DİM: Bəzi dövlət orqanları xidməti fəaliyyətin qiymətləndirilməsində nöqsanlara yol verib Hadisə

DİM: Bəzi dövlət orqanları xidməti fəaliyyətin qiymətləndirilməsində nöqsanlara yol verib

Ötən il dövlət qulluğu xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair dövlət orqanları tərəfindən təqdim edilmiş hesabatların təhlili zamanı bir sıra nöqsanlar aşkar edilib.

APA-nın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2020-ci il üzrə hesabatında bildirilib.

Qeyd edilib ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsasən verilmiş qiymətlə bu nəticə üzrə tətbiq ediləcək tədbirlərdə uyğunsuzluq olduğu müəyyən edilib.

Məsələn, 3,4 balla qiymətləndirilən dövlət qulluqçusu barədə görüləcək tədbirlərdə şöbə müdiri vəzifəsinin tutulması məqsədilə ehtiyat kadrlar siyahısına daxil edilmə nəzərdə tutulub (Ağdaş RİH, №32). Həmçinin qiymətləndirmə nəticəsinə əsasən dövlət qulluqçusunun təlimə cəlb edilməli olduğu nəzərdə tutulsa da, əksər hallarda təlimin mövzusu barədə qeydlər aparılmayıb.

Bir çox dövlət orqanlarında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsasən verilmiş qiymətin əsaslandırılması düzgün qeyd edilməyib. Məsələn, 4,4 balla qiymətləndirilmiş dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiyməti “əla” kimi əsaslandırılıb (Göygöl RİH №3).

Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi, Ağdam Rayon İcra Hakimiyyəti, Goranboy Rayon İcra Hakimiyyəti, Ağstafa Rayon İcra Hakimiyyəti, Bakı Apellyasiya Məhkəməsi, Ağdam Rayon Məhkəməsi, Nəsimi Rayon Məhkəməsi, Cəlilabad Rayon Məhkəməsi, Gədəbəy Rayon Məhkəməsi, Kəlbəcər Rayon Məhkəməsi, Lənkəran Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş hesabatlarda qiymətləndirmənin nəticələrinə əsasən tətbiq ediləcək tədbirlər ümumiyyətlə nəzərdə tutulmayıb.

Hesabatların təhlili zamanı əsasən rəhbər vəzifə tutan dövlət qulluqçularının yüksək balla qiymətləndirildiyi, daha aşağı vəzifə tutan dövlət qulluqçularının isə aşağı qiymətlə qiymətləndirildiyi müəyyən edilib.

Məlumatlar öyrənilərkən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı aşağıdakı nöqsanlara yol verildiyi aşkar edilib: - Qiymətləndirilmənin nəticələrinə dair yekun hesabatlar 1 mart 2021-ci il tarixədək Mərkəzə təqdim edilməli olduğu halda bir sıra dövlət orqanları həmin hesabatları daha gec tarixlərdə təqdim ediblər;

- Bir sıra hallarda bilavasitə rəhbərlər tərəfindən dövlət qulluqçularının xidməti fəaliyyətinə qiymət verilərkən formal yanaşmalara yol verilib, dövlət orqanı üzrə bütün dövlət qulluqçularının xidməti fəaliyyətinə yüksək qiymət verilmişdir. Bununla da dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı bilavasitə rəhbər tərəfindən həddindən artıq yumşaqlıq (Excessive Lenience) adlanan mümkün səhvə yol verilib;

- Bir sıra hallarda dövlət orqanı üzrə bütün dövlət qulluqçularının xidməti fəaliyyəti orta qiymətlə qiymətləndirilib. Bununla da dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı bilavasitə rəhbər tərəfindən mərkəzi tendensiya (Central Tendency) adlanan mümkün səhvə yol verilib;

- Bir sıra hallarda dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq onun barəsində tətbiq olunması nəzərdə tutulan tədbir həmin qiymətə dair “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” ilə müəyyən edilmiş tədbirlərə uyğun seçilməyib;

- Bir sıra hallarda dövlət qulluqçusunun iş fəaliyyətinin və bacarıqlarının təkmilləşdirilməsinə ehtiyac olduğu qeyd olunsa da, təkmilləşdirilməli olan bacarıqlar qeyd olunmayıb.