Təhsili yarımçmıq qoyub döyüşə atıldı… Hadisə

Təhsili yarımçmıq qoyub döyüşə atıldı…

Vətən yolunda canında keçənlər ölmürlər. Onlar Vətənin səmasında parlaq Günəşə çevrilib əbədi yaşamaq hüququ qazanırlar.
1997-ci ildə Masallı rayonunun Banbaşı kəndində dünyaya göz açan Elmir Gündüz oğlu Akifzadə 30 il düşmən tapdağında qalan yurd yerimiz Qarabağ naminə müharibə meydanında düşmənə qan qusdurub tarix yazdı. Elmir müharibəyə Vətəni öz qanı bahasına yaşadan qeyrətli oğulların sırasına könülü qatılmışdı. Belə ki, o, Rusiya Federasiyasının Kazan şəhərində ali məktəb tələbəsi idi. Özü də Aprel döyüşlərinin qalibi kimi Vətəndən getmişdi. Uzaqlarda olsa da, xəyalı həmişə Qarabağı oymaq-oymaq dolaşır, özünü azğın düşmənlə döyüşməhazırlayırdı. Düşmənin sentyabrın 27-də cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini, yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuzun Ali Baş Komandanın əmri əsasında əks-hücuma keçəndə bütün rahatlığını qoyub geri döndü. Yaxşı dərk edirdi ki, Vətənin ağır günündə ona cəsarətli oğullar lazımdır.
Elmir Vətənə gələn kimi düşməni məhv etmək üçün odun-alovun içinə girir. Düşmənə qarşı cəsarətlə, qələbəyə inamla vuruşur. “Vətən yaşasın”, deyə əzablı yollardan keçir. Çox keçmir Füzuli, Cəbrayıl azad olunur. Tezliklə müharibənin qələbəmizlə bitməsini hiss edən Elmir işğalçılardan hər qarış işğal olunan Vətən torpağının qisasını arzuladığı qaydada ala bilir. Qana susayanları qanda boğa-boğa qələbəyə doğru can atır. Oktyabrın 7-də Xocavənd-Hadrut istiqamətində gedən ölüm-dirim savaşında igidliyə görə fərqlənir, düşmənə xeyli sayda itki verir. Təəssüf ki, bu Elmirin son döyüşü olur. Doğma torpağa uğrunda axıtdığı qızıl qanı ilə 23 yaşında Vətənə olan sevgisini əbədi möhürləyir.
Onu da deyim ki, Elmirgil ailədə iki bacı, bir qardaş olublar. Şəhid bacısı Çinarə Cəfərova qardaşı haqqında deyir: - Qardaşım olduqca vətənpərvər, xalqının ləyaqətini uca saxlayan oğlan idi. Vətənə məhəbbətindən danışmaqla qurtaran deyil. Elə ali təhsil almaqda məqsədi bacardıqca yaxşı işlər görməklə insanlara gərək olmaq, elinə fayda vermək idi. Müharibəyə yola düşəndə anama bildirdi ki, mən torpaq uğrunda döyüşə gedirəm, əgər şəhid olsam, bunu özünüzə şərəf bilin və məzar daşıma ən gözəl şəkilimi vurarsan... Qardaşım bu işıqlı dünyada cəmi 23 bahar gördü. O, yaşının çərçivəsinə sığmayan bir əməl qoydu... Onun yoxluğu ilə barışmaq mənə çox ağırdır. Amma bütün Azərbaycan xalqı, Masallı sakinləri kimi mən də qəhrəman, Vətən sevdalısı qardaşımla fəxr edirəm. Həm də belə bir igidin bacısı olduğuma görə özümü dünyanın ən qürurlu insanı sayıram. Qardaşımın dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda” medalının da bizim üçün qiyməti yoxdur...”
Xatırladaq ki, Elmir Akifzadə 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində anadan olub. 2004-2015-ci illərdə Banbaşı kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə isə Kazan Universitetinə daxil olub
Elmir Akifzadə 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.
Azərbaycan Ordusunun əsgəri olan Elmir Akifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Akifzadə oktyabrın 9-da Hadrut döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Akifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü