvələr vardı ki, Moskva ilə mənasız qarşıdurmada insanların həyatı üçün real təhlükəni nəzərə almadılar. Vətəndaşları piketlərdən uzaqlaşdırmadılar. İş onda idi ki, Dağlıq Qarabağda baş verən hadisələrin azərbaycanlılara psixoloji təsiri o qədər böyük idi ki, güclü təbliğat nəticəsində onları istənilən provokasiyaya çəkə bilərdilər. Bunun səbəblərindən biri erməni separatçılarının Dağlıq Qarabağda etdikləri özbaşınalıqlar və həmin dövrdə ölkə rəhbərliyinin öz nüfuzunu itirməsi idi. Hüquq-mühafizə orqanları demək olar ki, kənara çəkilmişdilər, çoxları, bəzi dövlət məmurları kimi, açıq şəkildə "demokratik" qüvvələrlə əməkdaşlıq edirdilər.
Azərbaycanın çoxminli kommunist partiyası da vəziyyəti şəhər və rayonlarda, o cümlədən Bakıda nəzarətdə saxlayan radikal meylli müxalifətin qarşısını ala bilmədilər. 80-ci ilin axırında və 90-cı ilin əvvəllərində baş verən hadisələri Qarabağ faktoru ilə əlaqələndirmək lazımdır. Mərkəzi hökumətin vəzifəli şəxsləri konflikti beşiyində həll etmək əvəzinə susurdular. Azərbaycanda vəziyyətin gərginləşməsində marağı olan qüvvələr bu faktordan istifadə edirdilər və beləliklə, konflikti dəstəklədilər".
Eks-prezident onu da bildirib ki, 1990-cı ilin yanvarında Bakıda AXC və Kreml arasında qan töküldü.
Sovet imperiyası çöküşündən əvvəl 1986-cı ildə Qazaxıstanda, çöküşü zamanı isə Baltikyanı ölkələrdə və Gürcüstanda bu cür olmasa da, buna bənzər hadisələr törətdi. Sadəcə bir məqam vardı-imperiya qanlı əllərini Azərbaycanda daha çox boyadı və qırğının miqyasını hədsiz dərəcədə genişləndirdi. Bunun da səbəbi cəllad Mixail Qorbaçovun Dağlıq Qarabağı ermənilərə peşkeş vermək istəyi idi ki, bu planının da gerçəkləşməsi üçün Azərbaycan xalqının gözünü qırmaq lazım idi. Ayaz Mütəllibovun "məsuliyyətsiz" dediyi insanlar hansı tədbirlərə əl atsaydılar da, Moskva Bakıda qırğınlar törətmək üçün düyməyə basmışdı və məqsədinə nail olmağa çalışırdı. Azərbaycan xalqı kimsənin çağrışıyla deyil, "Vətən çağırır" deyə, ayağa qalxdı. Və əlində silah olmadan sovet tanklarının qarşısında canlı sipər olub Vətəni qorudu. Həmin gün təkcə tankların, topların qarşısına keçib sipər olanlar canlarından keçmədilər, evlərində olanlar belə Sovet imperiyasının əsgərlərinin gülləsinə tuş gəldilər. Bu zaman ölənlər də, yaralananlar da oldu. Yəni eks prezidentin "Bakıda AXC və Kreml arasında qan töküldü" fikirləri tamamilə yanlışdır və xalqı aşağılamağa, xalqın qəhrəmanlığını kiçiltməyə xidmət edir.
Ayaz Mütəllibov deyib ki, "həmin vaxt hüquq-mühafizə orqanları demək olar kənara çəkilmişdilər, çoxları, bəzi dövlət məmurları kimi, açıq şəkildə "demokratik" qüvvələrlə əməkdaşlıq edirdilər". Sual olunur-dövlət məmurları və hüquq-mühafizə orqanlarında çalışanlar da, sənin dırnaqda görmək istədiyin qüvvələrlə eyni Vətəni, eyni Torpağı bölüşmürlərmi? Və yaxud eyni xalqın övladları tək xalqının sevincində də, faciəsində də birgə olmaq məsuliyyətini daşımırlarmı? Təbii ki, onlar həmin vaxt çəkici bir zindana vurub, Vətəni imperiyanın caynağından qurtarmağa çalışmalıydılar və çalışdılar. Məhz Azərbaycan xalqının birliyi sayəsində Sovet imperiyasının əsil üzü açıldı. Bəlli oldu ki, bu imperiya 70 il ərzində əsarəti altında saxladığı xalqların varını-dövlətini talamaq, ziyalısını həbslərdə çürüdüb, onlara "vətən xaini" damğasını vurmaq, azadlıqlarını, müstəqilliklərini əllərindən almaq, tarixini saxtalaşdırmaqla məşğul olub.
20 Yanvar hadisələrində imperiyanın siyasətini darmadağın edən Azərbaycan xalqına dünya tərəfindən qiymət verildi. Və İlin Xalqı adına layiq görüldü. Bəli, həmin gün Azərbaycan xalqı ürəyinin səsinə səs verib ayağa qalxdı və qalib oldu. Qalib xalqın arasında "məsuliyyətsiz" insanlar aramazlar, məsuliyyətsiz məmurlar arayarlar. Onlar da nə zamansa tarix qarçısında cavab verəcəklər.Necə ki, Xocalıda baş verənlərə görə sən cavab verirsən. Cavabların isə əməllərinlə vahdət təşkil eləmir.