Vətənə sədaqət andı Hadisə

Vətənə sədaqət andı

Emil Vaqif oğlu Qurbanov İkinci Qarabağ müharibəsində qanı ilə tarix yazan igidlərdəndir. İndi oğulub boya-başa çatdığı Lənkəranda adı çəkiləndə hamı qürur hissi keçirir. Emil şəhidlik zirvəsinə ucalanda ömrünün 40-cı ilini yaşayırdı. O, həyatını Vətəninə həsr edib bu işıqlı dünyadan getdi. Odur ki, nə qədər Azərbaycan var, Emil də ürəklərdə yaşayacaq.
Emil Qurbanov orta təhsilini başa vurub Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisası üzrə Lənkəran Dövlət Universitetinə qəbul olunur. Universiteti bitirdikdən sonra, Emil 2002-ci ildə ordu sıralarına yola düşür. Vətənini göz-bəbəyi kimi qoruyur, xidmət etdiyi hərbi hissədə son dərəcə mərd, cəsur, ağıllı, vətənpərvər bir gənc kimi tanınır. Baş leytenant rütbəsində ona həvalə olunan tağım komandiri vəzifəsini layiqincə yerinə yetirir. Tabeliyindəki əsgərlərə tələbkarlıqla yanaşmaqla bərabər, onlara böyük qardaş qayğısı göstərir.
Həqiqi hərbi xidmətdən sonra Emil Qurbanov Lənkəran Şəhərində Zirvə İdman Kompleksində baş məşqçi işləyir. Onun bütün arzularının zirvəsində vətənin, xalqının xoşbəxtliyi durur. Elə bu nəcib məqsəd naminə yaxşı idmançılar yetişdirməyə çalışır. Özü isə 2006-2007-ci illərdə Poverliftinq idman növü üzrə keçirilmiş yarışda 700 kq nəticədə 110 kq-lıq çəki ilə I yerə, 2008-ci ilin iyul ayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində keçirilən Bench Press üzrə 180kq nəticədə 110kq-lıq çəki ilə I yerə, həmin ilin noyabr ayında Uşaq Gənclər İdman Mərkəzində Milli Dirçəliş Gününə həsr olunmuş Yunan Roma güləşi üzrə keçirilən yarışda II yerə, Azərbaycan Respublikasının Kuboku Bench Press üzrə keçirilən yarışda 200 kq nəticədə 110 kq-lıq çəkidə II yerə, eləcə də 2011-ci ilin mart ayında Azərbaycan Gənc İdman növləri Benc Press üzrə 200 nəticədə 110 kiloluq çəki ilə I yerə, avqust ayında isə 210 kq nəticədə 110 kq çəkidə II yerə layiq görülür. Nailiyyətləri artdıqca Lənkəranda insanların ona ola məhəbbəti də çoxalır. 2012-ci ildə Emil Lənkəran şəhər 7 saylı tam orta məktəbdə hərbi müəllimi və təlim-tərbiyə üzrə direktorun müavini vəzifəsinə göndərilir. Burada da həvəslə çalışır, idmanda qazandığı uğurların sayı bilinmir.
Erməni işğaıçıları ötən ilin sentyabrın 27-də Azərbaycan torpaqlarına təcavüz edəndə Emil könüllü torpağı qani ilə Vətən edən oğulların sırasına qoşulur və düşməndən öz intiqamını alana qədər vuruşacağına söz verir. Müharibə meydanında qəhrəman komandir Emil yağının başına od ələyir. Onun zərbi qarşısında tab gətirə bilməyən düşmən silah-sursatını atıb qaçır. Emil düşmənlərə qəbir qaza-qaza Qarabağın işğal altında olan yaşayış məntəqələrini, strateji yüksəklikləri alınmasında sözün əsl mənasında qəhrəmanlığı ilə tarix yazır. Yaxşı döyüşməklə bərabər, həm də dəfələrlə yaralı əsgərləri ağır döyüş meydanından çixarır. O, Cəbrayılın, Qubadlının alınmasında daha çox fədakarlıq göstərir. Özü şəhid olsa da, hünəri, şücaəti komandirlə çiyin-çiyinə döyüşən silahdaşlarını qələbəyə doğru aparır...
Şəhid baş leytenantın həyat yoldaşı Vüsala xanım deyir: - Emil ailəsinə bağlı olmaqla, Vətənini, xalqını da çox sevirdi. İdmanda qazandığı uğurlara görə ona bütün Lənkəran camaatı hörmətlə yanaşırdı. Emil isə əlinə silah alıb döyüş meydanında olmaq, düşmənlə üz-üzə gəlib onu əzmək arzusu ilə yaşayırdı... Arzusunu yerinə yetirdi. Əvvəllər onu mənim qədər sevən yox idi. İndi bütün Azərbaycan öz igid oğlu ilə fəxr edir. Onsuz çətindir mənə... Emilin ünvanına deyilən sözlər qəlbimi dağa döndərir. Emilin aldığı “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə “, “Qubadlının azad olunmasına görə” medallara baxanda həmişə onun nurlu siması gözlərimdə canlanır.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü