Aksiz vergisinin artırılması... Hadisə

Aksiz vergisinin artırılması...

Vüqar Bayramov:"Siqaretin də qiymətində artımlara səbəb olacaq"

Natiq Cəfərli: "Azərbaycanda siqaretin və spirtli içkilərin bahalaşması gözlənilən qərar idi"

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu qərarla bəzi məhsullar üzrə aksiz dərəcələri kəskin artırılıb. Bir sıra mallarda isə əksinə, aşağı salınıb.
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, spirtli içkilərə və siqaretə tətbiq edilən aksiz vergilərinin artırılması bu məhsullara olan təlabatı azaldacaq: "Biz də ötən ilin sonunda spirtli içkilərə tətbiq edilən aksiz vergilərinin artırılmasını təklif etmişdik. Yerli istehsal olan spirtli içkilərin qiymətləri aşağı olduğu üçün onlara tətbiq edilən aksizlərin artırılması ilə qiymət artımlarına gedilməsi məqbul hesab edilə bilər. Eyni zamanda, bu addım spirtli içkilər qəbul edənlərin sayının azalmasına gətirib çıxaracaq. Yerli istehsal və istehlak olunan spirtli içkilərin qiymət artımı məqsədəuyğun bir addımdır.
Qiymət artımları, təkcə satış mağazalarında deyil, eyni zamanda, spirtli içkilər təklif edən restoranların menyularında da müşahidə ediləcək. Qiymət artımları satış yerlərində artıq müahidə olunur. Qısa müddətdə bu artım xidmət sferasına da transfer edəcək.
Aksiz vergisinin artırılması, təbii ki, siqaretin də qiymətində artımlara səbəb olacaq. Bu da siqaret çəkənlərin sayına və siqaret satışının həcminə təsir edəcək".
İqtisadçı ekspert deyib: "Yanvar ayından etibarən bir sıra aksiz markalarında artım müşahidə edilir. Buna səbəb isə neftin qiymətinin aşağı düşməsidir. Neftin qiymətinin düşməsi büdcəyə daxilolmaların azalmasına gətirib çıxaracaq. Həmin xərcin ödənməsi üçün indiki halda dövlətin tətbiq etdiyi əsas vasitə aksiz vergilərin artırılması ilə bağlı qərar qəbul etməkdir. Spirtli içkilərin qiyməti aşağıdır. Bunun üçün də həmin içkilərə təlabat artır. Qiymətin artması spirtli içkilərin istehlakının azalmasına gətirib çıxarır. Spirt və siqaretin ziyanını nəzərə alsaq bu birmənalı şəkildə arzuolunandır. Qiymətin artması istehlakın azalmasına gətirib çıxaracaq.
Aksiz vergilərin artırılması digər məhsulların qiymətində artıma gətirib çıxarmayacaq. Amma spirtli içkilərdən istifadə edənlər qiymət artımını restoranlarda da hiss edəcək. Spirtli içki, siqaret istifadə edənlərin xərclərində artım olacaq, lakin tütün və spirt məhsullarını istifadə etməyənlərin xərclərində dəyişiklik olmayacaq".
İqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki, Rusiyada spirtli içkilərin ucuzlaşması, bizdə isə əksinə, bahalaşması ölkəyə qeyri-leqal yollarla tütün məhsulları və spirtli içkilərin gətirilməsinin artımına səbəb olacaq. Ekspert bildirib ki, Azərbaycanda siqaretin və spirtli içkilərin bahalaşması gözlənilən qərar idi: "Çünki ötən il tütün və spirtli içkilərin aksiz vergilərinin qalxması haqqında ilkin məlumatlar dolaşırdı. Rəsmilərin açıqlmasında da bu fikirlər var idi və nəhayət, qərar həyata keçirildi. Hökumət neftin ucuzlaşması ilə əlaqədar büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün bu cür addımlar həyata keçirdir. Dünyanın bütün ölkələrində tütün və spirtli içkilərin qiymətini artırmaq büdcəni artırmaq üçün daha asan vasitələrdən biridir. Çünki bu məhsullar gündəlik daha çox satılır. Buna baxmayaraq, qiymətlərin artırılması ictimai qınağa səbəb olmur. Çünki bir çox insan tütün və spirtli içkilərin bahalaşmasını müsbət addım kimi dəyərləndirir. Buna görə də ictimai qınaq olmadığından bütün dünyada hökumətlər tərəfindən qiymətin artırılması problemsiz şəkildə həyata keçirilir ".
Ekspertin fikrincə, artırılan qiymətlərin statistikasından belə nəticəyə gəlmək olar ki, 1000 ədəd siqaretin aksiz markası təqribən 3 dəfəyə qədər qalxıb: "Amma təqribi hesablamalara əsaslansaq artım 25 % olacaq. Bundan başqa son qərarlarda ölkəyə gətirilən benzinin aksiz markalarında endirim olub. Ölkədə premium markalı benzinin qiymətində endirim görməliyik, amma çox təəssüf ki, bu müşahidə edilmir. Ola bilər ki, həmin qərardan sonra bu da həyata keçirilsin. Premium markalı benzinin qiyməti ucuzlaşsın. Çünki qonşu ölkələrdə məsələn; Gürcüstana nisbətən bizdə premium markalı benzin daha bahadır".
Ekspert qiymət artımı məsələsinin digər sahələrə təsir göstərməsindən söz açarkən deyib ki, bu, hökumətin aparacağı siyasətdən asılı olacaq: "Yəni vergi və gömrük tarifləri hansı sahələrdə daha kəskin şəkildə artacaqsa, o sahələrdə də qiymət artımı daha çox olacaq. Digər məsələ isə manatın kursu ilə əlaqədar olacaq. Manatın dəyəri avro və dollara nisbətdə ucuzlaşacaqsa, təbii ki, ölkəyə gətirilən məhsullarda da qiymət artımı özünü göstərəcək".

Əli